Fəlsəfə xırdalamaq…

Fəlsəfə xırdalamaq…

Gündəlik həyatımızın hansı sahəsində olursa-olsun tez-tez rastlaşdığımız ifadələrdən biri belə olur: “Bəsdir bu qədər “fəlsəfə xırdaladıq”, indi iş görmək zamanıdır” yaxud da “yetər bu qədər fikirləşdik, iş görmək lazımdır” və sairə. Əlbəttə hər fikir öz içərisində müyyən miqdarda həqiqət payı daşıya bilər.

 Ancaq açıq etiraf etmək lazımdır ki, mən belə düşünənlərdən deyiləm. Hər hansı bir işə bismillah eləməmişdən qabaq, yetərincə düşündüyümüzü, hətta “düşündüyümüzü” belə zənn etmirəm. Bu gün belə  ehtiyac hiss etdiyimiz ilk şey tariximizi, dünənimizi və bugünümüzü yenidən düşünməkdir. Bu düşünmə keçmişi ucaltmaq, müqəddəsləşdirmək və ona tapınmaq üçün yox, dərs çıxarmaq, gələcəyi qurmaq və gözəlləşdirmək üçün olmalıdır. Çünki tariximizin dərinliklərində üstünü toz basmış əsas mənəvi dəyərlərimiz yatarkən, son istifadə tarixi çoxdan bitmiş lüzumsüz düşüncələr, gərəksiz qürurlanmalar və batil əqidələri bugünümüzə daşımışıq.

Əlbəttə ki, burada “düşünmə” sözündəki əsas məna hinduşkavari (hind toyuğu sayağı) düşünmə tərzi deyil. Hinduşkavari düşünmə tərzi demişkən:

  Günlərdən bir gün, Molla Nəsrəddin  evə ayın-oyun almaq məqsədilə bazarda satmaq üçün bir hinduşka  aparır bazara. Molla bazarda bir qrup əhalinin bir yerə cəm olub, “danışan” tutuquşuya baxdıqlarını görür. Dəllal satıcı tutuquşunun dediyi hər kəlmədən sonra qiymətini bir az da yüksəldir. Hər kəs tutuquşunun müştərisinə çevrilir. Di gəl ki, Mollanın tutuquşudan 10 dəfə ucuz olan  hinduşkasına “baxan” tapılmır. Molla onlara yaxınlaşıb tutuquşuya olan rəğbətin səbəbini soruşur. Cavabı hamıda eynidir: “Görmürsənmi, o danışı?” Molla da öz hazırcavab və müdrikyana məziyyətilə onlara deyir: “Ay balam, o danışır, bu da fikirləşir də!” Beləcə, Molla bu hadisədən sonra kəlmə xəzinəmizə yeni bir termin ərmağan etmiş olur: “Hinduşkavari düşünmə”. Hindişkalar da düşünür. Plansız, proqramsız, metodsuz və məqsədsiz. Keçmişi sadəcə düşünürlər və sadəcə keçmişi düşünürlər. 

  Elə isə nədir hinduşkavariyə alternativ olan düşünmə!? İkinci düşünmə tərzi analitik  düşünmədir. Elm əhli bəzən buna məntiqi və metodik düşünmə tərzi də deyirlər. “Düşünürəm, elə isə varam” (cogito ergo sum) deyən Dekartdan sonra metodik düşünmədən geniş bəhs olunmağa başlanmışdır. Ümumilikdə qəbul olunan fikrə görə analitik düşünmənin tərkib hissələri rasionallıq, tutarlılıq, əhatəlik, obyektivlik və açıqlıqdır. Qısaca desək; rasionallıq hər hansı bir fikri qəbul və ya rədd etmək üçün əqli dəlillərə sahib olmaqdır. Tutarlılıq, düşünmə prosesinin bütün anlarında eyni həqiqətə sadiq qalmaq, öz içərisində ziddiyyətə düşməməkdir. Əhatəlilik, bir fikir, hadisə, şəxs barəsində mövcud ola bilən bütün məlumatlara sahib olmaq və düşünmə prosesində hamısını nəzərə almaqdır. Obyektivlik fikrin lehində və əleyhində olan dəlillərə eyni məsafədə dayanmaq və öz şəxsi (subyektiv) fikrini haqlı çıxarmaq məqsədilə dəlilləri məcbur etməməkdir. Açıqlıq düşünmə prosesinin həm özünü, həm də son nəticəsini mümkün qədər açıq, ixtilafsız və mübahisəsiz ifadələrlə ortaya qoymaqdır.

Bir haşiyə çıxaq: Fəlsəfənin uğradığı ən çox təəssüfverici böhtanlardan biri, onun çox bulanıq və mürəkkəb olmasıdır. Hətta bəzən anlamadığımız mənasız ifadələr belə sırf anlaşılmaz olduğu üçün fəlsəfi adlandırıla bilir. Halbuki fəlsəfi düşünmə prosesinin “olmazsa-olmaz” hesab olunan prinsipi açıqlıqdır. Amma əgər həqiqət özü mürəkkəb və bulanıqdırsa burada fəlsəfəni günahlandırmaq doğru olmaz. Çünki ağla uyğun olan budur ki, əgər insan bir şeyi anlamırsa, anlamadığı şeyi yox, özünü günahlandırmalıdır. 

Hər şeyi anlamış kimi görünmə son dövrün dəbdə olan hadisələrindən biridir. Yaranma tarixi daha qədim dövrlərə, təxminən Sokrat dövrünə qədər gedib çıxır. Dahi Sokrat bütün ömrünü “bildiyini zənn edən insanlara” nəyi bildiklərini və nəyi bilmədiklərini bildirməyə həsr etmişdi.

İnsanlara bildiklərini və bilmədiklərini metodik şəkildə öyrətmə vəzifəsini yerinə yetirən elm şübhəsiz ki, Sokratın da təmsil etdiyi fəlsəfədir. Təəssüflər olsun ki, cılızlaşan insan oğlunun ən çox qorxduğu və qaçındığı elmlərin başında da fəlsəfə gəlir. “Fəlsəfə xırdalamaq” dediyi şeyin əsl insan həqiqəti olduğunu anlamır. Çünki insan oğlu həqiqətlə üzləşməkdən qorxur. Öz qınına çəkilib təhlükəsiz yaşamağı seçir. Dünyada savaşmayan tək şeyin ağıl olduğunu unudur. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz