ÖYRƏNDİYİM ƏN GÖZƏL ŞEY – ÜMİD ...

ÖYRƏNDİYİM ƏN GÖZƏL ŞEY – ÜMİD ...

Müvəqqəti qonağı olduğum bu dünyada çox şeyləri öyrəndim. Heç öyrənmək belə istəmədiyim şeyləri öyrətdi mənə bu dünya. Ətrafımdakı ən yaxın insanlar yaxşıları öyrətməyə çalışıb, yaxşıları öyənməyə təşviq etdilər. Bir gün qarşıma çıxacaq pislərdən heç bir xəbər verən də olmadı. Dünyanın iki tərəfinin olduğundan, pislərdən yaxşılara, yaxşılardan pislərə yuvarlanacağımdan xəbərsiz yaşadım dünyada.

Və bir gün gəldi, sonsuz bir qaranlığın içindən doğuldum, işığı gördum, qorxdum.

Ağladım. Xəbərsiz olduğum dünyada, dəvətsiz qonaq kimi yaşamağa başladım. Zamanla işıqda yaşamağı öyrəndim. Qaranlığı gördüm, qorxdum. Gün gəldi sonsuz qaranlığa yola saldım sevdiklərimi...

Ağladım...

Bütün sevdiklərimi itirəcəyimdən, onları bir daha görməyəcəyimdən qorxa-qorxa yaşadım unudanlar arasında. Bir gün arxalarından ağlayıb, sonra da unutduğum insanlar kimi bir gün unudulacağımdan qorxdum. Bu qorxular içərisində yaşamağı öyrəndim. Yeni iməkləməyə başlayan körpələr kimi iməkləyə-iməkləyə başladım yaşamağa. Doğumun, həyatın bitməyə başladığı an olduğunu; aradakı bölümün, ölümdən oğurlanan zamanlar olduğunu öyrəndim.

Zamanı öyrəndim. Yarışdım onunla... Zamanla yarışılmayacağını, zamanla barışılmayacağını zamanla da öyrəndim. Ömrümün bir an olduğunu o anın da bu an  olduğunu öyrəndim. Zamanın içərisində qocaldığımı, arxada qoyduğum illərin bir daha geri qayıtmayacağını boşluqlara qurban verdiyim gənclik illərim öyrətdi mənə.

 İnsanı öyrəndim. Sonra insanların arasında yaxşıların və pislərin olduğunu... Sonra da hər insanın içində yaxşılıq və pisliyin olduğunu öyrəndim. Yaxşıların hər zaman pislərə qalib gəldiyini də öyrəndim. Pislərin yaxşılardan yaxşı yaşadığını bilə-bilə.

Sevməyi öyrəndim. Sonra güvənməyi... Sonra da güvənin sevgidən daha qalıcı olduğunu, sevginin güvənin sağlam çiyinləri üzərində qurulduğunu öyrəndim. Pula satılan sevgilərin bir gün pulun dəyər itirdiyi kimi dəyərini itirdiyinin də şahidi oldum. Fani sevgilərdən, baqi sevgilərə ucalan sevginin aşiqi oldum.

 İnsanın bədənini öyrəndim. Sonra bədənin altında bir ruh olduğunu... sonra da ruhun əslində bədənin üzərində olduğunu öyrəndim. Ruhun tərk etdiyi bədənlərin beş qəpiklik dəyərinin olmadığını gördüm. Nəfəssiz bədənlərin soyuqluğunda üşüdü düşüncələrim.

Kainatı öyrəndim. Sonra kainatı aydınlatmanın yollarını öyrəndim. Sonunda kainatı aydınlada bilmək üçün əvvəl çevrəni aydınlatmaq lazım olduğunu öyrəndim. Çevrəni aydınlatmaq üçün də ilk əvvəl özümdən başlamağımın fərqinə vardım.

Çörəyi öyrəndim. Sonra barış üçün çörəyin çoxalmasının lazım olduğunu, sonra da çörəyin haqqını verməyin onu çoxaltmaqdan önəmli olduğunu öyrəndim. Bir tikə çörək üçün bir-birinə düşmən olan insanları gördüm. Qarının qardaşdan qabaq, qardaşın da qarına möhtac olduğunu göstərdi bu dünya mənə.

Özümə yazmağı öyrətdim sonra... Və bir müddət sonra yazmaq özümü öyrətdi mənə. Mənim əslində mən olmadığımı, varlığımı yazdıqlarımla ifadə edə bilməyəcəyimi öyrətdi mənə qələmim.

Düşünməyi öyrəndim. Sonra qəliblər içində düşünməyi öyrəndim. Sonra sağlam düşünmənin qəlibləri qıraraq düşünmək olduğunu öyrəndim. Yüz fikrin bir işin öhdəsindən gələməyəcəyinin də şahidi oldum.

Namusun önəmini öyrəndim... Sonra namusu olmayandan namus gözləməyin namussuzluq olduğunu, əsl namusun isə günah əlinin altındaykən, günaha əl toxundurmamaq olduğunu öyrəndim.

Həqiqəti öyrəndim... Sonra həqiqətin acı olduğunu... Sonra acının yeməkdə olduğu qədər həyata da ləzzət qatdığını öyrəndim. Hər canlının ölümü dadacağını, amma sadəcə bəzilərinin həyatı dadacağını öyrəndim.

Dirilərin ölülərin gözlərini bağlaya bildiyini, lakin ölülərin dirilərin gözünü aça bilmədiyini öyrəndim.

Bundan sonra bizə "Niyə yazırsınız?" deyənlərə, öyünə-öyünə "Xilas olmaq və xilas etmək üçün" deyə bilərik.

"Elə şey olar?" deməyin, bu ümid dünyasıdır, niyə də olmasın ki!

Yazdığımız və yazmağa çalışdığımız İslamın həqiqətləri olduğuna görə, bu yazdıqlarımız bəlkə oxunacaq, yazdıqlarımızı bəlkə oxuyanlar arasında bəlkə anlayanlar olacaq, yazdıqlarımızı bəlkə oxuyub, bəlkə anlayanlar arasında, bəlkə yaşayanlar olacaq və məhz onlar, - bu üç “bəlkə” əngəlini aşan bilən igidlər, - xilas olacaq, xilas ola biləcəklər elə deyilmi?

Artıq sözü uzatmağa ehtiyac yoxdur!

Bu sətirləri bəlkə oxuyub, bəlkə anlayanlar, bəlkə qələmimizin ucundakı o kiçik ümidi də görüblər!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz