XOCALI QARTALI
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin xatirəsinə (1953-1992)
- Komandir! Bəlkə bir az dincələsiniz?..
Başını oturduğu yerdə söykəndiyi divardan araladı. Bığaltı gülümsəyib qətiyyətli bir səslə dedi:
- Nə dincəlmək, əsgər? Dayanmadan vuruşmalıyıq, yorulmadan! Sən mövqeyinə qayıt!
- Oldu, yoldaş mayor! – deyərək əsgər gətirdiyi içi dolu darağı stolun üstünə qoydu, soyuqdan donduğu üçün tam olaraq aça bilmədiyi əlini cəld gicgahına qədər apardı, geri çevrilib sürətli addımlarla uzaqlaşdı. Onun uzaqlaşdığına əmin olduqdan sonra Əlifin üzünü yenidən kədər, narahatlıq və dərin fikirlər bürüdü. Əsgərə nikbin görünmək, ümid və cəsarət vermək üçün özünü gülümsəməyə məcbur etsə də, vəziyyətin həddən artıq gərgin olduğunun fərqində idi. Dünən gecədən səhərə kimi vuruşmuşdular. Yorğunluq onun üçün mühüm deyildi. Yeri gəlsə, həftələrlə yatmaz, gecələr səhərə kimi döyüşər, hiddətindən qaralıb şimşəklər çaxan bulud kimi düşmənə ölüm yağdırardı. Amma indi həm döyüş sursatı azalmış, həm də heyətində təkcə 20-yə yaxın adam qalmışdı.
Bir-iki güllə səsi eşidildi. Arxasınca darağı axıra kimi boşaldılan avtomatın səsi. Sonra yenə bir-iki əl atəş açıldı. Avtomat susdu.
Əlif gülümsədi. Bu səfər həqiqətən gülümsəyirdi. Yadına bir il əvvəl hava limanının müdafiəsi üçün əl atdığı fənd düşmüşdü. Belə ki, ermənilər bu bölgəni ələ keçirmək üçün vertolyotla döyüşçü gətirib tökmüşdülər; sayları 100-ə yaxın idi. Bir də vaxt vermişdilər ki, saat ona kimi buranı boşaldın. Növbədə olan 30 əməkdaşı ilə onlara qarşı dirənmək heç də asan olmayacaqdı. Həmin an ağlına yaxşı bir fikir gəldi. Cəld binanın səsgücləndirici yerləşdirilən otağına yönəldi. Sanki erməni döyüşçülərin tələblərinə məhəl qoymurmuş kimi səsgücləndiricini işə salaraq əmrlər verməyə başladı: “Filan batalyon, girişə nəzarət edin! Filan batalyon, siz arxa tərəfi qoruyun! Filankəs, filankəs, dəstəni hücuma hazırla!..” Onun gur səsini eşidən ermənilər elə bilmişdilər ki, hava limanını böyük bir briqada müdafiə edir. Buna görə də döyüşə girməyə cəsarət etməyib geri çəkilmişdilər.
- Ay sizi qorxaqlar! Görəsən, indi arxanıza kimi alıb gəlmisiniz? – bu sözlər onun hiddətlə sıxılmış dişləri arasından zorla çıxa bildi, hirsindən döşəməni yumruqlayıb ayağa qalxdı. Səhərə kimi davam edən atışmada çilik-çilik olub döşəməyə səpələnən şüşə qırıqları yumruğuna saplansa da, buna əhəmiyyət vermədi. Nə acı hiss edirdi, nə də yorğunluq. O, Əlif idi. “Əlif” dümdüz yazılır, əsla əyilməz. O da əyilə bilməzdi, axıra kimi döyüşəcəkdi. Cəld addımlarla aşağı enən pilləkənlərə yönəldi.
Gözləmə zalına çatanda yaxınlıqdakı əsgərlər həyəcanla ətrafını sardılar. Bu ucaboy, yaraşıqlı komandirin gözlərindəki cəsarət onlara böyük bir inam və ümid verirdi. Onu tanıyanlar heç həbsə düşdüyü illərdə də boynunu bükdüyünü görməmişdilər. Əlif ermənilərin xainliyindən, bəd niyyətlərindən hələ Qarabağ hadisələri başlamamışdan əvvəl xəbərdar idi. Belə ki, 1984-cü ildə itkin düşən bir uşağın xilasetmə əməliyyatı zamanı bunun ermənilər tərəfindən pul müqabilində törədildiyini aşkarlamış, onların gizli təşkilatlarından xəbər tutmuşdu. Bir milis işçisi olaraq bu təşkilatları ifşa etmək, kirli əməllərinin üstünü açmaq istədiyi üçün böhtanla həbsə atılmışdı. Altı il həbsdə qalmışdı. Həbsdən bəraətlə çıxdıqdan sonra, 1990-cı ildə yenidən Qarabağa, doğma yurdu Xocalıya qayıtmışdı. Tezliklə polis orqanlarında xidmətə bərpa olunmuş və Xocalı təyyarə limanında rəis vəzifəsinə təyin edilmişdi. İndi Əlif Hacıyev Xocalı aeroportunun hərbi komendantı idi. Onun təyinatı ilə ermənilərin aeroporta nəzarətinə son verilmişdi.
Uzaqdan tank səsləri eşidildi.
- Ola bilməz! – Əlif hirsindən alt dodağını çeynəməyə başladı. Əsgərlər görməsin, onun narahatlığını sezməsin deyə əlini nazik bığlarına aparıb sığal çəkdi. – Ağır bombardmana başlasalar, mülki əhalinin vəziyyəti necə olacaq? – dedi.
Ayağındakı yaranı bağlamaq üçün sarılmış qırmızı binti (sarılmadan əvvəl ağappaq idi) bir az da bərkitməyə çalışan yaşlı gizir binti sıxa-sıxa dilləndi:
- Komandir, bəs kömək gələcəkdi, harda qaldılar?
- Vəziyyəti mərkəzə izah etmişəm, - Əlif bacardığı qədər mətin görünməyə çalışırdı, - artıq fevralın 25-i olub, yəqin ki, yaxında gəlib çatarlar! Siz bunu fikirləşməyin. Camaatın təhlükəsizliyi üçün tədbir tökməliyik.
Limanın həyətinə düşən top mərmisi onların söhbətini böldü. Arxasınca digər iri çaplı silahlar dilləndi. Dərhal mövqe tutub cavab atəşi açmağa başladılar...
Gün boyu davam edən atışmalar heç xeyrə əlamət deyildi. Gözlənən kömək də gəlməmişdi. Hər ehtimala qarşı, məxfi sənədlərin etibarlı bir yerə köçürülməsi lazım idi. Lakin Xocalı mühasirədə idi, özlərinin də həyatda qalma ehtimalı get-gedə azalırdı. Əlif lazım olan bütün sənədləri və texniki vasitələri dispetçer otağına yığdı və düşmənin əlinə keçməməsi üçün onları məhv etmək qərarına gəldi.
Bir az sonra hava limanının dispetçer otağında böyük bir partlayış baş verdi. Arxasınca Əlif koridorda görünəndə hər kəs dərin nəfəs aldı.
Tezliklə əhalinin Ağdamın Şelli kəndinə doğru yola salınması üçün işlər başladı. Bütün yollar tutulduğu üçün geriyə dağ yolu və ara cığırlar qalmışdı. Bu yolları hər kəs bilmədiyi üçün Əlif özü şəxsən əhalinin sağ-salamat yola salınması işində iştirak etdi. Nə biləydi dağlarda da düşmən əsgərlərinin onların yolunu kəsəcəyini, qanını içəcəyini.
Təslim olmaq, yaxud qaçmaq Əlifə xas bir xüsusiyyət deyildi. İndi döyüşməyə davam etmək üçün geri qayıdırdı. Atışma başladı. Bir azdan avtomatın gülləsi qurtardı. Gödəkcəsinin cibindən digər darağı çıxartdı, bir an ayaq saxladı ki, darağı yuvasına yerləşdirsin. Nə oldusa, o an oldu. Sinəsinə saplanan düşmən gülləsi onu duruxdurdu. Yaxınlıqdakı böyürtkən kolunun arxasına keçmək istədi, lakin yeriyə bilmədi.
Həmin an papağına əl atdı ki, yerə düşməsin. Sonra yadına düşdü ki, yolda gələrkən onu balaca bir oğlana vermiş və demişdi: “Qayıtsam, papağımı qaytararsan; qayıtmasam, yadigar saxla!”
Səndələdi, yıxıldı. Qanı qarışdı doğma torpağına. Onun qanıyla sulandı bu vətənin gülü də, tikanı da. İmzasını atdı bu torpağın, bu xalqın qan yaddaşına.
ŞƏRHLƏR