MUHAMMƏDİ QƏLBİN OXUNMAMIŞ SƏHİFƏLƏRİ

MUHAMMƏDİ QƏLBİN OXUNMAMIŞ SƏHİFƏLƏRİ

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərdiyi peyğəmbəriyəm. Göylərin və yerin hökmü Onundur və Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Ona görə də Allaha,  Onun sözlərinə inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz”. (əl-Əraf, 158)

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

 Yaşadığımız bu imtahan dünyasında insan övladının əldə edəcəyi ən böyük nailiyyət Rəbbini və Rəsulunu tanımaq, Rəsulun gətirmiş olduğu haqq dinə tabe olmaq və onu əzmlə yaşamaqdır. Lakin hamı bilir ki, bu söylədiklərimiz sözdə asan, əməli müstəvidə isə olduqca mürəkkəb, insan övladından olduqca böyük bir fədakarlıq tələb edən qulluq imtahanıdır. Bu mürəkkəb həyat səhifələrini qiyamətə kimi gələcək nəsillərə nümunə sayılacaq canlı bir qulluq sərmayəsi olaraq doldurmaq və hikmət yayan bir dəvət rəhbəri olaraq bəşəriyyətin istifadəsinə təqdim etmək Rəsulullaha (s.ə.s) və onun şanlı səhabə toplumuna müyəssər olmuşdur. Çünki onlar Rəsulullahın (s.ə.s) zahiri yaşantısı ilə birgə zəmanəmizdə çoxları üçün əlçatmaz sevda olan Muhammədi qəlbin batini həyəcanına talib olma yarışında fani kimliklərini fəda etmiş Haqq aşiqləridir. Rəbbimizin seçmiş olduğu bu qulları tərif edən İbn Məsud həzrətləri belə buyururdu:

“Uca Allah (c.c) xəlq etdiyi qullarının qəlblərinə baxdı. Hz. Muhammədin (s.ə.s) qəlbinin ən gözəl qəlb olduğuna fərman verincə onu Özünə seçdi və peyğəmbər olaraq göndərdi. Sonra Həbibinin qəlbi xaricində Rəsuluna səhabə olacaq  gözəl qəlblərə fərman verincə onları da peyğəmbərinin vəzirləri və yardımçıları etdi”. (ət- Təbsira, 1, 477)

Hz. Muhamməd əleyhissalamın qəlbləri Qəlbindəki mərifət nuru ilə yoğuraraq kamillik zirvəsinə ucaltması hadisələrin canlı şahidi olan Hz. Əlidə belə, zəmanəmizin ifadəsi ilə desək, şok effekti yaratmışdı. Hz. Əli belə buyururdu: “Vallahi, Rəsulullahın səhabələrində bir iz gördüm. Təəssüf ki, onlara bənzəyən heç kimsəni görə bilmirəm. Vallahi, onlar toz-torpaq içində saçları dağınıq və üzləri solğun olaraq sabahlayardılar. Allahın kəlamını oxuyaraq qiyam və səcdə halında Rəblərinin möhtəşəmliyi qarşısında özlərindən gedərdilər. Gözlərindən boşalan yaşlar üst-başlarını isladardı. Vallahi, müdhiş qulluq həyəcanına mənliklərini fəda edən o ərlər buna müqabil özlərini Rəblərindən qafil olaraq sabahlamış kimsələrdən sayardılar”.

Söylənənlər bir daha onu göstərir ki, Rəsulullahın (s.ə.s) qəlbi çırpıntılarına, nəhəng qulluq həssasiyyətinə talib olmaq adəm övladından möhtəşəm bir ədəb və təslimiyyət səfərbərliyi tələb etməkdədir. Məqaləni hazırlayarkən qarşıma çıxan məşhur fizik Eynşteynə aid edilən bir hikmət lövhəsini nəzərinizə çatdırmağı özümə borc bildim. Çünki Rəsulullahın (s.ə.s) mübarək qəlb aynasında cərəyan edən həqiqətlərə təmas etmə fədakarlığına can atan birisinin ilk addımında bu lövhədə bəhs edilən əxlaqi dürüstlüyə sahib olması necə də gözəl olardı: “İnsanlar ağızlarından çıxan cümlələrin, beyinlərindən çıxan düşüncələrin bütün kainatı dolaşıb özlərinə təkrar geri döndüyünü bilsəydilər, əminəm ki, daha çox diqqətli olardılar”. Lakin bu məlumat belə idrakımız qəflət zindanında qaldıqca sadəcə bir məlumat olaraq öz soyuq və mərhəmətdən məhrum üzü ilə mənəvi tərəqqimizi imkansız edəcəkdir. Odur ki, qəflətimizi ilahi eşq atəşi ilə silib süpürən mənəviyyat günəşlərinin ətrafında məna pərvanəsi olmağa tələsək. Mövlana həzrətlərinin bu açıqlaması, ifadənin, məntiqin nə qədər anlamlı və gözəgələn olursa olsun,  qapalı qəlbin onu oxumayacağını anladan ibrətamiz bir misaldır:

 “Övladım! Könül telini hər mizrab çala bilməz. Dünya bir mənlik bazarıdır. Nəfsini Haqqa qurban edərək satmasan, eşqi ala bilməzsən. Sənin sevgi suyun olmasa, gül bağçan şoranlaşıb tikanlarla dolu bir çöl olar. Odur ki, torpaqdan, atəşdən, sudan və rüzgardan tikilmiş olan bədən libasını çıxart, at. Torpaqla səmimi dost ol, nəfsinlə ayaqlar altında əzil. Sonra da bir anda qalxaraq, iki dünyanın hüdudunu aşaraq uzaqlara doğru qanadlan. Bil ki, hər şey canlıdır və bütün varlıqlar ev sahibi Allahın dadlı süfrəsindən yeməkdə, içməkdədirlər. Hər zərrənin içinə bir eşq atəşi düşmüşdür və hər şey sevgili Yaradanı ilə görüşmək üçün çırpınmaqdadır. Hər varlıq Rəbbi ilə görüşmə sərxoşudur”.

Odur ki, mənəvi korluğundan dolayı sənə və başqalarına qapalı olan Muhammədi qəlbin əbədi səadət saçan səhifələrini oxumaq və yaşamaq istəyirsənsə, can-könüldən bunları söylə:

 “Ey sevgili! Səni bağrıma deyil, bağrımı və başımı ayağının altına basdım. Gözüm torpaq olacaq, lakin könlüm (Səni oxuma) səadətindən dolayı daima eşq ətri saçacaq”.  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz