MƏCBURİ SƏFƏR HİCRƏT
Həyatın bir səfər, dünyanın bir kölgəlik anı olduğunu bizə öyrədən Allahın Rəsuludur (s.ə.s). Əslində hər səfər yeni bir imtahan olduğu qədər, hər yolçuluq da yeni bir başlanğıcdır.
Hicrət də səfər növlərindən biridir. Lakin istəyə bağlı olan səfərlərdən fərqli olaraq hicrət səfərini məcbur edən səbəblər vardır.
Lüğət mənası bir yeri tərk edib, ayrılıb başqa bir yerə köçmək olan hicrət, termin olaraq, ümumiyyətlə, qeyri-müsəlman ölkədən İslam ölkəsinə köçməyi ifadə etməkdədir. Bununla birlikdə, “hicrət” deyiləndə İslam mədəniyyətində daha xüsusi mənasıyla Hz. Peyğəmbərin (s.ə.s) və səhabələrinin (r.anhum) Məkkədən Mədinəyə köçmələri - hicrəti nəzərdə tutulmaqdadır. Hicrət edən şəxsə “mühacir” deyilir.
Hz. Peyğəmbərin 29 Səfər (9 sentyabr 622) cümə axşamı gecəsi başlayan və 12 Rəbiüləvvəl (24 sentyabr 622) cümə günü tamamlanan, İslam mədəniyyətinin beşiyi sayılan Mədinəyə hicrəti, əvvəliylə birlikdə sonrasında baş verən çalışmalar, hadisələr və inkişaflar cəhətindən əhəmiyyət kəsb etməkdədir.
Yer üzündə həyatın başlanğıcından etibarən məkan dəyişməsi insan həyatının az qala ayrılmaz bir parçası olmuşdur. Bəzən iqtisadi və siyasi səbəblər, bəzən savaşlar və istilalar, bəzən də dini və mədəni səbəblər insanın bir yerdən başqa bir yerə köçməsinin səbəbi olaraq qarşımıza çıxmaqdadır.
İnsanın məkan dəyişməsi - hicrət müqəddəs mətnlərdə yalnız yer üzü həyatına xas olaraq görülməməkdədir. Hz. Adəm (ə.s) və zövcəsi də işləmiş olduqları bir xəta səbəbilə cənnətdən yer üzünə məcburi bir məkan dəyişməsi yaşamışdılar.
Ümumiyyətlə baxdığımız zaman peyğəmbərlərin hicrət təcrübələrinin hamısında günah, zülm, xaos və şirk mühiti tərk edilib haqq və həqiqət dolu bir quruluşun təsisinə istiqamətli səfər olduğu görülməkdədir. Bu müddətdə edilən hicrət iqtisadi ya da ictimai və siyasi rifaha çatma məqsədli deyil, Allah üçündür, Allahın razılığı məqsədilədir.
Hicrətdən məqsəd küfrdən, zülmdən uzaqlaşıb İslamı tamamilə yaşamaqdır. Buna görə hicrət küfr yurdundan iman yurduna köçməklə, kafirlərin əməllərindən müsəlmanların əməllərinə keçməklə, Allahın əmr etdiklərini etmək, qadağan etdiklərini tərk etməklə olur. Hicrət həm küfrdən, həm də küfrün əlamətlərindən uzaqlaşmaqdır. Bu baxımdan mühacir, Allahın qadağan etdiklərindən uzaqlaşan adamdır. Hicrət istər küfr diyarından iman yurduna, istər küfrün əlamət və əməllərindən iman əlamət və əməllərinə intiqal şəklində anlaşılsın, o, ancaq Allahın əmrini yerinə yetirmək üçün edilir.
Nəticə olaraq, Peyğəmbərimizin (s.ə.s) həyatındakı bütün hadisələr biz müsəlmanlar üçün əhəmiyyətlidir. Amma hicrət daha çox əhəmiyyətlidir. Müsəlmanların hicrət hadisəsindən alacaqları çox dərslər və ibrətlər vardır.
Bir yerdən başqa bir yerə məcburi köçməyə hicrət deyilsə də, əsl hicrət Allah və Rəsulunun razılıq və sevgisini qazanmaq, haqqı təbliğ etmək, şəri əngəlləmək, tövhid bayrağını dalğalandırmaq üçün maldan, mülkdən, hətta candan, əhli-əyaldan vaz keçərək yola çıxmaqdır.
Hicrət səbir istəyən, cihadı tələb edən, əziyyəti, çiləni dəvət edən, dünyalıq bütün nemətləri Allah üçün əlin tərsiylə kənarlaşdırmağı şərt olaraq görən böyük bir hadisədir. Ali-İmran surəsinin 195-ci ayəsində belə buyurulur: “Kişi və ya qadın olmaqla sizdən heç bir əməl sahibinin əməlini puça çıxarmaram. Sizlər bir-birinizdənsiniz. Hicrət edən, öz yurdlarından çıxardılan, Mənim yolumda əziyyətə düçar olan və vuruşub öldürülənlərin Allah dərgahından bir mükafat olaraq günahlarının üstünü örtəcəyəm və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah dərgahındadır”. Allah-Təala bu ayədə altı sinif mömindən bəhs edir və onların yaşadığı halın məqbul olduğunu bəyan edərək günahlarını bağışlayacağını açıqlayır:
1 - (Yaxşı) əməl sahibləri,
2 - Hicrət edənlər,
3 - Allah yolunda əziyyətə məruz qalanlar,
4 - Yurdlarından çıxarılanlar,
5 - Savaşanlar,
6 - Allah yolunda öldürülənlər.
Məqbul bir hicrət səhih bir niyyətlə olmalıdır. Allah Rəsulu (s.ə.s) bu incəliyə belə diqqət çəkir: “Edilən işlər niyyətlərə görə dəyərləndirilər. Hər kəs etdiyi işin qarşılığını niyyətinə görə alar. Kimin niyyəti Allaha və Rəsuluna görədirsə, onlara hicrət etməkdirsə, əlinə keçəcək savab da Allaha və Rəsuluna hicrət savabıdır. Kim ki, əldə edəcəyi bir dünyalığa və ya evlənəcəyi bir qadına qovuşmaq üçün yola çıxmışsa, onun hicrəti də hicrət etdiyi şeyə görə dəyərlənər”. (Buxari, İman, 41)
İslam Allah tərəfindən müqəddəs və seçkin peyğəmbərlər silsiləsi ilə insanlığa təbliğ edilən ilahi dəvətin Hz. Muhamməd (s.ə.s) vasitəsi ilə təlim və tətbiq edilən son və mükəmməl şəklidir. Allah tarix boyunca insanlığa elçiləri vasitəsilə bu gerçəyi eşitdirmişdir: İbadət ancaq Allahadır, Allahdan başqasına əsla qulluq yoxdur.
Hicrət səfəri başlanğıc etibarilə məhrumiyyət kimi görünən bir tərk olsa da, daha gözələ və daha ucaya talib olma adına bir səfər, bərəkətə nail olma səfəridir. Hicrət edənə yardım etmək də gözəl bir qardaşlıq nümunəsidir. Ən böyük hədiyyəsi isə Haqqın rizasına qovuşmaqdır.
ŞƏRHLƏR