ƏSL DOSTLAR ULDUZLAR KİMİDİR, QARANLIQ ÇÖKƏNDƏ ORTAYA ÇIXARLAR
İnsan sosial varlıqdır. Təkbaşına həyatını davam etdirməsi çox çətindir. Məhz bu səbəbdən Uca Allah Hz. Adəmi (ə.s) yaratdıqdan dərhal sonra onunla ünsiyyət qursun, ona yoldaş olsun deyə Həvva anamızı yaratmışdır.
Yaşadığımız bu həyat enişi və yoxuşu olmayan düz bir həyat deyildir. Mövsümlər kimi davamlı dəyişir. Bəzən acı, bəzən şirin, bəzən kədərli, bəzən sevincli olur. Buna görə də sevincli və kədərli günlərimizi paylaşacaq həqiqi dostlara ehtiyacımız var.
Dost seçərkən nələrə diqqət etməliyik? Başqa bir ifadə ilə desək, ən xeyirli dost kimdir?
Bir gün səhabələr Peyğəmbərimizə (s.ə.s): “Ey Allahın Rəsulu, hansı dost daha xeyirlidir?” - deyə sual verdikdə Peyğəmbərimiz (s.ə.s) bu cavabı verdi:
“Gördüyünüzdə sizə Allahı xatırladan, danışdığı zaman elminizi artıran, etdiyi əməllərlə axirəti yada salan kimsədir”. (Tərğib vət-tərhib, 1/20)
Bu hədis bizə dost seçərkən hansı xüsusiyyətlərə diqqət etmək gərəkdiyi xüsusunda ciddi bir şəkildə xəbərdarlıq edir.
Bütün bunlarla yanaşı, əsl dostu özümüz qazanmalıyıq. Əsl dost çətinə düşəndə sənə arxa olur, hər işdə kömək edir. Dostluğun birinci şərti etibardır . Mənfəət xatirinə qurulan dostluğa "alver" deyilir . Müharibə igidi, qəzəb müdriki, ehtiyac isə dostu sınağa çəkir. Cahil və nadan dostdansa ağıllı düşmən yaxşıdır. Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz. Dostu olmayan bu dünyada qəribdir. Bizə hər şeydə bizimlə razılaşan, hər dəfə sən başını əyəndə başını əyən dost lazım deyil. Ona qalsa kölgəmiz də dostumuzdur.
Atalarımız çox gözəl deyib: “Dost dar gündə tanınar”. “Dost yolda tanınar”. Dostun yolda tanınması məsələsinin səbəbi yolçuluqda bəzi çətinliklərin olmasıdır. Həqiqi dost səfərdə baş verəcək bütün çətinliklərə rəğmən dürüstlüyünü qoruyaraq səni yalnız qoymayan şəxsdir. Necə deyərlər, həqiqi dostlar ulduzlar kimidir, qaranlıq çöküncə ortaya çıxarlar. Əsl dost yolda sənə yar olan kəsdir. Yola çıxarkən bu cür dostlarla yoldaş olmaq gərəkdir. Bu yerdə gözəl deyiblər: “öncə rəfiq[1], sonra təriq[2]”. Məhz o zaman uzaqlar yaxın, çətinliklər asan olar.
Dost dediyin şəxs ya sənə öyrədəcək, ya səndən öyrənəcək, ya da bəzi məsələləri birlikdə müzakirə edəcək, dərdləşəcəksiniz. Əgər bu üç qrupun xaricində bir “dostun” varsa, bu “dostun” sənin üçün zərərdən başqa bir işə yaramaz.
İnsan istər mənfi yöndən, istərsə də müsbət yöndən tez təsirlənən bir varlıqdır. Gördüyü, duyduğu və müşahidə etdiyi şeylərdən dərhal təsirlənir. Tez-tez oturub durduğu kimsələrdən, davamlı getdiyi yerlərdən, ətrafından təsirlənməməsi mümkün deyildir. Məhz bu səbəbdən dinimiz insana düzgün dost seçməsini, dürüst insanlarla münasibət qurmasını qəti bir şəkildə əmr etməkdədir: “Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla birlikdə olun!” (ət-Tövbə, 119)
Rəsulullah (s.ə.s) belə buyurur: “Hər kəs dostunun dini (həyat tərzi) üzrədir”. (Əbu Davud, Ədəb 16)
Düzgün dost seçməyən kimsələr qiyamət günü peşman olacaq və dünyada ikən pis dost seçmələrindən dolayı peşmançılıqdan əllərini çeynəyəcəklər. Bu vəziyyəti Uca Allah belə təsvir edir:
“O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: "Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım; Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim; And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan sonra) yalqız buraxar”. (əl-Furqan, 27-29)
Zuxruf surəsinin 67-ci ayəsində isə belə buyurulur: “Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər!”
Ayədə buyurulduğu kimi: “Kaş filankəsi özümə dost etməyəydim” demədən öncə gəlin kiminlə oturub durduğumuza diqqət edək. Əks təqdirdə peşman olarıq.
Hz. Əli (r.a) dostluq haqqında öz övladlarına nə gözəl nəsihət etmişdir:
“Oğlum, axmaqla dost olmaqdan çəkin, çünki sənə fayda vermək istəyərkən zərəri toxunar.
Xəsislə dost olmaqdan çəkin, ona ən çox möhtac olduğun vaxt sənə yardım etməz, yerindən tərpənməz.
Əxlaqsız insanla qətiyyən dost olma, çünki az bir mənfəət qarşılığında səni satar.
Yalançıyla dost olmaqdan uzaq dur, çünki yalançı ilğıma bənzər, sənə uzağı yaxın, yaxını uzaq göstərər”.
ŞƏRHLƏR