EVLİYA ÇƏLƏBİNİN SƏYAHƏTNAMƏSİNDƏ
Azərbaycan – Rəvan qalası
Əvvəla bismillah ilə Təbrizdən şimal tərəfə doğru; Hacı Harami qəsəbəsi, oradan Safyan qəsəbəsi, sonra Məzidxan xanı, sonra Kərəmiş qəsəbəsi...
Bir-bir keçdiyi qəsəbələrin adlarını, onun təbiətini vəsf edərək Rəvan qalası istiqamətində yol aldığını yazır, Evliya Çələbi. Çələbi öz kitabında Rəvan qalası haqqında 1510-cu ildə Şah İsmayıl tərəfindən Rəvan Qulu adında xanına fərman verdiyini, onun tərəfindən yeddi ilə tikildiyini yazır. Qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar “Rəvan” sözü dialektdə “İrəvan” kimi işlədilmişdir.
Bu şəhər Evliya Çələbinin də qeyd etdiyi kimi, tarixən türk yurdu olmuşdur. Məlum olduğu kimi, XVIII əsrin ortalarında qurulan İrəvan xanlığının mərkəzi də bu qədim şəhər olmuşdur. 1918-ci ildə Zaqafqaziya seyminin dağılmasından sonra qurulan yeni Ermənistan dövlətinə güzəştə gedildiyi vaxta qədər də Azərbaycan şəhəri olaraq mövcud olmuşdur.
Evliya Çələbi səyahətnaməsində Rəvan qalasına çatmadan Millili qəsəbəsinə baş çəkdiyi yazır. Bura Rəvana qonşu, beş yüz evli, bağ-bağçalı, cameli, hamamlı, abad, yaraşıqlı bir qəsəbə olubmuş. Millili çayı kənarında yerləşən bu yer, görüldüyü kimi, məscidi bol olan bir müsəlman diyarı olub.
Millili qəsəbəsindən sonra Tut adlı yaşayış məntəqəsindən bəhs edən Çələbi bu yerlərdə kilsə və monastırların olmadığını xüsusilə vurğulayır.
Tut məntəqəsindən sonra Kağac qəsəbəsi haqqında Çələbi yazır: “Araz çayının şərq tərəfində cameli, karvansara və hamamlı, üç yüz evli, çəltik tarlaları olan, Rəvan torpağında yaraşıqlı bir qəsəbədir”. Oradan şimal tərəfə qumsal yollarla Avşarlı qəsəbəsinə gəldiklərini yazaraq oranı belə vəsf edir: “Rəvan torpağında min evli, karvansara və hamamlı, kiçik bazarlı abad bir qəsəbədir. Çölündə bütün məhsulu çəltikdir. Bütün rəiyyəti sünni məzhəbinə mənsub türkmən əfşar qəbiləsindən olduğuna görə Avşarlı qəsəbəsi deyirlər. Ayrıca kələntəri və mehmandarı vardır. Oradan yenə Araz çayı sahili boyunca abad və seyrangaha bənzər kəndlər içrə gəzə-gəzə gedib Şoragil şəhərinə vardıq. Bu şəhər əzəmətli bir şəhər imiş. Min nökərə malikdir. Came, karvansara, hamam və kiçik bazarı vardır”.
Rəvan qalasına çatmadan Evliya Çələbi min evi, came və təkkəsi, karvansara və hamamları, çarşı-bazarı olan, bağ-bostanlı və məhsulu çəltik olan Tilfiraq adında bir qəsəbəyə gəldiyini, nəhayət, Azərbaycanın ən önəmli şəhərlərindən biri olan Rəvan qalasına çatdığını belə anladır:
“Qalaya daxil olduqda iyirmi dəfə “balyeməz” top atıb şadyanalıq etdilər. Alay ilə xan sarayına girdik. Həmin ərəfədə xanın özü yox idi. Demə, xanın bacısının toyu imiş. Xəzər dənizi, yəni Gilan dəryası sahilində Bakı qalasının xanına bacısını vermişlər. Kəndxudası bizi Rəvan xanının sarayına yerləşdirib, yemək-içməklə təmin etdi”.
Evliya Çələbinin anlatdıqlarından görmək olur ki, Rəvan xanı ilə Bakı xanı arasında qohumluq və dostluq əlaqəsi olub. Rəvan xanı sadəcə Bakı xanı ilə yox, Təbriz xanıyla da yaxşı münasibətdə olub. Evliya Çələbi bu barədə deyir: “Bizimlə Təbrizdən gələn bütün karvanları Həsən bəyə (ola bilsin qonaqları qarşılayan kəndxudanın adıdır) təslim edib Təbriz xanının göndərdiyi bütün yüklü dəvələri və gürcü qulamları, çapar atları, sair hədiyyələri də Təbriz xanının naməsi ilə Həsən bəyə təslim etdik”.
Qala XVI əsrin əvvəllərindən başlayaraq XVIII əsrin başlarına qədər Osmanlılarla Səfəvilər arasında dəfələrlə əl dəyişdirib. Çələbinin qeyd etdiyinə görə, 1583-cü ildə Osmanlı hakimiyyəti dövründə qalanın hakimi Yusif paşa olmuşdur. Onun dövründə Rəvan əyalətinin ədalətlə idarə olunduğunu, buna görə də həmin vaxtlar Rəvan vilayətinin tarixdə olmayan qədər abadlaşdırıldığını bildirir. Rəvan şəhərinin ətrafında olan qəsəbələr o qədər inkişaf etmişdi ki, hər biri bir şəhərə dönmüşdü. Qalanı 70.000 əsgər mühafizə edirdi.
Evliya Çələbinin Azərbaycana olan ikinci səfəri Qarsdan başlamış, yenə, yol boyunca keçdiyi qəsəbələri, kəndləri təsvir edə-edə Rəvan qalasına getmişir. Evliya Çələbi Rəvan qalasına olan birinci səfəri əsnasında Rəvan xanını görə bilmədən geri dönmüşdü. Lakin o, Rəvan xanıyla ikinci səfərində görüşə bilmişdir. Çələbi ikinci səfərində xanla görüşdüyünü belə yazır:
“Xudaya həmd olsun, Rəvan xanı Təqi Əli xan Bakı qalasından, bacısının toyundan gəlmişdi”.
Daha sonra Evliya Çələbi xanın onlara üç gün möhtəşəm bir ziyafət verdiyini, ona beş tümən abbas, bir də at bağışladığını anladır.
Səyyahın anlatdıqlarından görülür ki, Rəvan qalası və onun ətrafında yerləşən kənd və qəsəbələr tarixən Azərbaycan yurdu olmuşdur. Hal-hazırda həmin qala bir terror dövləti olan Ermənistan tərəfindən yer üzündən silinən yüzlərlə tarixi memarlıq abidələrindən biri halına gətirilmişdir.
Evliya Çələbi daha sonra üçüncü və dördüncü dəfə Azərbaycana səfərə gəlsə də, həmin səfərlərində Rəvan haqqında məlumat verməmişdir.
ŞƏRHLƏR