İBN-BƏTUTƏNIN MESAJI

İBN-BƏTUTƏNIN MESAJI

Tarixə adını qızıl hərflərlə yazdıran bir çox İslam elm adamı mövcuddur. Tibdən tutmuş astronomiyaya qədər bütün elm sahələrində belə adlara rast gəlmək mümkündür. Məhz bu şəxslərdən biri də Əbu Abdullah İbn-Bətutədir. O, ömrünün 30 ilini səyahətlərdə keçirmişdir. Olduğu ölkələrdə elmi səviyyəsi, topladığı təcrübə və bilikləri sayəsində dəfələrlə dövlət üçün çalışması təklif edilmiş, bu təkliflərin bəzilərini qəbul edərək bir müddət çalışmış və işi ilə birlikdə digər dövlət strukturları haqqında mühüm məlumatları da qələmə almışdır. Onun yazdığı səyahətnamələrdən o dövrün müsəlman cəmiyyətləri və səyahət etdiyi digər yerlər haqqında çox önəmli və ətraflı məlumatlar əldə etmək mümkündür.

İbn-Bətutə 25 fevral 1304-cü ildə Mərakeş yaxınlığındakı Tanjer şəhərində doğulmuşdur. Uşaqlıqdan qohumları ilə səyahətlərə gedərdi. Elə bu səyahətlər onda fərqli insanları, mədəniyyətləri və yerləri tanımağa maraq oyatmışdır. 25 yaşına qədər kiçik səyahətlərdə olsa da, ən böyük səyahətinə çıxmağa bu yaşda başlamışdır. Səyahətə çıxmazdən əvvəl önəmli dövlət xidmətlərində çalışmış və hörmət sahibi olmuşdur. Lakin içindəki bu sevgi onu bütün var-dövlətini ataraq səyahətlərə çıxmağa sövq etmişdir. Beləliklə, 25 yaşında başlayan 30 illik səyahətlərində İbn-Bətutə, Marko Polonun sözlərinə görə, 73 000 mil, yəni 117 482 kilometr yol qət etmişdir. XIV əsr üçün bu ağlasığmaz dərəcədə böyük bir səyahətdir və bunu edən ikinci səyyah ancaq ondan 4 əsr sonra buna nail ola bilmişdir.

Fars, ərəb, türk və müəyyən qədər də Şərqi Asiya dillərində məlumatlı olması ona bir çox önəmli dövlət xidmətlərinə gəlməkdə kömək etmişdir. Belə ki, o, üç İslam ölkəsində qazilik etmiş, türklərlə monqollar arasında diplomatik vəzifələr də almışdır. İbn-Bətutə farsların, türklərin, monqolların və maldivlərin hökmdarları ilə görüşmüş, onlarla bir müddət münasibət qurmuş və dövləti necə idarə etdikləri haqqında səyahətnamələrində təfərrüatlı məlumat vermişdir.

Orta əsrlərin ən böyük səyyahı, 3 qitəni gəzən, müsəlman və qeyri-müsəlman bir çox ölkədə dövlət işləri görən, bəzən müharibələrdə iştirak edən, bəzən də müharibələrin qarşısını almaq üçün diplomatik missiya yerinə yetirən bu səyyahı xalq və dövlət önündə tanıdan və hörmət qazandıran heç də ehtişamlı mal-mülk sahibi olması deyildi. Bunun səbəbi həmişə sufi kimi gəzməsi, sadəliyi, bilik və təcrübə sahibi olması və ən əsası da insanlara diqqət yetirməsi idi. Sanki İbn-Bətutə həyatı ilə insanlara bir mesaj vermək istəyirdi.

Getdiyi yerlərdə həmişə mədəniyyət mərkəzlərində olan İbn-Bətutə tikililərə və abidələrə  çox da diqqət yetirməmiş, onları “böyük daşlardan, kiçik taxta qapılardan və pəncərə dəliklərindən ibarət içiboş bir dam” adlandırmışdır. Heç coğrafi şəraitlər haqqında da ətraflı məlumatlar yazmamış, iqlimi və digər şəraitləri qısaca təsvir etmişdir. Bəs onda İbn-Bətutəni səyyahlar arasında ən mötəbər edən şey nə idi? İçində olan hansı məlumatlara görə səyahətnaməsi ən çox diqqət görülən qaynaq hesab olunur?

İnsan. İbn-Bətutənin diqqət etdiyi və bütün səyahətnaməsinin ən önəmli hissəsini tutan şey məhz insanlar haqqında verdiyi məlumatlar idi. O, saatlarla küçələrdə gəzişər, bazarlarda alış-veriş edən insanları müşahidə edər və bundan yorulmazdı. Olduğu yerlərdə hər təbəqədən insan haqqında bioqrafik məlumatlar toplayar, geyim tərzləri, danışıqları, səslərinin tonundan tutmuş düşüncələrinə qədər hər incəliyi qələmə alardı. Şeyx Kəmaləddin Abdullah Qarinin təsəvvüfi tərbiyəsindən keçən İbn-Bətutə taxta evdə qalmağı sevər, bəzən hər şeydən uzaqlaşaraq təklikdə qalar və öz mənəvi kimliyini tərbiyə etməyə çalışardı. Onun maddiyyata olan etinasızlığı, insanlara və onların sosial həyatına və daxilinə olan marağı məhz bundan qaynaqlanırdı. Onun bir çox insanlar haqqında yazdığı məlumatların sonradan başqalarının da yazdığı önəmli şəxsiyyətlərin bioqrafiyaları ilə üst-üstə düşdüyünü görürük. Bundan başqa, dövrün könül insanları, tacirlər, kəndlilər, dövlət işçiləri və əsgərlər də daxil olmaqla bütün sahələrdən olan insanlar, onların həyat tərzi və sosial həyatlarını əhatə edən, təkrarlanan bir çox məlumatlara da yer vermişdir.

İnsanın istəkləri bitib-tükənmək bilmir. Bu bitmək bilməyən ehtiraslar insanı öz həqiqi kimliyindən uzaqlaşdıraraq çıxması mümkün olmayan dalanlara salır. Beləliklə, nəfsinin arzuları arxasınca düşərək öz kimliyini unudur. Lakin insanı dəyərli edən heç vaxt onun sahib olduğu ev, maşın, pul və şöhrət deyil, onun ətrafındakı insanlara qarşı məsuliyyətlərini dərk etməsi, bir idealının olması, eləcə də özünü, dinini tanıyaraq bu yolda öz vəzifələrini yerinə yetirməsidir.

İbn-Bətutənin yazdığı əsərlərində çatdırmaq istədiyi mesaj da məhz budur: Abidələrə, tikililərə və maddiyyata fikir verməyib, insanlara və onların etdiklərinə baxmaq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz