AYLA

İstədim ki, bu yaxınlarda baxdığım bir film haqqındakı təəssüratlarımı sizlərlə bölüşüm. Çox təsirli olduğu üçün istədim sadəcə filmin əsas janrının nədən ibarət olduğunu bu qısa yazıya sığdırım. Gözlərimi 2 saat ərzində ekrandan çəkə bilmədim. Çünki bu hadisə hər hansı bir nağıl və yaxud hekayə deyildi. Yaşanmış hadisələr həmişə digərlərindən təsirli olur. Filmi izlədikcə insanın gözləri dolur. Tarix boyu müharibələr həmişə yetim qalmış uşaqlara ən ağır travmalar yaşatmışdır. Filmdəki bir türk əsgərinin göstərdiyi mərhəmət, şəfqət təkcə balaca Aylanı deyil, həm də müharibədə valideylərini itirən bütün balaları qucağına alırdı sanki...

Rejissoru Can Ulkay, ssenaristi Yiğit Güralpdır. 2017-ci ildə Türkiyə və Cənubi Koreyanın birgə istehsalıdır. Koreya müharibəsi gedişində yaşanmış real hadisə əsasında 2016-cı ildə filmin çəkilişlərinə başlanmışdır. Çəkilişlər Türkiyədə və Cənubi Koreyada aparılmışdır. Filmin musiqiləri Fahir Atakoğlu tərəfindən bəstələnmişdir. 4 mart 2018-ci il tarixində keçirilmiş 90-cı Oskar Mükafatının "Əcnəbi dildə olan ən yaxşı film" nominasiyasına filmin namizədliyi irəli sürülsə də, sonda qısa siyahıya düşə bilməmişdir.

1950-ci ildə Şimali Koreya silahlı qüvvələrinin qəflətən hücumu artıq üç gündən sonra Cənubi Koreyanın paytaxtı Seulun işğalı ilə nəticələnmişdi. Cənubi Koreya olduqca ağır bir vəziyyətə düşmüşdü. Birləşmiş Millətlər Təşkilatının yardım məqsədilə çağırışına əsasən Türkiyə də Cənubi Koreyaya bir briqada göndərmişdi. Filmdə hadisələr baş gizir Süleyman adlı briqada əsgərinin gecə vaxtı baş vermiş döyüşlərdən birində ata və anası öldürülmüş kiçik bir qızı tapması ilə başlayır. Əsgərlər 5 yaşlı qıza ad vermək qərarına gəldikdə, baş gizir Süleyman: "ay gibi yüzü var zaten, ay ışığında bulduk"  deyərək Ayla adını verir. 15 ay ərzində Aylaya baxan Süleymanın artıq Türkiyəyə geri dönməsi barədə əmri gəlir. Bu zaman məsələyə yuxarı rəhbərliyin qarışması ilə Ayla Koreya müharibəsi illərində türk əsgərləri tərəfindən yaradılan "Ankara Okulu"nda təhsil almağa başlayır. Aylanı tək qoyub getmək istəməyən Süleyman onu Türkiyəyə aparmaq üçün hər cür cəhd etsə də, Cənubi Koreyadan Aylanı çıxarmağa nail ola bilmir. Film müharibənin bitməsindən 60 il sonra Cənubi Koreyadakı Ankara parkında Ayla və Süleyman Dilbirliğinin yenidən bir-birinə qovuşması ilə başa çatır.

Filmdəki baş gizir Süleymanın real prototipi olan Süleyman Dilbirliği 2017-ci il 6 dekabr tarixində müalicə aldığı Haydarpaşa xəstəxanasında 91 yaşında dünyasını dəyişmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz