BİR AYƏ
بسم الله الرحمن الرحيم
لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي اَحْسَنِ تَقْوِيمٍ ﴿4﴾ ثُمَّ رَدَدْنَاهُ اَسْفَلَ سَافِلِينَ ﴿5﴾ اِلَّا الَّذِينَ اٰمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ اَجْرٌ غَيْرُ مَمْنُونٍ ﴿6﴾
“Həqiqətən, Biz insanı ən gözəl surətdə yaratdıq. Sonra onu aşağıların ən aşağısı etdik. Ancaq iman gətirib yaxşı işlər görənlər bundan istisnadır. Onlar üçün bitməz-tükənməz mükafat vardır”. (ət-Tin, 95/4-6)
Təbəri təfsirində keçən və İbn Abbasdan (r.ə) nəql edilən bir rəvayətə görə, Hz. Peyğəmbərin (s.ə.s) dövründə bəzi kimsələr həddindən artıq qocalıb taqətdən düşmüşdülər və əllərindən heç bir iş gəlmirdi. Səhabələr onların bu halını Peyğəmbərə (s.ə.s) ərz etmiş və buna görə də yuxarıdakı ayələr nazil olmuşdu.
Burada Uca Allah insan oğlunu dünyadakı məxluqlar arasında həm fizioloji, həm də əqli və mənəvi baxımdan ən mükəmməl halda yaratdığını ifadə edir. Bir qisim təfsirçilərə görə, Allah insandan daha gözəl və daha mükəmməl heç bir şey yaratmamışdır. Çünki Allah-Təala insanı canlı, öyrənib-bilən, iradəli, danışa bilən, eşidə bilən, görə bilən, düşünüb dərk edən və ağılla hərəkət edən biri olaraq yaratmışdır. Buna görə də insan özündən fiziki cəhətdən daha güclü varlıqlara belə hökm edə bilir.
Uca Allah: “Sonra onu aşağıların ən aşağısı etdik”, - buyuraraq daha sonra insanı ən aşağı təbəqəyə saldığını bildirmişdir. Bir görüşə görə, burada qəsd olunan kafirlərin cəhənnəmə atılmasıdır. Digər bir görüşə görə isə, bəzi insanlar o qədər pis əməllər edərlər ki, mənəvi baxımdan digər canlılardan belə aşağı bir vəziyyətə düşərlər. Ancaq əksər təfsirçilərə görə, səbəbi-nüzulda da qeyd olunduğu kimi, burada insanın “ərzəli-ömür” dediyimiz ən ahıl yaşına qədər yaşamasına işarə edilmişdir. Belə ki, mükəmməl şəkildə yaradılan insan yaşlandıqca güclü və ağıllı dövrünü arxada qoyaraq həm fiziki, həm də əqli cəhətdən geriləməyə başlayır və nəhayət, başqalarına möhtac və çox aciz bir hala düşür. Yəni heç kim əlindəki imkanlara, sağlığına, gəncliyinə güvənərək təkəbbürlənməməli və bir gün bunların əldən çıxacağını bilməlidir.
Allah-Təala bundan sonra: “İman gətirib yaxşı işlər görənlər bundan istisnadır”, - buyuraraq möminlərə bir müjdə verir. Bu müjdə ondan ibarətdir ki, insan qocalıb əldən düşdükdən sonra istəsə belə saleh əməllər edə bilmir. Ancaq möminlər qocalıb heç bir ibadəti əda edə bilməyəcək bir hala düşsələr də, onlara ibadət savabı yazılacaqdır. Məsələn, çox yaşlı bir mömin namaz qıla bilməsə də, namaz savabı, oruc tuta bilməsə də, oruc savabı qazanacaqdır. Bunu dövrümüzün şərtləri ilə müqayisə etsək, günümüzdə yaşlılar dövlətdən müəyyən bir məbləğdə təqaüd alırlar. Ayədəki bu müjdəni də yaşlı möminlər üçün verilən mənəvi təqaüd kimi başa düşə bilərik.
ŞƏRHLƏR