2020-Cİ İL: DÜNYA SİYASƏTİNDƏN GÖZLƏNTİLƏR
2020-ci il faktiki olaraq, XXI əsrin ilk iyirmi ilidir və bu müddət ərzində biz dünya siyasətində ciddi hadisələrin baş verdiyinin şahidi olmuşuq. Bu iki onillikdə baş verən hadisələrin təfərrüatlarına baş vurmadan, təəssüflə söyləmək olar ki, ciddi pozitiv proseslərdən bəhs etmək bizə çətin gəlir.
Xüsusilə ABŞ-da Tramp prezident seçiləndən sonra dünyada müxtəlif sahələrdə gedən institutlaşma prosesinə zərbə vurulduğunun şahidi olduq. Fikrimizcə, 2020-ci ildə baş verəcək hadisələr müəyyən mənada öncəki illərdə gedən proseslərin davamı olacaq.
Öncə qeyd edək ki, 2020-ci ilin ən mühüm (geo)siyasi hadisələrindən biri noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri olacaq. Bu seçkilərin qalibi, məlum olduğu kimi, supergücün xarici siyasətini müəyyən edən əsas şəxs olacaq. Hələ ki, yüksək reytinqə malik respublikaçı Trampın prezident seçilməsi əvvəlki kursun davam edəcəyi mənasına gələcək. Söhbət bu ölkənin qloballaşmaya zidd olan siyasəti həyata keçirməsindən gedir. Yəni ABŞ 2020-ci ildə Çinlə ticarət müharibəsinə ya davam edəcək, ya da özünə uyğun şərtlərlə, nəhayət, rəsmi Pekinlə anlaşma imzalayacaq. (Məlumat üçün deyək ki, artıq iki ildən çoxdur, ABŞ Çin, Çin isə buna cavab olaraq ABŞ məhsullarına əlavə gömrük rüsumları qoymaqla, bir-biriləri ilə ticarət müharibəsi aparır. Tramp administrasiyası bunu öz ölkəsində iş yerlərinin azalmasının qarşısının alınması ilə izah edir.)
2020-ci il ilk növbədə Körfəzdə baş verən hadisələrlə də yadda qalacaq. Söhbət, təbii ki, İran məsələsindən gedir. Yenə də öncə qeyd etdiyimiz kimi, Trampın prezident seçiləcəyi təqdirdə, ABŞ-İran qarşıdurması daha da gərginləşəcək, İrana qarşı sanksiyalar daha da sərtləşdiyindən, bu ölkədə sosial-iqtisadi vəziyyət pisləşəcək və respublikaçılar administrasiyası maksimum bundan öz geosiyasi mənafeləri üçün istifadə etməyə çalışacaqlar. Bu baxımdan, istər Azərbaycan, istərsə də qardaş Türkiyəyə ABŞ-İran qarşıdurmasının maksimum dərəcədə sülh yolu ilə aradan qaldırılması sərf edir.
Bu il dünyanın qaynar nöqtələri Liviya və Suriya olmağa davam edəcək. Liviya münaqişəsi ilə bağlı Rusiya və Türkiyənin vasitəçiliyi ilə son Moskva danışıqlarının (13 yanvar) uğursuzluqla başa çatması, bu ölkədə vətəndaş müharibəsinin yaxın zamanlarda başa çatacağını mümkünsüz edir. Yeri gəlmişkən, Türkiyənin Liviya münaqişəsində göstərdiyi aktivlik bu ölkənin Aralıq dənizi bölgəsində söz sahibi olmaq istəyindən xəbər verir. Suriyaya gəldikdə isə, ölkənin artıq böyük hissəsinə nəzarət edən Əsəd rejimi çox güman, yaxın aylar ərzində İdlib bölgəsini də ələ keçirəcəkdir. İstənilən halda, yaxın dövrdə bu ölkədə tam stabilliyin bərpa edilməsi o qədər də inandırıcı görünmür.
Dünyanın qaynar nöqtələrindən biri də, məlum olduğu kimi, Əfqanıstandır. Artıq iki ilə yaxındır, rəsmi Vaşinqton ABŞ əsgərlərinin bu ölkədən çıxarılması ilə bağlı Talibanla danışıqlar aparır. Mediada əksini tapan məlumatlara görə, tərəflər arasında əldə edilən ilkin şərtlərdən biri Əl-Qaidənin Amerikaya qarşı hər hansı terror aktı həyata keçirməyəcəyi ilə bağlı Talibanın öz üzərinə götürdüyü öhdəlikdir. Danışıqlarda müzakirə olunan digər məsələlər barədə isə dəqiq məlumatlar yoxdur. İstənilən halda, ABŞ və Taliban arasında ciddi razılaşmanın əldə edilməsi hər iki tərəfin xeyrinə ola bilər. ABŞ terror aktlarından sığortalanmış olar, Taliban isə Amerika əsgərləri ilə döyüşdən qurtula bilər, amma son nəticə nə dərəcədə Əfqanıstanın və əfqan xalqının xeyrinə olacaq, bu suala cavab vermək çətindir.
2020-ci ilin mühüm hadisələrindən biri də Böyük Britaniyanın Avropa İttifaqından çıxma prosesinin (Brexit) sona yetməsi olacaq. Bu ölkədə keçirilən son parlament seçkilərindən sonra B.Conson hökuməti böyük ehtimalla tərəflər arasında əldə edilən razılaşmanın Nümayəndələr Palatasında ratifikasiya olunmasına nail olacaqdır.
2020-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində əsaslı dəyişikliyə nail olunmasına ümidlər, düzü, elə də çox deyil. Münaqişənin yaranmasında və sonradan dondurulmasında əsas maraqlı tərəf olan Rusiya bitərəf mövqe tutmayana və ya ən azından, işğalçı Ermənistana qarşı ciddi təzyiq rıçaqlarından istifadə etməyənə qədər bu münaqişənin ədalətli həllinə nail olmaq inandırıcı görünmür.
Məlum olduğu kimi, ABŞ-ın qlobal istiləşməyə qarşı olan “Paris razılaşması”nı tərk etməsindən sonra problem daha da kəskin xarakter almışdır. Avstraliyada baş verən meşə yanğınları, Braziliyada sənayə məqsədilə dünya oksigen ehtiyatlarının təmin olunmasında əhəmiyyətli yer tutan Amazon meşələrinin qırılması kimi hadisələr nəticədə qlobal ekoloji təhdidlər yaratmışdır. Bu səbəbdən, 2020-ci ildə dünya ictimaiyyətinin diqqət göstərdiyi əsas məsələlərdən biri də ekoloji problemlər olacaq.
ŞƏRHLƏR