“ƏN GÖZƏL QİSSƏ”
Uca Allah insanlar arasından seçdiyi elçilərini onlara hər yönü ilə örnək olmaları üçün insanların hər an üzləşə biləcəkləri bir çox müsibətlərlə üzləşdirmişdir. Bu müsibətlər və imtahanlar qarşısında necə mətanət və dözümlülük nümayiş etdirdiklərini Qurani-Kərimdə keçən qissələr vasitəsi ilə bütün insanlara bəyan etmişdir. Bu qissələrə diqqətlə nəzər saldığımız zaman onu da görürük ki, həyatın ən ağır və çətin sınaqlarından yalnız və yalnız peyğəmbərlərimiz keçmişdir. Bu ifadə də təsadüfən deyilməmişdir: “İnsanlar bu dünyada öz imanları nisbətində imtahan olunurlar. Kimin imanı güclüdürsə imtahanı da o qədər ağır olur”.
Təbii ki, hər bir peyğəmbərin imtahanı, sınağı özlüyündə ağır olmuş və peyğəmbərlər kifayət qədər sıxıntılarla üzləşmişdir. Mən deyərdim ki, peyğəmbərlər arasında imtahanı ən ağır və insanlara daha çox təsir edən qissə məhz Hz.Yusif (ə.s) qissəsi olmuşdur. Əvvəla Uca Allah bizlərə Hz.Yusifin (ə.s) qissəsinin qissələrin ən gözəli olduğunu xəbər verməkdədir. Elə Hz. Yusifin (ə.s) öz adını aldığı surədə bu haqda belə buyurulur: “(Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin”. (Yusuf, 3)
Hz. Yusifin (ə.s) imtahanının nə qədər ağır olduğunu isə atası Hz.Yaqubun (ə.s) uzun müddət gözü yaşlı qalmasından və nəticədə gözlərinin görməz hala gəlməsindən də anlaya bilərik.
Elə isə Hz.Yusifin (ə.s) qissəsində bizim üçün bir çox ibrətlər vardır.
Bu qissədən ilk olaraq onu öyrənirik ki, bizim yaxınlarımız da, qardaşlarımız da, dost-tanışlarımız da bir insandır. Onlar da şeytan və öz nəfsləri tərəfindən azdırıla bilər, hətta bizə qarşı qısqanclıq edə bilərlər. Onlar da bizi sevməyə, hətta quyuya ata bilərlər. Çünki onlar da imtahan diyarının sakinləridir. Onlar bizimlə, biz də onlarla sınana bilirik. Belə bir sınaqla üzləşdiyimiz zaman daim haqqın tərəfində olmalıyıq. Bu zaman quyuya məzlum bir insan kimi atılsaq da, kölə kimi çıxarılsaq da, bir gün mənəviyyat taxtında sultan kimi otura bilərik. Bu gün azmı görüb eşidirik qardaşın-qardaşla, bacının-bacıyla yola getməyib sonunda bir-birinə kin bəslədiyini? Dünya malı üçün doğmaların yad olduğunu? Bəli, elə bu qissə bizə bunun doğru olmadığını, Hz.Yusifin (ə.s) qardaşları kimi şeytana və nəfsimizə yox, ilahi əmrə, Qurani-Kərimə, ümumi olaraq desək, İslama tabe olmağımızı bildirməkdədir.
Bu qissədə verilən dərslərdən biri və bu gün də ən mühümü budur ki, bizə bir evi, bir ailəni, kiminsə namusunu əmanət edə bilərlər. Yaxud da bir naməhrəmlə sınağa çəkilə bilərik. Bu zaman Hz.Yusif (ə.s) kimi namusumuza və iffətimizə sahib çıxmağa çalışmalıyıq. Allah qorusun, belə olduqda köynəyimiz öndən yox, arxadan cırılan tərəf biz olmalıyıq. Təssüf ki, zəmanəmizdə Züleyxalar çox, Yusiflər isə, demək olar ki, yoxdur.
Bu gün Hz.Yusif (ə.s) kimi iffətli gənclərə daha çox ehtiyacımız var. Gənclərimizi əxlaqsız yollara çəkən vasitələr, sanki Züleyxa kimi: “heytə lək - yaxınlaş” deyənlər günü-gündən artmaqda, “Mən Rəbbimdən qorxuram, harama yaxınlaşmaram” deyən gənclərimiz də o nisbətdə azalmaqdadır. Amma Hz.Yusif (ə.s) həbsə atılmağı, zindanda əziyyət görməyi əxlaqsızlıqdan və həyasızlıqdan daha xoş qarşıladı. Allah qorusun, hər bir insan bu həyatda şərə, fitnəyə və böhtana məruz qala bilər. Amma Hz.Yusif (ə.s) kimi o da heç vaxt mərdliyini, qürurunu itirməməli, həbsi belə gözə alıb, haqq-həqiqətdən dönməməlidir. Ayədə belə buyurulur: “(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən, mən onlara meyl edər və cahillərdən olaram”. (Yusuf, 33)
Hz. Yusifin həbs həyatı da ibrətlərlə zəngindir. Zindan onun üçün bir məktəb olmuşdu. Tövhidi, ədəbi, əxlaqı, hikməti öyrətməyə zindanda peyğəmbərlik verildikdən sonra başladı. Neçə-neçə məhkumun hidayətə, imana gəlməsinə vasitəçi oldu. Haqsızlığa məruz qalmasına baxmayaraq heç vaxt ümidsizliyə düşmədi, daim Rəbbinə sığınaraq bir gün haqq və ədalətin öz yerini tutacağına inandı. Bunun nəticəsində də Rəbbimizin yardımı gəldi, Hz.Yusif (ə.s) Misirə və zindana kölə kimi girməsinə baxmayaraq, nəticədə sultanlıq məqamına yüksəldi. Uca Allah imtahanlara göstərdiyi səbri, mətanəti və yüksək həyası sayəsində onu Misirə sultan etdi.
Səbrin, mətanətin, dürüstlüyün, imanın aqibəti daim xeyir olmuşdur. Səbr etməyi bilən, nəticədə, zəfəri qazanmışdır.
ŞƏRHLƏR