BEŞ NÖQTƏDƏ MAYALLAQ VƏ NAMAZ

BEŞ NÖQTƏDƏ MAYALLAQ VƏ NAMAZ

İnsanların bazarda və marketlərdə satılan qidaların genlərinin dəyişmiş olması haqda danışdığını tez-tez eşidirik. Zəmanə insanlarında GDO qorxusu, GDO sindromu var desək, yeridir. Yeyilənin və içilənin GDO-lu olmamasına diqqət edirik. “Orqanik, təbii, natural, sağlam” kimi sözlər insanları sehrli sözlər kimi ovsunlayır. Görəsən, insanlar özləri nə qədər orqanikdir? Nə qədər orqanik qala bilmişik. Təbəssüm etmək, yaxşılıq etmək, xəstələri ziyarət etmək, yaxşılığı əmr edib pis işlərdən çəkinmək və çəkindirmək, bunlar orqanik insan olmağın əlamətlərindən bir neçəsidir. Pis əxlaq, günahlar və üsyan fitrətin, yəni yaradılışdakı təbii saflığın pozulmuş halıdır.

Yəhudilik və xristianlıq genində dəyişikliyə məruz qalmış iki dindir. İslam dininin ən böyük xüsusiyyəti isə “orqanik” olmasıdır. İslam orqanikdir, amma İslamı qəbul edən hər müsəlman İslam kimi orqanik qala bildimi?

Orqanik müsəlman olub-olmadığını anlamaq üçün o müsəlmanın namazla əlaqəsinə baxmaq lazımdır. Namaza laqeyd yanaşmaq, ötürülən namazlara üzülməmək, namaz qılmamağı normal qəbul etmək viruslardan hormonlara, kimyəvi qatqılardan könül genetikasının dəyişmiş olmasına qədər bir çox təhlükələrin xəbərçisidir.

“Beş” deyəndə insanın ağlına nə gəlir? Şillə yeyən insan “beş qardaşı” görmüş olur. Hirslənəndə “sənə beş qardaşı göstərərəm!” deyə təhdid edirik.

“Beş barmaq bir olmaz” məsəli isə Allahın yaradarkən təkrara yol vermədiyini, yaradılanların daim bir-birindən fərqli olduğunu göstərir.

“Beş barmağın hansını kəssən acımaz ki?” sözü sevilənlər arasında ayırma edilməməsini ifadə edir. Ayrı-ayrı qitələrdə yaşasaq da, çox uzaqdakı bir qardaşımızın ayağına dəyən daş bizim canımızı sızıldadar; beş qitədən əsən hüzn, ayrılıq və yoxluq yelləri cüt şüşəli plastik pəncərələrdən belə içəri girər, isti sobanın kənarında da bizi üşüdər.

“Beşi bir yerdə” deyəndə nə başa düşürük? Beş uşağı olan bir ata-ana uşaqları üçün bu sözdən istifadə edə bilər. Türkiyədə bu söz beş dənə qızılın bir zəncir ilə birlikdə boyuna asılmasını ifadə edir.

“Beşi bir yerdə” deyəndə ağlına beş vaxt namaz gələn kəs isə orqanik insandır. Onun könlü saf olaraq qalmış, zəmanənin kirləriylə ləkələnməmişdir.

İslama görə ağıllı olmaq ölümdən sonrakı həyat üçün çalışmaq və hazırlaşmaqdır. Cahil olmaq isə əsla yazı-pozu bilməmək, dünyagörüşü cəhətdən kasad olmaq şəklində izah edilməz; əsl müflis dünyada deyil, axirətdə itirən kəsdir.

Paraşüt kursunda üç həftəlik təlim keçdiyim zaman danışılan ən əsas mövzulardan biri “beş nöqtə mayallağı” idi. Bu, yarım qübbə şəklindəki paraşütlə tullanan şəxsin iki ayağı ilə yerə təmas anında ilk əvvəl ayaqlarının, sonra yan baldırlarının, sonra belinin, sonra çiyin və digər çiyin nahiyələrinin yerə dəyməsi şəklində öyrədilən enmə üsuludur. Beş nöqtə mayallağı olmasa nə olar? Yumru paraşütlə tullanan şəxs ayaqları yerə dəyəndə dik dayansa ya ayağı, ya dizi və ya beli sına bilər. Amma düzbucaqlı şəklində paraşütlə tullanıbsa, mayallaq aşması şərt deyil.

Beləliklə, paraşütlə tullanacaq olan tələbəyə günlərlə beş nöqtə mayallağı məşq etdirilir. Sayılı günlərdə sayılı tullanış etmək üçün günlərlə beş nöqtə təlimi keçirilirsə, cənnətin səkkiz qapısının birindən girə bilmək üçün hansı hərəkətlər təlim etdirilməlidir? Bunun yolu yeddi üzvümüzü qiblə yönündə yerə dəydirməkdir. İbn Abbasın (r.a) rəvayət etdiyinə görə, Nəbiyyi-Əkrəm (s.ə.s) belə buyurmuşdur:

“Yeddi sümük (yeddi bədən üzvü) üstündə səcdə etməklə əmr olundum: alın (mübarək alnını göstərərkən əli ilə burnuna da işarə etdi), əllər, dizlər və ayaq ucları. (Namaz qılarkən) paltarımız ilə saçımızı (pozulmasın və ya tozlanmasın deyə) yığışdırmaqdan da nəhy olundum”. (Buxari, Əzan, 134)

Beş nöqtə mayallağı insanın bədəninə, yeddi orqanı eyni anda yerə dəydirmək isə həm bədəninə, həm də ruhuna şəfadır. Hər gün idmanla məşğul olan, gündəlik iki-üç litr su içməyə səy göstərən, düzgün qidalanmağı və sağlam qalmağı məqsəd bilən insan niyə gündə beş vaxt namaza soyuq yanaşır? Gündə dəfələrlə uzun-uzadı ekrana baxan insan niyə gündə beş dəfə qibləyə, heç olmasa bircə dəfə də Qurana baxmır? Atdığı addımlara “addımölçən” cihazlarla və ya telefonundakı proqramlarla nəzarət etmək beş vaxt namaz qılmaqdan daha mühümdür?..

Rəvayət edilir ki, Rəsulullah (s.ə.s) heç bir iş görmədən boş-boş oturan bir adamın yanından keçərkən ona salam verməyib keçmişdir. “Dünya və ya axirət işlərindən biri ilə məşğul olmadan boş dayanan adam görməkdən xoşlanmıram”. (Kəşful-xəfa, I, 250)

“Boş oturub heç bir iş görməmək daha pisdir, yoxsa namazlarını qılmayıb qəzaya saxlamaq?” deyə soruşsalar, “namazı qəzaya saxlamaq” deyərdim. Peyğəmbərimiz (s.ə.s) heç bir iş görmədən boş oturan adamın yanından salam vermədən keçibsə, görəsən, namaz qılmayana, namaza əhəmiyyət verməyənə, namazı məsxərəyə qoyana necə münasibət göstərərdi?!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz