VƏTƏN SEVGİSİ
Azərbaycan xalqı əsrlərdən bəri vətən torpaqlarını müxtəlif dövrlərdə hissə-hissə itirmişdir. Gəlin tarixə bir anlıq nəzər salaq:
1534-cü ildə Azərbaycanın cənub-qərb bölgəsi olan Mosul, Kərkük, Ərbil, Süleymaniyyə Osmanlı imperiyasının tərkibinə keçmiş və 1926-cı ildə Türkiyə ilə İngiltərə arasında bağlanan 5 iyun müqaviləsi nəticəsində Mosul, Kərkük, Ərbil, Süleymaniyyə elləri İraqın tabeçiliyinə verilmişdir.
1736-cı ildə Gəncə bəylərbəyi Cavad xan Ziyad oğlu Nadir şahın tacqoyma mərasiminə qatılmadığı üçün Nadir şah Borçalını Qazax mahalı ilə birlikdə Gəncə bəylər bəyliyindən ayırıb Kartli-Kaxeti çarlığına bağışlamış, sonralar isə 1801-ci ildə Rusiya ilə Gürcüstan arasında bağlanmış olan Georqiyevski aktı nəticəsində Gürcüstan, o cümlədən də Borçalı Rusiya ərazisinə qatılmışdır.
1840-cı il islahatları zamanı Azərbaycanın Rusiya tərkibinə qatılan hissəsinin quberniyalara bölünməsi nəticəsində ərazisi 7 min kv. km. olan Dərbənd, Altıparın, Axtı, Doqquzparın, Qaytaq və digər ətraf rayonlar Dağıstan vilayətinə birləşdirildi.
1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan hökuməti Rusiyanın təzyiqi ilə qərar qəbul edərək İrəvan quberniyasının böyük bir hissəsini, təxminən 9 min kv. km-lik bir ərazini ermənilərə güzəştə gedir.
1920-ci ilin aprelində Azərbaycanın bir hissəsində qurulan Azərbaycan Demokratik Cümhuriyyətini işğal edən Rus Sovet imperiyasının 1 dekabr bəyanatına əsasən Zəngəzurun bir hissəsi (4505 kv.km.) Qafan, Gorus, Sisyan və Muğru Ermənistana birləşdirildi.
1920-ci illərin ortalarında Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi Ermənistan ərazisinə birləşdirildi.
1922-ci ildə Göyçə hövzəsindəki Dərəçiçək, Kəvər və Basarkeçər nahiyələri Ermənistanın inzibati ərazisinə qatılıb.
1922-ci ildə Dərələyəz ərazisi ermənilərə verilib.
1929-30-cu illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və s. kəndlərin Ermənistana verilməsi və bu ərazidə Mehri rayonunun yaranması nəticəsində Naxçıvan bölgəsi Azərbaycanın digər rayonlarından aralı salınıb.
1934-cü ildə Azərbaycanın Arazdan cənubda olan ərazilərində Qacar türk dövlətinin Pəhləvilər tərəfindən devrilməsi nəticəsində hakimiyyət farsların əlinə keçir. Bununla da Azərbaycanın bu əraziləri farslar tərəfindən işğal edilmiş olur.
1938-ci ildə martın 5-də Sədərək və Kərki ətrafındakı ərazilər ermənilərə verildi.
1988-94-cü illər Dağlıq Qarabağın işğal tarixini əhatə edir. Bu dövrdə işğal edilmiş ərazilərin sahəsi 17000 kv.km-dir.
Bu nə vaxta qədər davam edəcəkdir?
Bir atalar sözündə deyilir: “Allah heç kimi dünyada vətənsiz, axirətdə imansız etməsin.”
Müəyyən sərhədlər daxilində yaşayan dil, din, tarix və adət-ənənəyə sahib olan insanların meydana gətirdiyi birlik onlara millət adı qazandırdığı kimi, üzərində yaşadıqları torpaqlara da vətən deyilir. Vətən torpağı xarici müdaxilələrdən qorunduğu, daxildə də mal, can və namus təhlükəsizliyi təmin olunduğu, din və vicdan azadlığı tanındığı zaman insanların xoşbəxt yaşayacaqları dünyadakı cənnət olar. Həmin vətəndə yaşayan hər bir vətəndaş torpaqlarını xarici işğalçılara qarşı müdafiə etməklə məsuldur. Çünki insanın sahib olduğu mal, can, namus və din kimi dəyərləri qoruya bilməsi müəyyən sərhədlər daxilində təhlükəsiz şəraitdə yaşamasına bağlıdır. Bu dəyərlərin təhlükəsizliyini təhdid edənlərə qarşı vətənin hər qarış torpağını canı və qanı bahasına olsa belə qorumaq hər bir vətəndaşın borcudur və bu vacib əməldir.
İnsan yaradılışı etibarı ilə doğulub boya-başa çatdığı, üzərində yaşadığı torpağı, yəni vətənini sevər. Vətən məfhumu bütün canlılarda mövcuddur. Bir hekayədə anladıldığı kimi: Bülbülü qızıl qəfəsə qoymuşlar, “ah vətənim” deyə fəryad etmiş. Vətənin haradır? -deyə soruşmuşlar, “Bir ağacın budağıdır”, -demiş. Vətən sevgisi ən təbii sevgilərdən biridir. İnsan vətənini sevər, çünki azadlığı, rahatlığı, haqqı vətəni sayəsində əldə edər. Evsiz-eşiksiz rahatlıq və təhlükəsiz həyat yaşamaq mümkün olmadığı kimi, vətənsiz də şərəflə yaşamaq mümkün deyil.
Millətləri millət edən, insanlar arasındakı birlik və bərabərliyi təmin edən əxlaqi dəyərlərdən ən mühümüdür vətən sevgisi. Sevgi ilə iman bir-birini tamamlayan iki fərqli ünsürdür. Sevginin şiddəti və dərəcəsi imanın şiddəti ilə ölçülür. Düşüncəmizdəki vətən məfhumu qəlblərdəki iman hissləri ilə həmahəng olduğu zaman “Vətəni sevmək imandandır” məşhur sözü özünü doğruldur. Çünki Allahın verdiyi canı sevərək vətən uğrunda fəda edə bilmək yalnız imanla mümkün ola bilər. Övladlarımızı bu şüurla böyütmək üçün ilk növbədə imanımızı canlı tutmalıyıq. Əks halda vətən olaraq bizlərə əmanət edilən torpaqlara uzaqdan baxmağa məhkum olarıq.
Uzaqdan həsrətlə baxdığın yerlər
Sənin əcdadının yatdığı yerdir.
Diqqətlə qulaq as, gələn səssizlik
Bir vətən qəlbinin atdığı yerdir.
Bu səssiz vətənin torpaqlarında
Gördüyün hər dərə, hər bir dağında
Vətənin uğrunda, namus yolunda
Can verən əsgərin yatdığı yerdir.
ŞƏRHLƏR