Ağsaqqal nəsihəti Şamaxı şəhərinin ağsaqqalı Nəsirov Hacı Ələddin: UCA ALLAHIN YARATDIĞI MƏXLUQATIN ƏN ŞƏRƏFLİSİ İNSANDIR

Ağsaqqal nəsihəti Şamaxı şəhərinin ağsaqqalı Nəsirov Hacı Ələddin: UCA ALLAHIN YARATDIĞI MƏXLUQATIN ƏN ŞƏRƏFLİSİ İNSANDIR

İrfan: Ələddin dayı, əvvəlcə özünüz haqqında məlumat verməyinizi xahiş edirik.

Ələddin dayı: Mən 1928-ci ilin noyabr ayında Şamaxının Padarçöl kəndində anadan olmuşam. Böyük qardaşımın 8, mənimsə 4 yaşım olanda anamızı itirmişik. Allah ölənlərinizə rəhmət eləsin. Rəhmətlik bir qoca nənəmiz vardı. Mənim 11 yaşıma  qədər bizə baxıb, analıq qayğısı göstərib. Nənəmiz Haqqın rəhmətinə qovuşandan sonra atam ikinci dəfə evlənmək məcburiyyətində qalıb. Mənim 13 yaşım olanda Böyük Vətən müharibəsi başlandı. Qardaşım Nurəddin davaya getdi və qayıtmadı. Atamın ikinci evliliyindən də 4 uşağı oldu və körpə bacı-qardaşlarımın ehtiyaclarını ödəmək üçün atamdan sonra məsuliyyət mənim üzərimə düşdüyündən, ağlım kəsəndən əmək fəaliyyətinə başlamışam.

İrfan: Dediyiniz kimi uşaqlıq illəriniz müharibə dövrünə düşüb. O illərin gətirdiyi ağrı-acılar, qayğılar yəqin ki, sizin də həyatınızdan yan keçməyib.

Ələddin dayı: Qeyd elədiyim kimi ilk növbədə qardaşımın müharibəyə getməsi səbəbindən bir uşaq kimi mənim də qayğılarım artıb. Günortadan axşama qədər, bəzən də dərsə getmədiyimiz günlərdə səhərdən axşama qədər bir ovuc buğdaya işləmişik. Yaz-yay fəsillərində uşaqlarla yığışıb cürbəcür otlar- əməköməci, quzuqulağı və s. yığıb gətirər və onu qovurub yeməklə dolanardıq. İndisə Allaha şükürlər olsun ki, bolluqdur. Allah-Təala bizlərə hər cür nemət bəxş etmişdir. Bu nemətlərə görə daim Uca Yaradana şükürlər etməliyik.

İrfan: Müharibədən sonrakı illərdə vəziyyət necə idi? Ümumiyyətlə orta məktəbi bitirdikdən sonra nə işlə məşqul olmusunuz?

Ələddin dayı: Orta məktəbi kəndimizdə bitirdim. 1950-ci ildə Padarçöllə Hacıqədirli kəndlərinin kolxozları birləşdi və o vaxt mən Padarçöldə Kənd Sovetinin katibi vəzifəsinə təyin olundum. Kolxozun sədri rəhmətlik Mirkazım ağa idi. Mən gəldim sədrin qəbuluna və ona bildirdim ki, körpə bacı-qardaşlarım olduğuna görə ehtiyacımız bir qədər də artıb. Ona dedim ki, katiblik işini axşamlar da görə bilərəm. Kolxozda da mənə bir iş verməsini xahiş etdim. Bu xahişdən sonra rəhmətlik Mirkazım ağa yerindən qalxdı və məni bağrına basıb qucaqlayaraq dedi: “Bala, halal olsun səni doğan anaya! Çoxları veyil-veyil gəzdiyi halda, sən ikinci bir iş istəyirsən. Allah həmişə sənin qazancını bol eləsin”.

1955-56-cı illərdə Bakıda birillik mühasibatlıq kursunu oxudum. Bir il sonra İsmayıllının Şəbyan, Bilistan və Bəhliyan kəndlərinin birləşmiş kolxozunda mühasib işlədim. Burada bir neçə il işlədikdən sonra Şamaxının Mirikənd kəndində 12 kəndi – o cümlədən Muğanlı, Qaravəlli, Meysəri və s. kəndlərinin birləşmiş kolxozunda baş mühasib işlədim. 1984-cü ildə Şamaxı rayonu Kənd Təsərrüfatı Texnikalarının Təchizatı İdarəsində baş mühasib işlədim. Direktorumuz rəhmətlik İrşad müəllim idi. Mən ondan  namaz qılmağımız üçün bir yer ayırmasını xahiş etdim və o da bir vaqon gətizdirdi. Mən və məndən başqa da bir neçə adam orada ibadətimizlə məşqul olurduq. Lakin onda indiki kimi deyildi və biz aşkarda ibadət edə bilmirdik. Həyatım boyu harada işləməyimdən asılı olmayaraq, həmişə haramdan uzaq durmuşam. Lap əziyyət çəkib bir neçə yerdə işləmişəm, amma balalarıma bir tikə haram çörək yedizdirməmişəm.

İrfan: Yeri gəlmişkən bilmək istəyirik ki, neçə yaşınızdan namaz qılırsınız və ibadətlə məşğulsunuz?

Ələddin dayı: Hələ uşaq yaşlarımdan, ağlım söz kəsəndən namaz qılıram. Namaza belə erkən başlamağımın da səbəbləri var. Allah ölənlərinizə rəhmət eləsin, rəhmətlik atam İsbat kişi kəndin mollası idi. Atamın da atası –yəni mənim babam rəhmətlik Nəsir kişi də el mollası idi. Dədə-babalarımız bu yolu tutduğundan biz də bu ab-havayla böyümüşük. Bir də ki oğul, şüuru, düşüncəsi, ağlı olan hər bir insan bu yolla getməlidir. Allah-Təala bu boyda kainatı yaradıb. Onun içərisində bu qədər məxluqat yaradıb. Uca Allahın yaratdığı məxluqatın ən şərəflisi isə insandır. Elmi də, şüuru da məhz insana verib. Bir düyməyə toxunmaqla Allahın izniylə insanların nələrə qadir olduğu hamıya məlumdur. Allah-Təala gözü, dili, dişi, qulağı, əli, ayağı bizə təmannasız olaraq vermişdir. Bu səbəbdən də insan oğlu ömrü boyu Allah-Təalaya borclu qalır. Bu borcun müəyyən bir qismini də məhz Ona ibadətlə və Onun verdiklərinə həmd və şükür etməyimizlə ödəyə bilərik.

İrfan: Neçə övladınız var və bu gün onların cəmiyyətdə tutduğu mövqe bir valideyn kimi sizi qane edirmi?

Ələddin dayı: Doqquz övladım var. Üç qız övladımın ikisi artıq nənədir. Oğlanlarım hamısı ali təhsillidir. Mən həmişə necə ki, İslam öncüllərindən birinin dediyi kimi, onlara hər bir işdə orta mövqedə olmalarını tövsiyə etmişəm. Əgər onların hamısı halal zəhmətlə ruzilərini qazanırlarsa, demək olar ki, hamısı ibadət əhlidirlərsə, demək, ilk növbədə  onlar birinci Allah-Təalanı, sonra isə məni qane etmiş olurlar. Belə olduğu halda onların cəmiyyətdə tutduqları mövqe də inşallah təqdirəlayiq olar.

İrfan: Ələddin dayı,bugünkü gündə biz gənclərə nələri tövsiyə edirsiniz?

Ələddin dayı: Mən övladlarıma nələri tövsiyə edirəmsə, sizə də onu tövsiyə edirəm. Allah-Təalanın buyurduğu yolla gedin. Onun haram buyurduqlarından çəkinin. Bütün kainatın fəxri olan Məhəmməd Peyğəmbərin (s.ə.s) əxlaqını örnək tutun. İslamın ipi, bağı, gücü olan Qurani-Kərimi oxuyun. Onun fəlsəfəsini dərk edin. Axirətinizi düşünə-düşünə həyatınızı yaşayın. Zəhmətdən qorxmayın. Yalnız halal ruzi qazanmaq barədə düşünün. Allahın nəzəri və duası həmişə üstünüzdə olsun. Allah-Təala sizi hər iki dünyada xoşbəxt eləsin. Amin!..

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz