QARABAĞ DƏRDİ
Fevral ayının gəlişi ilk növbədə bütün azərbaycanlıların yadına dəhşətli Xocalı faciəsini salır. XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsi özü ilə birlikdə sağalmaz yaramız olan Qarabağı da gözlər önünə gətirir. O Qarabağı ki, hər zaman bizə dost görünən, əslində əbədi düşmənimiz olan mənfur qonşularımızın iştahını qabardırdı. Ümumi götürəndə deyə bilərik ki, tarixən qonaqpərvərliyi ilə tanınan türk xalqları hər zaman təbiətin ən gözəl guşələrində, səfalı obalarda məskunlaşmışlar. Lakin əlindəkiləri qonşusu ilə bölüşməyi özünə adət etmiş, darda qalana, imdad diləyənə kömək əli uzadan, genində nəcib duyğuların hakim kəsildiyi bu xalqın övladları tarixin müəyyən mərhələlərində mənfur qonşuları tərəfindən xəyanətə uğramışlar.
Bir zamanlar dünyada bir qarış torpağı olmadığı üçün dövlət qura bilməyən və yalnız XV əsrdən etibarən Şimali Fərat hövzəsindən gələrək, qədim türk tayfası olan ərmənlərin məskunlaşdığı Qərbi Azərbaycan torpaqlarında özlərinə yer edən haylar hər zaman böyük Hayastan qurmaq xəyalları ilə yaşamışlar. Bir zamanlar İrəvan xanlığında mehtər, nökər və bu kimi aşağı sinfi təmsil edən ermənilər özlərinə sığınacaq verən, süfrəsini onlarla paylaşan Azərbaycan türklərinə qarşı kin və nifrət duyaraq, bu torpaqlara göz dikmiş və xəyallarındakı Böyük Ermənistanı məhz bu torpaqlarda qurmaq niyyətinə düşmüşlər. Yeni doğulmuş körpəsinə laylasında “türk sənin düşmənindir” təlqinləri edən bu nanəcib qonşularımız tarixin müəyyən mərhələlərində qonaq kimi məskunlaşdıqları torpaqların yerli sakinlərinə qarşı hər zaman pusqu qurmuş, zəif və əlverişli anı gözləmişlər. Zaman-zaman dinc əhaliyə qarşı soyqırımlar törədərək soydaşlarımızı qorxutmaq və bu səfalı ellərin sahibinə çevrilmək, yeraltı və yerüstü sərvətlərimizi mənimsəmək ətrafında planlar qurmuşlar. 1905 və 1918-ci ildə baş verən qırğınlar unudulmadan, əsrin əvvəlində erməni vəhşətinin açdığı yaralar hələ tam sağalmadan, 1948-53-cü illərdə baş verən deportasiyanın acıları unudulmadan 1988-ci il hadisələri baş verdi. Əvvəlcə planlı şəkildə həyata keçirdikləri “Türksüz Ermənistan” siyasətini yeridərək ogünkü Ermənistan SSRİ-ni bu torpağın həqiqi sakinlərindən təmizləməyə başladılar. Məhz bu zaman Ermənistan hökuməti “Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri ilə birgə azərbaycanlıların qovulması prosesinə start verdilər və minlərlə qanlı aksiyalar törətdilər. Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı-türk öz ev-eşiyindən qovulmuş, 217 həmvətənimiz qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər isə qəddarlıqla döyülərək amansızca qətlə yetirilmişdir. 35 nəfər işğəncə ilə qətl olunmuş, 115 nəfər diri-diri yandırılmış, 16 nəfər güllələnmiş, 10 nəfər əzablara dözməyərək infarktdan dünyasını dəyişmiş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüşdür. Öldürülənlər arasında suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətl edilənlər də vardı. Lakin bu zaman baş verənləri erməni qardaşlarına havadarlıq edən Sovet imperiyasının rəhbərliyi hər cəhd ilə ört-basdır etməyə çalışırdı.
Zaman keçdikcə Dağlıq Qarabağa olan erməni iddiaları böyüyərək qorxunc hal almağa başladı. Çörəyimizi yeyən, qapımıza sığınan, özünü məzlum quzu kimi göstərən bu bir ovuc xalq birdən-birə necə olmuşdusa canavara çevrilmişdi. Demə, bu ləyaqətsiz insanların yaltaqlıqlarına və şirin dilinə aldanmışıq. Düşmənimiz ocaq başında imiş. Əslində hər şeyin səbəbkarı elə özümüz olmuşuq, qoynumuzda ilan bəsləmişik. Atalarımız yaxşı deyiblər: “Bəslə qarğanı, oysun gözünü”. “Arxalı köpək qurd basar” məntiqi ilə hərəkət edərək, xarici havadarlarının da dəstəyi ilə ən səfalı guşələrimizə silahlı hücumları səngimədən davam etdirən ermənilər keçən əsrin son onilliyində bizə böyük ziyan vurdular. Sadəcə torpaqlarımızı alaraq maddi deyil, yetişməkdə olan gənc yeniyetmələrimizin xəyal dünyasını da soyub taladılar...
Bu gün səfalı guşələrimiz olan Xocavənd, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan kimi bir-birindən gözəl və strateji ərazilərimiz erməni tapdağı altındadır. Ömür boyu zərər gördüyümüz qonşularımız tərəfindən bu torpaqlarda yaşayan minlərlə, on minlərlə dinc sakin amansızcasına qətlə yetirilmişdir ki, bunlar arasında qocalar, qadınlar və günahsız körpələr də xeyli çoxluq təşkil edir. İşğal olunmuş ərazilərdə tarixi abidələr, səhiyyə müəssisələri, kənd təsərrüfatı, təhsil ocaqları, əcdadımızın uyuduğu qəbiristanlıqlar vəhşicəsinə dağıdılmışdır.
Əminik ki, bu gün torpaqlarımız düşmən tapdağı altında olsa da tezliklə geri alınacaqdır. Əsas məsələ odur ki, bundan sonra tarixin bir daha təkrar olunmaması üçün baş verənləri yaddan çıxarmayaq, bir daha eyni səhvə yol verməyək.
ŞƏRHLƏR