QILINC VƏ QƏLƏM YOXSA...
Qılınc və qələm deyiləndə dərhal yadımıza görkəmli ədibimiz Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı gəlir. Bu romanı oxuyanlara məlumdur ki, ədib burada qılıncın və qələmin gücündən bəhs edir. Əsərin qəhrəmanlarından biri sərkərdə Fəxrəddin, digəri isə şair Nizami Gəncəvidir. Biri qılıncı ilə mübarizə aparır, haqqı müdafiə edir, digəri isə qələmi ilə haqqı təbliğ edir. Təbii ki, bu, əsərin ideologiyasıdır.
Qələm yazı alətidir. Qılınc da silah. Qələmlə yazıb haqqı bəyan, qılıncla isə müdafiə edirləe. Lakin bəzən qılıncla zülm də edilmişdir. Bu, öz yerində. “Qılınc və qələm” daha çox XII əsrin ictimai-siyasi həyatını əks etdirir. Təbii ki, bu, M. S. Ordubadinin əsərində belə qələmə alınıb. Bu, bir təxəyyül də ola bilər. Amma onu da deyim ki, tutarlı qarşılaşdırmadır. Qılınc haqsızlığın kökünü kəsdiyi kimi, qələm də haqsızlığın ifşasında mühüm rol oynayır.
Biz isə qılınc və qələm əvəzinə günümüzdə avtomat və klaviaturadan istifadə edirik. Nəyə görə? Çünki artıq qılınc tarixə gömülübdür. Qılıncın yerini isə artıq avtomatlar və digər müasir silahlar tutmuşdur. Hətta bu silahlar qılıncı nəinki kölgədə qoyur, lap belə mənasız edir. İndi qılınc mərdlik simvoludur. Necə ki, “Koroğlu” dastanında Koroğlu ah çəkib mərdliyin geridə qaldığını deyir. Bəli, qılınc mərdliyin silahı idi. Qılınc hər xalq üçün müxtəlif məna daşıyır. “Fransada indi də qılınc səlib müharibələrinə səsləyən bir şey kimi başa düşülür, halbuki şərqdə qılınc sakral, mistik hisslər oyadır, şiə təsəvvüründə isə o nə vaxtsa zühur edib yer üzündə haqqı-ədaləti bərqərar edəcək qaib imamın hakimiyyət rəmzidir” (H. S. Həsənli, İslam Mədəniyyətində Elm, səh. 22).
Göründüyü kimi hal-hazırda qılınc sadəcə rəmz, güc və sair kimi keyfiyyətləri ifadə etmək üçün istifadə olunur. İndi isə qılınclar müzeylərdə tarixi əşya kimi saxlanılır: “Filan şahın filan adlı qılıncı”. Bəli, bütün bunlar sübut edir ki, keçmiş bizdən çox uzaqlaşır, ancaq gələcək bizə nə qədər yaxınlaşacaq deyə soruşsaq, buna cavab tapmaq çox çətindir.
Qələm də hər nə qədər öz mahiyyətini qorusa da, yenə əvvəlki kimi öz əhəmiyyətini saxlamayıbdır. Elə götürək, indiki iş adamlarını, şirkətləri bütün bunların hamısı kompyüterdən istifadə edirlər. Tək-tük halda qələmdən istifadə olunur. Artıq əlyazma yavaş-yavaş tarixə gömülür. Bu gün bir qəzet müxbiri bir məqalə yazacaqsa, o, artıq əlinə qələm alıb, oturub başdan sona mətni yazmaz, əksinə birbaşa kompyüterə yazacaq. Bu, həm vaxtı az aparır, həm də daha çox oxumağa vasitə olur. Elə bu sətirlərin müəllifi də bu məqaləni birbaşa kompyüterdə yazır. Qələmdən deyil, klaviaturadan istifadə edir. Amma ara-sıra insan əlinə qələm alıb özü üçün müəyyən qeydlər aparır. Amma yenə onu kompyuterdə yazmalı olur. Nəticə etibarilə indi qələmin yerini klaviaturalar alır artıq.
Necə də maraqlı deyildimi əvvəllər hamı evinə məktub yazardı. Əsgərlikdə, xaricdə olanlar yaxınlara, qohumlara və ailəyə məktub yazardılar. Biz hərbi xidmətdə olanda qələmimizin itməsini istəməzdik. Çünki tez-tez evə məktub yazardıq və hətta məktubun cavabının gəlməsi üçün bir həftə gözləyərdik. Xüsusilə də bir-birini sevənlərin, nişanlıların məktublaşması daha romantik, daha mənalı olurdu. Yardan gələn məktubun, yarın xəttinin nə qədər xoş və unudulmaz olduğunu bir özünüz düşünün. İndi isə mobil telefonların ortaya çıxması nəticəsində bunların yerini sms və ya danışıq, ya da kompüter, internet, çat nə bilim, götüntülü danışıqlar əvəz edibdir. Artıq sevənlər bir-birinə məktub yazmırlar. Sadəcə sms yazırlar. Artıq sevənlər bir-birini görmək, yarın səsini eşitmək üçün aylarla-illərlə həsrət çəkmirlər. Çünki telefonla danışırlar, bir-birlərinə mms-lə şəkil göndərə bilirlər. Ya da görüntülü şəkildə danışa bilirlər. Bir vaxtlar Bezuqlovun “Canilər” romanını oxuyanda maraqlı bir məlumata rast gəldim. Bu əsərdə belə bir qeyd var ki, insanı tanımaq üçün bunlara diqqət edilməlidir: birincisi xətt, ikincisi savad, üçüncüsü isə məktubun məzmunu. Bu da bunu göstərir ki, xəttə əsasən bir adamın xasiyyətini müəyyən edirlərmiş. Məsələn, xırda-xırda, yığcam yazırsa, deməli, xəsisdir.
Elə bil hər şey öz əslini dəyişməyə başlayır. Dünən əhəmiyyət kəsb edən bu gün öz mahiyyətini itirmiş, tarixdə qalmış, sadəcə tarixi əhəmiyyət kəsb edir. Beləliklə hər şey gedir, bir daha geriyə qayırmır. Keçmişin yoğurduğu və bizə miras qoyduğu elə dəyərlər var ki, biz onu bir anda əhəmiyyətsiz hesab edib tarixin səhifələrinə gömüb, bir daha oradan çıxarmırıq. Bu gün əlində qələm və dəftər olan adama baxanların çoxunun ona gülməyi gələcək, çünki bu gün kompüter dövrüdür. İndi texnologiyanın hakim kəsildiyi dövrdə keçmiş bizim üçün gerilik kimi təsəvvür olunur. İndiki uşaqlar nağıl eşitmirlər və ya oxumurlar, onun yerinə televiziyada teleseriallara və futbollara baxırlar.
Belə demək mümkündür ki, artıq avtomat və buna bənzər silahlar bizdən qılıncı aldı, indi isə klaviatura əlimizdən qələmi alacaqdır. İmkanım olsaydı, mən də Məmməd Səid Ordubadinin yazdığı “Qılınc və Qələm” romanı kimi “Avtomat və Klaviatura” romanını yazardım. İnşallah, niyyətimdə var, Allah qoysa yazmağa cəhd edəcəyəm.
Bu, sadəcə bir fikir idi, atdım ortaya. Təbii ki, indi də oxuyanlar var. İndi də keçmişin dəyərini hətta məndən də yaxşı başa düşənlər var. Amma yenə deyirik, keçmiş bizdən uzaqlaşır və biz gələcəyə yaxınlaşdığımızı hiss edirik. Halbuki gələcək də bizdən uzaqdır. Biz yalnız indini yaşayırıq və bir də keçmişin xatirələri ilə.
ŞƏRHLƏR