Qarabağın ürəyi – Ağdam
Qarabağ düzünün cənub qərbində yerləşən Ağdam rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər, Əsgəran, Xocavənd və Füzuli rayonları ilə həmsərhəddir. ərazisi 1154 km2, əhalinin sayı isə 177,6 min nəfərdir (2010). Ağdam rayonunda 1 şəhər, 2 qəsəbə və 123 kənd vardı.
Ağdam Azərbaycanda insanların məskunlaşdığı, mədəniyyət qurduğu, ən qədim yerlərdən biri olmuşdur. Şuşa Qarabağın gözü, Ağdam da Qarabağın ürəyi adlandırılırdı. Arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, Ağdam rayonunda insanlar 8-10 min il bundan əvvəl yaşamışlar. Xındırıstan, Qərvənd, Sarıcalı, Ağdamkənd, Zəngişalı, Kəngərli kimi kəndlər ən möhtəşəm yaşayış məskənlərindən biri olmuşdur. Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə aparılan arxeoloji tədqiqatlar zamanı Eneolit (e.ə. VI-IV minillik, mis-daş dövrü) və Orta Tunc (e.ə.III minillik)dövrünə aid dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə dair maddi-mənəvi abidələr aşkar edilib.
Görkəmli Azərbaycan arxeoloqu, mərhum Rəşid Göyüşov Ağdam haqqında belə deyir: “Ağdam ərazisində 3-4 min il bundan əvvəl yaşamış əhalinin maddi-mədəniyyət abidələrinin zənginliyini qoruyub saxlamaq üçün Qafqazda ilk şəhər tipli yaşayış məskənləri salınmışdır.”
Ağdamda qədimdən bəri daim türkdilli tayfalar məskunlaşmışdır. Bunu təsdiq edən bir çox tarixi faktlar mövcuddur. Eramızdan əvvəl VII əsrin sonlarında “Kimmer” olaraq adlanan bir türk tayfasının Qara dənizin şimalından indiki Ağdama gəldikləri və eramızdan əvvəl 715-ci ildə Urartu ordusunu məğlub etdikləri bilinməkdədir. Bundan əlavə son antik və ilk orta əsrlərdən bəri Ağdam ərazisində türkdilli tayfalar məskunlaşmışdılar.
E.ə IV əsrdə Şahbulaq ərazisində Tərnöyüd şəhəri salınmışdır. Alimlər sübut etmişlər ki, Tərnöyüd şəhəri məhz utilərə məxsus olmuşdur. Yenə mənbələrin verdiyi məlumata görə Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyunca məskunlaşmışdılar. Bütün bunlar Ağdamın Azərbaycanın tarixində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını göstərməkdədir.
Aquen (İndiki Ağdam) Alban hökmdarı III Vaçaqanın hakimiyyəti illərində siyasi və dini mərkəz kimi önəm daşıyırdı. Aquen adı X-XI əsrə kimi öz adını qoruya bilmişdir. Ondan sonra artıq Aquen adına rast gəlinməmişdir. Aquen adındakı “aqu” sözü türk dillərində “ayi” kimi işlənərək “yaxşı”, “xoş”, “mülayim” mənasını daşıyır. Addakı “en” isə “məkan” anlamına gəlir. Bu deyilənlərdən də belə nəticəyə gəlmək olar ki, Aquenin mənası “yaxşı məkan”-dır. Ağdam sözünün Aquenlə nə vaxt əvəz olunduğu tam olaraq bilinməməklə birlikdə XIII əsrdə bəzi tarixi hadisələrdə Ağdamın adı çəkilməkdədir.
Ağdam adının tarixi haqqında başqa bir versiya da belədir. XVIII əsrdə mövcud olmuş Qarabağ xanlığının banisi Pənah Əli xanın Ağdamda tikdirdiyi binanın damı ağ olduğuna görə xalq tərəfindən həmin evə“ağ” və “dam” söz birləşməsindən ibarət “ağ dam” adı verilmişdir. Amma yuxarıda qeyd etdiyimiz kimi bu ad orta əsrlər dövründə işlənmişdir.
Ağdam hər zaman Qarabağın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. 1905-ci ildə erməni-azərbaycanlı münaqişəsində Ağdamda bu münaqişədən zərər çəkənlərə kömək və eyni zamanda əks hücumlarda lazım ola biləcək silah-sursat təmin etmək məqsədilə xeyriyyə cəmiyyəti qurulmuşdur.
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra da Ağdamda üsyanlar səngimirdi. Bunlardan biri 1920-ci ildə baş verdi. Bu üsyan ancaq N.Nərimanov kimi bir çox nüfuslu insanların Ağdama gələrək geniş təbliğat kampaniyasından sonra nisbətən yatırılır.
Tarix təkrar edir. Yenə erməni seperatçıları Dağlıq Qarabağın onlara aid olduqlarını iddia etməyə başladılar. Bu məqsədlə 1988-ci ildə mövcud dövlətlərini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan dövləti Ermənistanda yaşayan azərbaycanlıları öz doğma yurdlarından çıxartmağa başladılar. Bu prosesdə minlərlə soydaşımız məhz Ağdama pənah gətirmişdi.
Ermənilər bununla kifayətlənməyərək Dağlıq Qarabağda da dinc sakinlərə qarşı hərbi təcavüzə başladılar. 1988-ci ilin başlarında başlayan bu müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun üzərinə düşmüşdür. Dağlıq Qarabağ Muxtar Vilayətindən, doğma isti ocaqlarından silah gücünə, amansız vəhşiliklərlə qovulub didərgin salınan minlərlə azərbaycanlıların gedəcəkləri yer yenə Ağdam rayonu oldu.
Ermənilərin bütün bu vəhşiliklərinə qarşı minlərlə ağdamlı əllərindəki baltayla, yabayla Əsgəran üzərinə yürüdülər. Elə həmin gün Qarabağ döyüşlərində ilk dəfə iki nəfər: Bəxtiyar və Əli şəhid oldu. Bundan sonra tam 5 il Ağdam ermənilərin onu işğal etmə niyətlərini ürəklərində qoydu. Ermənilərlə üz-üzə illərlə savaşdı. Artıq Xocalı, Şuşa, Laçın, Xocavənd bir-bir erməni işğalçıları tərəfindən zəbt olunmuşdu. Bütün bunlardan sonra Ağdamın dayanma gücü tükənirdi. Nəhayət, Kəlbəcər də 1993-cü ilin aprel ayında işğal olundu. Bundan sonra 1993-cü il iyulun 23-də Qarabağın ürəyi olan Ağdam ermənilər tərəfindən işğal olundu.
Ağdam işğal olunduqdan təxminən bir ay sonra qısa bir müddət ərzindən tam 3 rayonumuz, iki ay sonra da daha bir rayonumuz ermənilər tərəfindən işğal olundu. Bu da Ağdamın Qarabağ döyüşlərində nə qədər strateji bir mövqedə olduğunun əyani sübutudur.
Qarabağ döyüşlərində Ağdam tam 6000-ə yaxın şəhid verdi, 3500 nəfərdən artıq vətəndaş əlil oldu. Bu rəqəmin çoxluğunu nəzərə alanda Ağdam əhalisinin bu müharibədə nə qədər fəal olduğunu görmək mümkündür.
Ağdamın 77,4%-nin işğal olunması nəticəsində Ağdam şəhəri başda olmaqla 89 kəndi yer üzündən silindi. Həmçinin əkinə yararlı 28 min hektar sahə, 24 tikinti-quraşdırma idarəsi, 12 sənaye müəssisəsi, 74 məktəb, 105 səhiyyə müəssisəsi, 271 mədəniyyət evi, 67 idarə, 99 klubla birlikdə 4 dünya, 3 ölkə, 130 yerli əhəmiyyətli memarlıq və arxeoloji abidə dağıdıldı.
Hal hazırda Ağdamın işğal olunmayan 10 kəndində və Quzanlı qəsəbəsində əhalinin sayı 100 minə yaxındır. 75 mindən çoxu isə Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışdır.
ŞƏRHLƏR