İMAM CƏFƏRİ SADİQ
- Hz. Zeynəlabdinin nəvəsi və Məhəmməd Baqir həzrətlərinin oğludur. 699-cu ildə Mədinədə dünyaya gəlmişdir. Anası Ümmü Fərvədir. Ümmü Fərvə Hz. Əbu Bəkrin nəvəsi Əbu Məhəmməd Qasımın qızıdır. Nənəsi isə Hz. Aişənin bacısı Əsma (r.anhə)-dir. İffət, şərəf və ləyaqətinə görə seçkin qadınlardandı. Əsrin dahi və fəzilətli alimlərindən olan atasının evində böyüyüb boya-başa çatdı. İmam Cəfəri-Sadiq babası Zeynəlabdin həyatda ikən dünyaya gəldi. Atası İmam Məhəmməd Baqirin çətinlik və iztirabla keçən həyatında daim ona dəstək və arxa oldu. Atası ilə birlikdə dəfələrlə həcc etdi.
- İmam Cəfəri Sadiq tarixin ən mühüm dövrlərindən biri sayılan Əməvi səltənətinin tənəzzülü və Abbasi səltənətinin başladığı illərdə yaşadı. Cəfəri Sadiq səltənət sahiblərindən gələn bütün təkifləri geri çevirdi. Məhz həmin dövrdə elm məclisləri quraraq dərslər keçdi. Bu dərslərə və elm məclislərinə minlərlə adam gəldi. İmam Cəfəri sadiq bütün imamlar kimi dərin elm sahibi idi. Bildiklərinin tələbələr vasitəsilə bütün bəşəriyyətə yayılmasına çalışdı. Onun ən məşhur tələbəsi olan İmam Əzəm Əbu Hənifə iki il Cəfəri Sadiqin söhbətlərində iştirak edərək o böyük irfan bulağından elm və vəlilik yolunda çox istifadə etdi. İmam Əzəm onun hüzurunda yüksəldiyi ali mərtəbələrə diqqət çəkərək belə demişdi: “O iki il olmasaydı, Numan həlak olardı”.
- İmam Cəfər Sadiq (r.a) öz dövrünün könüllər sultanı idi. Quran və Sünnəni ən yaxşı bilən ailədə böyümüşdü. Əvvəlcə babası, atası və anası Quran və Sünnə sahəsində yetişdirmişdi. Dövründə yaşayan elm xadimlərindən ayrılmazdı. Zəmanəsinin ən məşhur hədis alimləri Urvə, Ata, Nafi və İmam Zöhri həzrətlərindən hədis rəvayət etmiş, onların hədis dərslərinə qatılmışdı. Ondan da Süfyan Servi, İmam Malik kimi böyük elm sahibləri hədis nəql etdi. Bir çox hədis imamı onun hədislərini kitablarına siqa (etimad olunan) ravi vəsfi ilə almışdır.
- İmam Cəfər Sadiq həzrətləri hər sahədə mötəbər alim idi. Saymaqla qurtarmayacaq qədər hikmətli sözləri vardır:
- - Harama əl uzatma, Allahın əmrlərinə sarıl, Allahın abid qulu olarsan.
- - Allahın sənə qismət etdiyinə razı ol, o zaman həqiqi müsəlman olarsan.
- - İnsanların səninlə necə dost olmasını istəyirsənsə, onlarla o cür dostluq qur. O zaman güvənilən insan olarsan.
- - Pis adamla yoldaşlıq etmə. Çünki o sənə pisliklərini öyrədər.
- - Namaz hər təqva sahibi üçün yaxınlıqdır. Həcc hər gücsüzün cihadıdır. Bədənin zəkatı orucdur. Əməl, ibadət, xeyirli iş görmədən qarşılıq gözləyən yaysız ox atana bənzəyir.
- - Sədəqə verərək ruzinizi artırın. Zəkat verərək mallarınızı qoruyun. Qənaət edən aldanmaz. Dolanışığın yarısı tədbirli, nizamlı yaşamaqsır. İnsanlarla xoş rəftar etmək ağlın yarısıdır.
- Cəfər Sadiq həzrətlərinin oğlu Museyi-Kazıma etdiyi nəsihət məşhurdur. Belə buyurmuşdu:
- “Oğlum, öz ruzinə razı ol. Ruzisinə razı olan heç kimə möhtac olmaz. Başqasının malında gözü olan kasıb olaraq ölər. Öz qüsurlarını kiçik görən başqalarının qüsurunu böyütmüş olar. Hər zaman öz qüsurlarını böyük gör. Başqasının gizli əməlini açığa çıxardanın evindəki gizli halları hamıya aşkar olar. Qardaşına quyu qazan özü düşər. Axmaqlar arasında olan xor görülər, alimlər arasında olansa hörmət görər.
- Oğlum, insanlara qəzəblənməkdən uzaq ol, yoxsa sənə də qəzəb edərlər. Boş işə və sözə qoşulmaqdan uzaqlaş, yoxsa xor görülərsən.
- Oğlum lehinə və əleyhinə də olsa, haqqı, düzü söylə. Belə etsən, hamı səninlə məsləhətləşər, fikrini alar.
- Oğlum, yoldaşlıq etdiyin, ziyarətinə getdiyin adam yaxşı əxlaq sahibi olsun, pis əxlaqlı insanlarla yoldaşlıq etmə, onlarla görüşmə. Çünki onlar suyu olmayan səhra, budaqları yaşıllaşmayan ağac, ot bitməyən torpaqdır.
- Oğlum, Allah-Təalanın kitabını oxu, yaxşılıqları əmr et, pislikdən çəkindir, sənə gəlməyənə get, səninlə danışmayanla danış. İstəyənə ver. Qeybətdən, söz gəzdirməkdən çəkin. Çünki söz gəzdirmək insanların qəlbində düşmənçiliyi artırır. İnsanların eyiblərini görmə, insanların eyiblərini görən onların hədəfi olar.”
- İmam Cəfər Sadiq həzrətləri hicri 148, miladi 765-ci ildə Mədinədə vəfat etdi. Cənnətul-Baqi məzarlığında, atası Məhəmməd Baqir ilə babası Zeynəlabdin və babasının atası Həsən ibn Əlinin (Allah hamısından razı olsun) yanında dəfn edildi. Allah şəfaətlərinə nail etsin!
ŞƏRHLƏR