Peyğəmbərimizin Mövludu
İnsanlığın qurtuluşu üçün göndərilən son və ən böyük peyğəmbər Hz. Məhəmməd (s.ə.s)-dir. Onun dünyanı şərəfləndirdiyi gün isə miladi 571-ci il, hicri Rəbiuləvvəl ayının 12-si olmuşdur. Bu mübarək gecəyə də “Mövlud Gecəsi” deyilir. Hz. İsanın doğum günü dünyada “milad” adıyla necə məşhurdursa, Peyğəmbərimizin doğum günü də dünyada “Mövlud” adıyla məşhurdur.
Hz. İsanın doğulduğu günü milad bayramı adıyla necə ki, bütün dünya qeyd edirsə, nə üçün müsəlman olan bizlər dünyanın ən şərəfli şəxsiyyəti olan Əziz Peyğəmbərimizin doğulduğu günü / mövludu qeyd edib, sevinməyək?!
Mövlud doğulmaq, doğum gecəsi deməkdir. Onun doğulduğu dövrdə dünyanın hər tərəfində cəhalət, zülm və əxlaqsızlıq baş almış, Allah inancı unudulmuş, insanlıq qorxunc və qaranlıq bir hala düşmüş, dünya yaşanmaz vəziyyətə gəlmişdi. Dünyanı səfalətdən qurtaran, insana yenə insanlıq dəyərini qazandıran, insanları bu çirkinliklərdən və zəlalətdən qurtaran Allah Rəsulu olduğu üçün Onun doğumu bütün müsəlmanların, Ona inananların və bütün insanlığın bayramı olmuşdur. Bu nemət üçün Allaha şükür məqsədilə hər il Onun doğum günü qeyd olunur.
İslam dünyasında mövlud mərasimi ilk dəfə 910-1171-ci illərdə Misirdə hökm sürən Fatimilər tərəfindən tərtib edilmişdir. Daha sonralar mövlud mərasimləri dəyişik şəkilləri ilə digər coğrafiyalarda yaşayan müsəlmanlar arasında da təşkil edilməyə başlanmış və bu günə qədər də davam etmişdir. Bu mərasimlərdə Qurani-Kərim oxunur, Peyğəmbər (s.ə.s)-ə təriflər söylənir, salavatlar gətirilirdi.
Rəsulullah (s.ə.s) özünün doğulduğu gündə əshabını yığar, dünyanı şərəfləndirərkən baş verən və uşaqlıq illərindəki hadisələri anladardı. Hz. Əbu Bəkr də xəlifə ikən səhabələrlə birlikdə oturar, Allah Rəsulu doğularkən meydana gələn fövqaladə hadisələrdən danışardı.
Ona görə ümid edilir ki, bu günlərdə Onun doğumu haqqında söhbətləri dinləmək və öyrənmək, Onu mədh etmək və salavatlar gətirmək insana savab qazandıracaqdır. Çünki Rəsulullahı xatırlamaq, Onu anlamaq və yaxından tanımaq hər müsəlmanının sevgisindən qaynaqlanır. Hər müsəlmanın Onu sevməsi imanın gərəyi, çox sevmək də kamil müsəlman olmanın əlamətidir. Bəzən “Peyğəmbəri çox tərif etmək olmaz” -deyə tənqidlərlə qarşılaşmaq mümkündür. Buna cavab: “Əzizim, Onu ən çox öyən, tərif edən Allah-Təaladır. Biz gecəmizi gündüzümüzə qatıb Peyğəmbərimizdən bəhs etsək və tərifləsək də yenə də Allahın tərifinə əsla çata bilmərik”. (Ənbiya 107; Əhzab 56)
Böyük İslam alimi İbn Kəsir rəvayət edir ki, Hz. Peyğəmbərə ən çox düşmənçilik edib, Onu ən çox incidənlərin başında gələn əmisi Əbu Ləhəbi öləndən sonra yuxusunda görənlər, onun nə halda olduğunu soruşduqda, Əbu Ləhəb: “Çox əzab çəkirəm. Lakin Məhəmmədin dünyaya gəldiyi gün sevincimdən cariyəmi azad etdiyim üçün (Onun doğumuna olan bu hörmətimdən dolayı), həmin gün əzabım yüngülləşir”, -cavabını vermişdi. O zaman düşünməliyik ki, Əbu Ləhəb kimi azğın və Peyğəmbər düşməni olan birinin Allah Rəsulunun doğulduğu günə hörmət və sevincinə görə lütf olaraq əzabı yüngülləşirsə, bir müsəlmanın Onun doğulduğu gecəyə hörmət edərək, sevinərək Peyğəmbərimizi mədh etməsi, xatırlaması, Peyğəmbər əxlaqını təbliğ etməsi nə qədər savab və fəzilət qazandıracaqdır.
Peyğəmbərimizin mövludunu keçirmək əslində, Peyğəmbərimizi təbliğ etmək deməkdir. Peyğəmbərimizi təbliğ etmək Onu insanlara daha yaxından tanıtmaq və sevdirmək nə vaxtdan bəri bidət olub, yalnış sayılıb?! Yenə hədis alimlərindən İbn Həcər şərtlərinə diqqət edildiyi təqdirdə mövludun bidəti-həsənə-gözəl bidət olduğunu, bidəti-həsənənin edilməsinin məndub-müstəhəb olduğunu bildirmiş və digər hədis alimi Süyuti də onunla həmfikir olmuş və mövludun sünnədən dəlilini ortaya qoymuşdur. İbn Həcərin mövluda sünnədən dəlili, Buxari və Müslimdə keçən bu rəvayətdir. O belə buyurur: “Mövludun yaxşı tərəfləri var. Mövludun keçirilməsinə (düzgünlüyünə) dair güclü bir dəlil tapdım. “Hz. Peyğəmbər (s.ə.s) Mədinəyə gəldiyi vaxt Aşura günü yəhudilərin oruc tutduqlarını gördü və onlara niyə oruc tutduqlarını soruşdu. Onlar da Aşura günü Allahın Fironu dənizdə boğrub Hz. Musanı qurtardığını, bundan dolayı da şükür məqsədilə oruc tutduqlarını söylədilər. Bunun üzərinə Rəsulullah (s.ə.s): “Musaya biz sizdən daha yaxınıq” buyurdu. Ondan sonra həm özü oruc tutdu, həm də oruc tutulmasını əmr etdi.” Bu hədisdən anlaşılır ki, müəyyən bir gündə bir nemətə qovuşmaq və ya bir bəladan qurtulmaqdan dolayı Allaha şükür edilə bilər və bu, hər il təkrarlana bilər. Allaha şükür vəzifəsi də ibadətlərlə, orucla, sədəqə və Quran oxumaqla olur. (Bura diqqət edin) Hansı nemət rəhmət peyğəmbəri Hz. Məhəmməd (s.ə.s)-in dünyanı şərəfləndirdiyi, dünyaya gəldiyi gündən daha böyük ola bilər?!” Buna görə də Aşura günündə Hz. Musa necə xatırlanırsa, mövlud günündə də Peyğəmbərimizin xatırlanması mümkündür.”
Kortəbii şəkildə mövluda qarşı çıxanlara yenə ən gözəl cavablardan birini İslam alimlərdən İbn Teymiyyə verib. İbn Teymiyyə də “mövludun sonradan ortaya çıxdığını qəbul etməklə birlikdə, mövludda Peyğəmbərimizə sevgi, təzim və hörmət olduğuna görə mövludu keçirənlərin Hz. Peyğəmbərə olan sevgi və məhəbbətlərindən dolayı savab qazanacaqlarını” bildirməkdədir (İbn Teymiyyə, İqtiza, s. 294).
Ona görə də sünnəyə müvafiq olduğu düşüncəsilə mövluda sahib çıxanların, mövlud keçirənlərin görüşləri insaf ölçüləri dairəsində qəbul edilməli, kor-koranə rədd edilməməlidir. Çünki şərtlərinə uyulduğu təqdirdə mövludda əsas olan Hz. Peyğəmbərin anılması, xatırlanması, xatirəsinin canlandırılması və təbliğ edilərək Peyğəmbərin insanlara sevdirilməsidir.
Arzu edirəm ki, sağda-solda mövlud haqqında nalayiq sözlər danışanlar bu yazını oxuduqdan sonra bir az daha insaflı olarlar.
ŞƏRHLƏR