BİR HƏYAT, İKİ FOTO

BİR HƏYAT, İKİ FOTO

Qış öz gəlişi ilə mən buradayam deyir. Qışın gəlməsi ilə sanki insan daha çox ölüm xəbərləri almağa başlayır. Yarpaqların budağından bir-bir tökülməsi kimi növbəsi çatan gedir. Olum və ölüm daim yaşanır.

Bir neçə gün əvvəl tanışlardan birinin cənazə namazını qıldıq Əyyub Camesində. Üzlərdə kədər, gözlərdə yaş vardı. Sözün bitdiyi yerdə idik. Hər kəs tərif edə bilmədiyi bir həqiqəti yaşayırdı. Halbuki hər gün onlarla ölüm xəbəri alırıq. Amma tanıdıqlarımızdan biri olduqda insan fərqli hisslər keçirir. İnsan qışda bir az daha özünə qapanıq yaşayır. Öz səsinə daha çox qulaq verir. Və həyatı daha çox fərqində olaraq yaşayır. Ona görə də eşitdiklərindən çox təsirlənir.

Hər ölüm bir nəsihətdir. İnsan hər ölümlə özünü yenidən hesaba çəkər. Yenidən daxili yolçuluğa çıxar. Özünə suallar verər. Əski dəftərləri vərəqləyər. Keçmişə aid şəkillərini bir-bir gözdən keçirər. Uşaqlıq, gənclik, dəli-dolu illəri. Hamısı keçmişdir və xəyaldan ibarətdir artıq.

İnsan bir həyat yaşayar. Amma o həyatda var olan hər zaman iki foto vardır. O şəklin biri dünyaya gəlməsi, digəri isə dünyadan köçməsidir. İki rəsmin arası uzun bir yoldur. Başlayırsan, gedirsən və bitirirsən.

Dünyaya gələrkən səni gözləyən anan, atan, qardaşların olur. Gəlişin bayram olur. Gözlərini ananın qolları arasında ən məsum halınla açarsan. Anan sənin üçün sevgi, mərhəmət, şəfqətlə hörülmüş bir dünya hazırlamışdır. Hələ dünyaya gəlmədən sənin üçün hər şey hazırlanmışdır. Beşiyin, qundağın, patlarların. Bir körpənin ehtiyacı olacağı hər şeyi səni sevən, səni gözləyən insanlar hazırlaışdır. Yeyib-içdiklərin ilahi təqdirlə müəyyənləşdirilmişdir.

Hər səhər gözlərini açdıqda, yaxud da zülmət qaranlıqda şəfqətli bir üz görərsən. Daim o sevgi dolu səsi eşidərsən. Hələ dünyanın eybəcərlikləri ilə tanış deyil beynin. Hələ başındasan uzun tunelin. Həyatını formalaşdıran iki rəsmdən birinin içindəsən. İkinci şəkil bundan sonra yaşayacaqlarına görə formalaşır.

Getdiyin bu yola həyat deyilir. Acıları, kədərləri, sevincləri olan bir səfər. Bəzən ürəyin ümidlə dolar. Həyatın sonsuz bir okean olar. Var gücünlə qaçarsan. Qəlbində heç vaxt bitməyəcək duyğular qabarar. Zənn edərsən ki, gücün heç vaxt tükənməyəcək, taqətdən düşməyəcəksən. Həyatın daim belə olmasını istəyərsən.

Gün olar, yol bitər. Alovlar sönər. Od közə, sonra külə dönər. Yaşadıqların bulanıq xatərə kimi gələr sənə.

Aynalar səni sənə xatırladar. Üzündə qırışlar var. gözlərində halqalar, saçında ağlar. Hər şey yolun sonuna gəldiyini deyər. Bundan o tərəfə yol yoxdur. İkinci şəklin cizgiləri yavaş-yavaş aydın olur. Əlin tutmaz, gücün çatmaz. Vaxt vardı ki, daşı sıxsan, suyu çıxardı. Amma indi belin bükülüb, özünü də doğrulda bilmirsən. 

Minarədən səla oxunur. Hüzünlü… Bir yanda təlaş, bir yanda ağlaşma səsləri… Ağır-ağır isinir suyun.

Yuyucunun önünə uzanmısan səssiz-səmirsiz. Divarlara səssizlik hopub. Bu tənaşir yüzlərlə sənin kimilərinə şahid olmuşdur. Yuyucunun üzündə sərt cizgilər… Gözləri donuq… Onun üçün hər şey işdən ibarətdir. Sənin kimi yüzlərlə adam yuyub.

Budur, dolabı açır, lazım olan ləvazimatı hazırlayır. Bir neçə metr ağ parça. Təsadüfə bax, dünyaya gələrkən də bir neçə metr ağ parçayla qundaqlamışdılar. İki sabun və gün suyu. Bir az da pambıq və naftalin.

Budur, yumağa başladı. Dəstəmaz aldırır. Yaxınlarından bir nəfər gəlsin,- deyir. Aralarından biri gəlir. Dünən yanındakı oğlun, qardaşın bu gün qorxaraq girir yanına. Nə qəribə dünyadır. Sən eyni adam deyilsənmi? Nə üçün qorxurlar axı səndən?

Tabutunu gətirirlər. Mismarlar möhkəm vurulub. Kim bilir hansı meşənin ağacı idi? Neçə-neçə quş yuva qurmuşdu budağında. Sənə qismət imiş demək. O ağac da öldü. Sənin tabutun olma qədərini yaşadı. Kəsildi, biçildi və tabut oldu.

Aramla qar yağır. Tabutun üstündəki yaşıl örtüyə düşən qar dənələri əriyir. Eynilə həyat kimi. Bir neçə insanın çiynində səssiz-sədasız gedirsən.

Məzarı qazanın əlləri qabar-qabardır. Kim bilir neçə ölünün məzarını qazmışdır. Çörək pulunu oradan çıxardır. Kim olduğunun nə mənası var? Hamı öldükdə eyni olur. Eyni kəfən, eyni tabut, eyni məzar.

Uzun-uzadı torpağa uzanırsan. İlk gün olduğu kimi. Ananın qolları arasında gözlərini açdığın kimi. O zaman sən ağlayırdın, hamı gülürdü. İndi sənin üçün ağlayanlar var. Amma sən susursan.

Bir ağacın altına dəfn etdilər səni. Qış mövsümüdür. Hava buz kimi soyuqdur. Ağacın budağından bir yarpaq yavaş-yavaş süzülür. Məzarının üstünə düşür. Bu tablonun da ömrü bura qədərdir. İnsan doğular, yaşayar və ölər.

Bir həyat yaşayar. Amma həmin həyatda daim iki foto vardır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz