Doğruluq
Zalım bir vali vardı. Bu vali bir gün adamlarını göndərərək Həsən Bəsri həzrətlərini tutdurmaq istədi. O da bir vaxtlar dərs verdiyi Həbibi Əcəmi həzrətlərinin daxmasına gəlib gizləndi. Valinin adamları özlərini çatdırıb:
- Həsən Bəsrini gördünmü?,- deyə soruşdular.
O çox sakit halda:
- Bəli,- dedi.
- Harada?
- Elə bu daxmamda...
Dərhal daxmaya doluşdular, lakin heç cür Həsən Bəsri həzrətlərini tapa bilmədilər. Çölə çıxıb təhdidlə:
- Ya şeyx, nə üçün yalan danışırsan?,- dedilər.
- Mən yalan danışmadım,- dedi, -siz görə bilmirsinizsə, mənim nə günahım var?
Təkrar daxmaya girib axtardılar, lakin yenə tapa bilmədilər. Onlar gedəndən sonra Həsən Bəsri həzrətləri:
- Ey Həbib! Bilirəm ki Rəbbim sənin hörmətinə məni onlara göstərmədi. Lakin yerimi nə üçün söylədin, müəllimlik haqqı yoxdurmu?,- dedi.
Həzrət Həbib xəcalətli bir şəkildə:
- Ey Ustadım! Sizi tapa bilməmələri mənim hörmətimə deyil, doğru söylədiyimizdəndir. Siz də bilirsiniz ki, doğruların yardımçısı Allahdır. Əgər yalan danışsaydım, sizi də məni də aparardılar, dedi.
Tənha adam və qaranquş
Qarlı qış günü idi...
Yağan qardan üşüyən kiçik qaranquş tənha bir adamın pəncərəsinin qabağına gəlib
dimdiyiylə şüşəni döydü. Sanki adamın onun içəri girməsinə icazə verməsini istəyirdi.
Tənha adam bu hərəkəti görsə də quşu qovdu və sonra da öz-özünə deyindi: “Eh, şüşəni dimdikləməklə içəri qəbul edəcəyimi düşünürsən?".
Gecənin bir aləmi ürəyi sıxıldı, külək və soyuq gücləndikcə düşüncələrə daldı, qaranquşun dostluq təklifini qəbul etmədiyi üçün bir az peşmanlıq duydu...
- "Gərək quşu içəri alaydım. Ona bir az yemək verəydim. Evdə ora-bura uçar, şən səslər çıxardar, cikkildəyər, başımı qatardı."- dedi.
Ertəsi səhər qaranquşu görmək ümidiylə pəncərəni açıb ətrafına baxdı. Amma görə bilmədi...
Uzun qış sona çatdı, yenə yaz gəldi...
Ətrafda qaranquşlar cikkildəyib uçmağa başlayanda tənha adam həyəcanla pəncərəni sonuna qədər açıb quşu gözlədi... Amma yenə gələn olmadı.
Onun həvəslə havada uçan quşlara baxdığını görən qonşusu hadisəni öyrəndikdə bir az bir kinayəli səslə:
- "Sevimli qonşum, belə başa düşürəm ki, sən qaranquşların ömrünün 6 aydan artıq olmadığını bilmirsən!", dedi. Bunu eşidən tənha adam çox kədərləndi, amma artıq gecikdiyini anladı...
Hədiyyə
Qarla örtülmüş küçədə sağa-sola qaçır və rastına çıxanlara ovucunda tutduğu əşyanı göstərirdi:
- Bax, bacı nə verdi!...
Hadisəni başından etibarən görmüş, lakin nə baş verdiyini anlaya bilməmişdim.
Məktəbdən çıxan qızlardan biri yanına yaxınlaşmış və yanağından öpərək, kiçik ovuclarına nə isə qoymuşdu. 5-6 yaşlarında olan uşaq qızın arxasınca məəttəl halda baxdıqdan sonra böyük bir sevinclə yerində atılmış və bəlkə indiyə qədər özünə verilən o hədiyyəni başqalarına göstərmənin təlaşına qapılmışdı.
Növbə mənə gəlmişdi ki, gülən gözlərlə baxıb eyni cümləni təkrarladı:
- Bax, bacı nə verdi!"...
Maraqla kiçik əllərini aralayıb qiymətli xəzinəsinə baxdım. Soyuqdan göyərmiş ovuclarında əriməyə başlayan bir qartopu tuturdu. Həm də dizlərinə qədər qara girmiş vəziyyətdə...
Uşaq sürətlə əriyən xəzinəsini daha bir neçə adama göstərmək arzusuyla qaçaraq yanımdan uzaqlaşdı. Tələsdiyindən iki-üç ölçü böyük olduğu aydın olan ayaqqabılarının ayağından atıldığını belə fərq etməmişdi.
Küçənin başındakı dükandardan kim olduğunu soruşduqda:
- Ata-anasını iki il əvvəl qəzada itirib, -dedi, -ona “məhəllənin yetimi” deyirlər.
Könül Qapısı
19 əsrin böyük inilis rəssamlarından William Holman Huntın bir bağçanı təsvir edən tablosu London Kraliyyət Akademiyasında sərgilənirdi. Huntın:
"Kainatın İşığı" adlandırdığı bu tabloda: Gecə əlindəki fənərlə bağçada dayanan filosof qiyafəsində bir adam görünürdü. Adam boş qalan əliylə bir qapını döyür və içəridən cavab gözləyirdi.
Tablonu tədqiq edən bir incəsənət tənqidçisni Hunta baxaraq:
- Gözəl tablodur, amma mənasını heç cür qavraya bilmədim!- dedi, Adamın döydüyü qapı heç açılmayacaqmı?.. Qapıya toxmaq taxmağı unutmusunuz yəqin!..
Hunt gülümsədi:
-Adam fövqəladə bir qapıya vurmur ki, bu qapı insan ürəyini təmsil edir. Ancaq içəridən açıla bildiyi üçün çöldən toxmağa ehtiyac yoxdur!.. dedi.
ŞƏRHLƏR