VAR-DÖVLƏTİN İNFAQI

VAR-DÖVLƏTİN İNFAQI

Var-dövlət Uca Allahın öz bəndələrinə verdiyi əmanətdir. Əgər bu əmanəti Uca Allahın əmrlərinə zidd olaraq istifadə edər, göstərilən istiqamətdə xərcləməzsə, sahibini tez bir zamanda azdırar, hər cür təkəbbürə, zülm və haqsızlıq etməyə vadar edər.

 Belə olduğu zamanda var-dövlət sevgisi qəlbə yerləşər, xeyirli istiqamətlərdə infaq edilə bilməz.

Uca Allah dünya nemətləri içində sadəcə var-dövlət və övladları “fitnə” olaraq ifadə etmişdir. Fitnə ərəbcədən tərcümədə imtahan mənasına da gəlməkdədir. Bir çox peyğəmbərlərin dünya həyatında ən çox imtahana və sınağa məruz qaldıqları xüsus da, məhz övlad və var-dövlət tərəfdən olmuşdur.  Çünki bu iki nemət çox vaxt qəlbdə yer tutub bütləşdirilə bilir. Var-dövlətini bütləşdirən bədbəxtlərin halını Uca Allah Qurani-Kərimdə belə xəbər vermişdir:“…Qızıl və gümüşü yığıb, onları Allah yolunda xərcləməyənlər yoxdurmu, onlara acı verici bir əzabın veriləcəyi müjdəsini ver! O gün (bu yığılıbtoplanan qızıl və gümüşlər) cəhənnəm atəşində qızdırılıb bunlarla onların alınları, yanları ve kürəkləri dağlanacaq.  (Və onlara deyiləcək:) “Baxın, bu, nəfsləriniz üçün yığıb topladığınız sərvətdir. Artıq yığmaqda olduğunuz var-dövlətin (əzabını) dadın”. (ət-Tövbə, 34-35)

Bilinməlidir ki, qazancından Allah yolunda xərcləmək, yoxsul və kimsəsizlərə əl tutmaq, xeyirxahlıq etmək ruzinin bollaşmasına və xeyir-bərəkətin artmasına səbəb olduğu halda, xeyir yollarına sərf olunmayan, nəfsani yollarda istifadə olunan sərvətin isə bərəkəti olmaz. Bu xüsusdakı bir hədisdə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur:“Hər səhər yer üzünə Uca Allah tərəfindən iki mələk enər. Bunlardan biri: “Allahım! Sərvətini haqq yolda xərcləyənin xələfini (infaq etdiyinin yerinə yenisini) ehsan et!” - deyə dua edər. Digəri isə: “Allahım! Xəsislik edənin malını da tələf et!” - deyə bəddua edər”. (Müslüm, Zəkat, 57)

Eyni zamanda səxavətli olmaq insanı cəmiyyət arasında nüfuz sahibi, həmişə özünə xeyir-dua edilən bir insan etməklə yanaşı, axirət aləmində də Uca Allahın razılığına və cənnət mükafatına nail edər. Xəsis insan isə nə bu dünyada, nə də axirətdə xeyirli bir ad-sana nail ola bilər. Bir hədisdə belə buyurulmaqdadır:“Səxavətli olmaq budaqları dünyaya sallanan cənnət ağaclarından  bir ağacdır. Kim onun budaqlarından birindən tutarsa, bu onu cənnətə aparar. Xəsislik isə budaqları dünyaya sallanan cəhənnəm ağaclarından biridir. Kim də onun budaqlarından tutarsa, bu da onu cəhənnəmə aparar”. (Beyhəqi, Şüabul-İman, VII, 435)

Bir insana həsəd etmək qadağan olunduğu halda, infaq edən şəxsə isə həsəd edilməsi caiz görülmüşdür. Hədisdə belə xəbər verilir:“İki şəxsə həsəd etmək caizdir. Birincisi o şəxsdir ki, Uca Allah ona Qurani-Kərimi oxumağı qismət edib, o da gecə-gündüz tez-tez mütaliə edir. İkincisi isə o şəxsdir ki, Uca Allah ona sərvət bəxş edib, o da gecə-gündüz o sərvətindən (Allah yolunda) infaq edir”. (Buxari, Fədailul-Quran, 20, Müslim, Müsafirin, 266)

Allah yolunda infaq etdiyimiz zaman bu xüsuslara diqqət etmək də faydalıdır:

 Allah rizası üçün infaq edən şəxs göstərişdən uzaq, ixlas və səmimiyyətlə etməli, sərvətinin ən yaxşısından və gözəlindən verməlidir. Əvvəlcə öz qohum-əqrəbalarını düşünməli və ilk əvvəlonlardan başlayaraq yardım etməlidir. İnfaq edərkən də olsa, israfa və göstərişə yol verməməlidir. Ehtiyacından artığından infaq edib, ailəsinin haqqına da riayət etməlidir. Zəkat açıqdan verilə bilər, ancaq sədəqə, infaq və xeyirxah işlər gizli edilərsə daha fəzilətlidir. İnfaq edən şəxs yardım edənə əziyyət etməkdən, başa qaxmaqdan da diqqətlə çəkinməlidir.

Uca Allah bu mübarək aylarda verdiyimiz zəkatlarımızı, fitrələrimizi, sədəqələrimizi, infaq və xeyirli əməllərimizi qəbul etsin! Amin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz