Heç bir günahını kiçik görmə!

Heç bir günahını kiçik görmə!

İstər böyük, istərsə də kiçik olsun, bütün günahlar Allahın əmrinə qarşı çıxmaq mənasına gəlir. Həqiqi mömin günahın kiçikliyinə deyil, kimə qarşı üsyan etdiyinə baxmalıdır.

Bir müsəlman kiçik bir günah işləsə belə, şeytan bundan çox məmnun olar. Şeytanın məmnun qaldığı bir əməldən, heç şübhəsiz ki, Allah razı qalmaz. Belə ki, bir hədisdə belə buyurulur: “...Diqqət edin! Şeytan bu torpaqlarda ona sitayiş olunmasından əbədiyyən ümidini kəsmişdir, ancaq kiçik gördüyünüz əməllərinizdə (günahlarda) ona itaət olacaqdır. O da bunlardan məmnun qalacaq...”[1]

Hz. Peyğəmbərimiz (s.ə.s) Vida xütbəsində ümmətinə şeytan barəsində xəbərdarlıq etdikdən sonra belə buyurmuşdur:

“Kiçik deyib əhəmiyyətsiz gördüyünüz əməllərdən (günahlardan) çəkinməklə dininiz üzərində həssas olun!”[2]

Başqa bir hədisi-şərifdə isə belə buyurulur:

“Kiçik görünən günahlardan çəkinin! Çünki onlar bir adamda cəmləşib nəticədə onu həlak edər”.

Sonra Rəsulullah (s.ə.s) kiçik günahlarla bağlı belə bir misal çəkdi:

“Bir dəstə adam çöldə gecələyir. Yemək vaxtı gələndə biri gedib kiçik bir budaq, o biri isə başqa bir budaq gətirir və beləcə böyük bir topa yığılır. Sonra onları yandıraraq içinə yeyəcəklərini atıb bişirirlər”.[3]

Allah Rəsulu (s.ə.s) yuxarıdakı hədisdə günahları kiçik görməyin zərərlərini bu cümlə ilə açıqlamışdı:

“Çünki onlar bir adamda cəmlənir; nəticədə onu həlak edərlər”.

Buna bir misal çəkən Allah Rəsulu (s.ə.s) kiçik kol-kos çırpıları ilə yandırılan tonqalın yeməkləri bişirməsi kimi kiçik günahların da insanın cəhənnəmə düçar olmasına yol açdığını ən gözəl şəkildə bizə açıqlamışdır.

Hər hansı bir kiçik günahda davamlı təkid etmək, günaha əhəmiyyət verməmək, edilən günaha görə sevinmək, Allahın verdiyi möhlətə aldanaraq günahından vaz keçməmək, eləcə də günahı digərlərinin qarşısında açıq şəkildə işləmək kiçik günahları böyük günahlara çevirər.

Alimlərdən İbn Qüdamə bu barədə belə deyir: “Bir dəfə edilən və daha sonra edilməyən böyük günahın bağışlanmasına olan ümid davamlı surətdə yol verilən kiçik günahın əfv edilmə ümidindən daha çoxdur”.

Buna daşın üstünə ard-arda düşən su damlalarını da misal göstərmək mümkündür. Belə ki, bu damlalar bir müddət sonra daşa təsir göstərər. Ancaq damlaları toplayaraq birdəfəyə daşın üstünə boşaltsaq, daşa heç bir təsir etməz. Bax, bu səbəbdən Peyğəmbərimiz (s.ə.s) belə buyurub: “Allaha ən sevimli əməl, az da olsa, davamlı olanıdır”.

Həmçinin insan düşünmədən bir söz deyər və onu çox kiçik görər. Halbuki, etdiyi günah onu həlak etməyə yetəcək qədər böyükdür. Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

“Bəndə yaxşı düşünüb-daşınmadan bir söz söyləyər və bu səbəbdən də cəhənnəmin şərq ilə qərb arasından daha uzaq bir yerinə düşər”.[4]

Digər tərəfdən, kiçik günahlar insanı böyük günahlara aparan bir yoldur; insanı yavaş-yavaş sürükləyib böyük günahların pəncəsinə atar. İbn Abbas (r.a) belə demişdir:

“Böyük günah tövbə edildiyi təqdirdə elə qalmaz, əfv edilər. Kiçik günah da təkid edildiyi təqdirdə kiçik olaraq qalmaz, böyük günah olar”.[5]

Günahlara əhəmiyyət verməyən kimsə burada da qalmaz, Allah qorusun, bilərək və ya bilməyərək daha irəliyə gedər. Bu səbəbdən İslam alimləri:

“Kiçik günahlar insanı böyük günahlara, böyük günahlar da insanı küfrə aparar”, - deyə xəbərdarlıq etmişlər.[6]

Bu səbəbdən də xəta və günahları kiçik görmək xəstəliyi həqiqi mömində olmamalıdır. Mömin günahların hər növünü ciddi qəbul edərək onlardan uzaqlaşmağa cəhd etməlidir. Abdullah bin Məsud (r.a) möminin günahlara qarşı münasibətini belə ifadə edir:

“Mömin kəs günahlarını xəyalında o qədər böyüdər ki, sanki bir dağın ətəyində oturub və dağın üzərinə çökəcəyini zənn edər. Günahkar isə günahlarını burnunun üstünə qonan bir milçək kimi görər”.[7]

Əshabələr də günahlara qarşı məhz bu düşüncə içərisində yaşamışlar. Həsən Bəsri həzrətləri o nümunə nəsil haqqındakı müşahidələrini belə xəbər verir:

“Peyğəmbərimizin (s.ə.s) əshabı, kiçik də olsa, yaxşı qəbul etdikləri bir işi görərdilər. Bunun əksinə, kiçik də olsa, çirkin bildikləri bir şeyi isə tərk edərdilər”.[8]

Daha sonralar bu həssaslığını itirən bəzi insanlara Ənəs (r.a) bu xəbərdarlığı etmişdir:

“Siz bir çox əməllər edirsiniz ki, onlar sizin nəzərinizdə tükdən daha nazik (əhəmiyyətsiz) görünür. Halbuki biz onları Rəsulullahın (s.ə.s) dövründə həlaka aparan böyük günahlar kimi görürdük”.[9]


[1] Tirmizi, Fitən, 2, 2159.

[2] Heysəmi, III, 267.

[3] Əhməd, I, 402-403.

[4] Buxari, Riqaq, 23.

[5] Beyhəqi, Şuab, 456.

[6] Acluni, Kəşful-xəfa, 2317.

[7] Buxari, Dəavat, 4.

[8] İbn Əbid-Dünya, Məvsua, I, 89.

[9] Buxari, Riqaq, 32. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz