Mənəvi Tərbiyə Məktəbi RAMAZANİ-ŞƏRİF
Bu gün axırzaman fitnələrinin hər tərəfi bürüdüyü bir mühitdə yaşayırıq. Zəmanəmizdə fərd və cəmiyyətin ən böyük xəstəliyi “dünyəviləşmə”dir. Çünki televizor, internet, reklam, moda, materialist düşüncə, kapitalist sistem hər tərəfdən insana “axirətsiz dünya”nı təlqin edir.
Axirətin unudulduğu hər dövr cahiliyyə dövrüdür. İnsanın Allahdan uzaqlaşıb nəfsinin ardınca düşdüyü, selə qapılmış kötüklər kimi şüursuz halda sovrulduğu hər dövr cahiliyyə dövrüdür.
Zəmanəmizdə mərhəmət azaldı, vicdanlar daşlaşdı. Son zamanlar bütün dünyada yaşanan acı hadisələr də göstərir ki, insan insanın qurduna çevrilib.
Güc mərkəzləri arasında gedən mənfəət qovğalarında, məsələn, bir neft qovğasında uşaq-qadın, xəstə, yaşlı demədən qul haqları ayaq altına alına bilir. İnsanlara yardım aparan vasitələr, uşaqların oxuduğu məktəblər, xəstəxanalar, məscidlər, bazarlar, əliyalın əhali bombardman edilir. Şairin:
Sırtlanları keçmişdi bəşər yırtıcılıqda,
Dişsizmi bir insan, onu qardaşları yerdi!..
misralarında təsvir etdiyi kimi tam bir cahiliyyə dövrü yaşanır.
Digər tərəfdən bu gün haram və günahlarda insanlar arasındakı məsafələr qısaldı. Günahlara sədd olan həya pərdələri yırtıldı. Bir tərəfdən faydalı olan internet və media, təəssüf ki, nəfsani çirkinlikləri də hər kəsin evinə, otağına, hətta cibinə qədər daşıdı.
Belə bir zamanda güclü iman iradəsi ilə nəfsinə hakim ola bilmək, özünü və məsul olduğu insanları cəhənnəmdən qoruya bilmək nəfs tərbiyəsini həyati zərurətə çevirmişdir.
Tariximizə nəzər saldıqda əcdadımızın nəfs tərbiyəsini təkyə və dərgahlar vasitəsi ilə cəmiyyətin bir növ kapilyarlarına qədər şamil etdiyini görürük. Bu gün bu müəssisələrdən məhrum olsaq da, mömin heç bir halda bəhanələrə sığınmamalıdır. Yunus Əmrə həzrətlərinin gözəl bir ifadəsi var:
Dərvişlik dedikləri xirqə ilə tac deyil,
Könlün dərviş eyləyən xirqəyə möhtac deyil!
Yəni mühüm olan könlü dərviş etməkdir. Könlü dərviş edənsə, nə geyim-kecim, nə də dərgahın dörd divarıdır. İlahi həqiqətləri aramağın yolunu bilən, hər zaman və məkanda onu tapmağı da bacarar. İlahi məhəbbət və mərifətlə könlünü doldura bilən bir insan harada olursa-olsun ilahi hüzurda sayılır. Nəfsini tərbiyə edə bilən bir müsəlman üçün bütün yer üzü dərgahdır. Xüşu ilə səcdə edərək Haqqa yaxınlaşan bir mömin özü üçün səcdəgah qılınmış olan yer üzünün heç bir guşəsində Rəbbindən ayrı düşməz.
Ayeyi-kərimədə buyurulduğu kimi:
“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da (yəni hər zaman və məkanda) Allahı zikr edərlər…” (Ali-İmran, 191)
Bu şüurda olan bir mömin İslamı həyatının heç bir anında özündən kənarda tutmaz: nə məsciddə, nə bazarda, nə məktəbdə, nə küçədə, nə evdə, nə qonşu və qohumluq münasibətlərində, nə də qul və məxluqat haqlarında…
Qəlbi Haqqa bağlı olan bir mömin qarşılaşdığı bütün nəfsani cazibələrin və günaha dəvətlərin ilahi bir imtahan olduğunu bilər. Bu şüurla gözünü, könlünü, əlini, dilini, bir sözlə bütün əzalarını qorumağa çalışar.
Məsələn, insan bir səyahət əsnasında, bəlkə də, minlərlə maşın görür. Hətta bəzi maşınlar diqqətini də çəkir. Lakin heç birinin nömrəsinə baxmaz. Məhz bunun kimi, bu gün cəmiyyətdəki bir çox şərin içindən keçmək məcburiyyətində qalan mömin də qarşısına çıxan üsyan mənzərələrini və nəfsani vitrinləri təcəssüs nəzəri ilə oxumamalıdır ki, könül feyzini mühafizə edə bilsin.
Bunun üçün də qəlbin hər an Allah ilə olması şərtdir. Daimi zikrlə ayıq-sayıq olmaq lazımdır. Çünki Allah-Təala belə buyurur:
“…Siz harada olsanız, O, sizinlədir…” (əl-Hədid, 4)
“…Biz ona şah damarından da yaxınıq!” (Qaf, 16)
Bu ayələrin təfəkküründə dərinləşən bir mömin üçün yer üzü sanki bir dərgah halına gələr. Hansı mühitdə olmasından asılı olmayaraq “əl karda, könül Yarda” halını yaşamaq nəsib olar. Ətrafdakı aldadıcı cazibələr təsirini itirər.
NƏFS TƏRBİYƏSİ VƏ RAMAZANİ-ŞƏRİF
İlahi rəhmətin yağış kimi yağdığı bir rəhmət mövsümü olan Ramazani-Şərif ruhu nəfsə qalib gətirməyin ən feyzli zamanıdır. Ramazan ayı nəfsin təzkiyə və tərbiyə edildiyi təqva məktəbidir. Çünki bu ayda fərz qılınan oruc ibadəti, bir növ, nəfsi cilovlayaraq ruha səviyyə qazandırma təlimidir.
İnsanda ruhaniyyət və nəfsaniyyət bir tərəzinin iki gözünə bənzəyir. Biri yüngülləşəndə digəri ağır gəlir. Könüllər fani həzlərdən uzaqlaşmadıqca baqi ləzzətlərə qovuşa bilməz. Eynilə uşaqların süddən kəsilmədən yüksək kalorili qidaları və həyati ləzzətləri dada bilmədikləri kimi. Məhz buna görə də Mövlana həzrətləri:
“Ramazan gəldi, artıq maddi qidalardan əlini çək ki, göydən mənəvi nemətlər gəlsin. Bu ay könül süfrəsinin açıldığı aydır. Qəlbin bədənin xətalarından qurtulduğu aydır. Könüllərin eşq və iman ilə dolduğu aydır”, - buyurmuşdur.
Oruc səbir təlimidir. Nəfsin istəklərinə sədd çəkə bilmə iradəsinin qazanılmasıdır. İnsanın nəfsinə hakim ola bilməsi ilahi imtahanlardan müvəffəqiyyətlə keçə bilməyin ən mühüm sirridir. Belə ki, qəzəb hissini boğmaq, əfv edə bilmək və fədakarlıq kimi ali fəzilətlər yalnız nəfsin etirazlarını susdurduqdan sonra gerçəkləşir.
Oruclu ikən, xüsusilə “qəzəb hissini boğmaq” zəruridir. Çünki aclığın gətirdiyi əsəblə bir sıra nəfsani davranışlara sürüklənmək orucun mahiyyətini zədələyər. Buna görə Allah Rəsulu r:
“Sizdən heç kim (xüsusilə) oruclu olduğu gün pis söz söyləməsin və başqaları ilə mübahisə etməsin. Əgər kimsə ona söyər və ya sataşarsa, “mən orucluyam” desin”, - buyurmuşdur. (Buxari, Savm, 9)
Səbir ayı olan Ramazani-Şərifdə tutulan oruc sanki ruhun geydiyi ehram kimidir. Ehramda rəfəs, fisq və cidal qadağan olduğu kimi orucda da şəhvani arzular, fisq-fücur, münaqişə və bir qəlbə tikan batırmaq da orucun əcrini puça çıxarır.
Yəni oruc sadəcə mədənin müəyyən müddət ərzində ac qalmasından ibarət deyil. Günahlara qarşı ələ, dilə, gözə, qulağa, xülasə, bütün üzvlərə oruc tutdurulmadan oruc kamil olmaz.
SÜKUT ORUCU
Oruclu ola-ola yanlış hal və hərəkət sərgiləyənlərə Rəsulullah r -in bir çox xəbərdarlığı var. Bu xəbərdarlıqlardan birində belə buyurulur:
“Kim yalan danışmağı, yalan və fırıldaqla iş görməyi tərk etməzsə, Allah onun yeyib-içməyi tərk etməsinə qiymət verməz”. (Buxari, Savm 8, Ədəb 51)
Səhabələrdən Ubeyd t belə nəql edir:
İki qadın oruc tutmuşdu. Günorta vaxtı bir nəfər gəlib:
- Ya Rəsulallah, burada iki qadın var, oruc tutublar. Az qalsın susuzluqdan öləcəklər. (İzin verirsinizsə, oruclarını pozsunlar), – dedi.
Allah Rəsulu ondan üz çevirərək heç bir cavab vermədi. Gələn adam sözünü təkrarladı:
- Ya Nəbiyyallah, vallah, az qalsın öləcəklər. Fəxri-Kainat:
- “Onları çağır”, - buyurdu.
Qadınlar gəldikdən sonra Rəsulullah r bir qab istədi. Sonra onu qadınlardan birinə verib:
- “İçindəkiləri çıxar!” – dedi. (Bu mücərrəd hadisə Allahın muradı ilə müşəxxəs hala gəldi.) Qadın qabın yarısını dolduracaq qədər qan, irin və ət qusdu. Digərinə də eyni şey əmr edildi. O da qabı doldurana qədər qan və təzə ət qusdu.
Bu zaman Rəsulullah r:
- “Bunlar Allahın halal qıldığı şeylərdən imtina edərək oruc tutdular, haram qıldığı şeylərlə də oruclarını açdılar. Bir-birinin yanında oturub insanların ətini yeməyə (yəni qeybət etməyə) başladılar”, - buyurdu. (Əhməd, V, 431; Heysəmi, III, 171)
Xülasə, orucu nəfsani vərdişlərlə zədələməmək, xüsusilə dili dedi-qodu, yalan, iftira və gərəksiz söhbətlərdən mühafizə etmək, yəni çirkin sözlərə qarşı dilə də “sükut orucu” tutdura bilmək lazımdır.
Çünki Rəsulullah r:
“Allaha və axirət gününə iman edən kəs ya xeyir söyləsin, yaxud da sussun!” – buyurmuşdur. (Buxari, Ədəb, 31, 85)
Böyük mürşidi-kamillərdən olan Abdullah Dəhləvi həzrətləri iştirak etdiyi məclislərdə lüzumsuz sözlər danışılmasına izin verməzdi. Kimsə qeybət etsə, dərhal ona mane olar və: “Dediyin o sözə mən daha layiqəm”, - deyərdi.
Oruclu olduğu bir gün yanında bir nəfərin qeybətini etdilər. Həzrət:
“Vay, orucumuz pozuldu! (əcri puç oldu)” – buyurdu.
Tələbələrindən biri:
- Ustadım, axı siz qeybət etmədiniz, - dedikdə:
- “Bəli, biz qeybət etmədik, amma qulaq asdıq. (Bu səbəblə bizə də qeybətin qəsvəti sirayət etdi.) Qeybəti edən də, ona qulaq asan da eynidir”, - buyurdu.
Deməli, oruclu ikən ağzımıza hər hansı bir şeyin girməməsinə diqqət etdiyimiz kimi, ağzımızdan çıxan hər sözə də diqqət etməliyik. Dilimiz qəlblərə batan tikan deyil, rəhmət lisanı olmalıdır.
Oruc bədənin şiddətlə möhtac olduğu fani nemətlərdən əl çəkmək surətində gerçəkləşdiyi üçün ruhu nəfsani arzuların ağırlıq və qəsvətindən qurtarır. Ona görə də ruhun güclənməsinə, hisslərin ülviləşməsinə vəsilə olur. Bu cəhəti ilə oruc müstəsna bir nəfs tərbiyəsi üçün vasitədir. Çünki orucla halallar belə minimum səviyyədə istehlak olunur. Yəni halal nemətlərdən istifadədə belə riyazət halı yaşanır. Oruc sayəsində -müəyyən müddətlik də olsa- bəzi halallardan belə əl çəkmək, haram və şübhəlilərə qarşı daha güclü müqavimət göstərə biləcək sağlam bir iradənin inşasına səbəb olur.
Bu həqiqəti Mövlana həzrətləri belə ifadə edir:
“Oruc deyər ki, “Allahım, bu mömin bəndən Sənin əmrinə itaət etmək üçün halal loğmanı belə yemədi, susuz qaldığı halda su içmədi. Bu mömin harama necə əl uzada bilər?!”.
QAYĞI TƏLİMİ
Oruc qayğı təlimidir. Yoxsul və möhtacların çəkdiyi əziyyətlərdən sadəcə biri olan aclığı şəxsən yaşadaraq onların halından anlamağı təmin edir. Beləliklə də, qəlblərdə mərhəmət, şəfqət və səxavət toxumlarının cücərməsini təmin edir.
Misirdə şiddətli qıtlıq hökm sürdüyü günlərdə Yusuf u-dan soruşurlar:
- Siz dövlətin xəzinələrinə hökm edən idarəçisiniz. Nə üçün özünüzü ac qalmağa vadar edirsiniz?
O isə bu hikmətli cavabı verir:
- “Qarnım tox olarsa, acların halını anlaya bilməməkdən qorxuram!”
Din qardaşlarını düşünmək, onların ehtiyacını təmin etmək üçün səy göstərmək və bu yolda ictimai xidmətlərə can atmaq kamil möminlərin həyat düsturudur. Necə ki, Rəsulullah r möminlər üçün bu halın zəruri olduğunu belə ifadə edir:
“Mömin qardaşının dərdi ilə dərdlənməyən bizdən deyil”. (Hakim, IV, 352; Heysəmi, I, 87)
“Qonşusu ac ikən tox yatan (kamil) mömin deyil”. (Hakim, II, 15)
“Heç biriniz öz nəfsi üçün istədiyini mömin qardaşı üçün də istəmədikcə kamil mömin ola bilməz”. (Buxari, İman, 7)
Ramazani-Şərifi belə bir qayğıkeş ruhla dəyərləndirərək xidmət və infaqlarla əhya etmək qulun Rəbbinə olan məhəbbətinin ən gözəl nişanəsidir. Çünki ibadətlərin qayəsindən biri də əxlaqi vəsfləri gücləndirib qulu ruhən kamilləşdirərək Rəbbinə daha yaxın hala gətirməkdir.
Necə ki, bir mömin ibadətdə dərinləşdikcə belə düşünər:
“Rəbbim məndən necə qul olmağımı istəyir? O, uca zatını ən çox Rəhman və Rəhim sifətləri ilə tanıdır. Onun qulu və Rəsulu olan Rəhmət Peyğəmbəri r Qurani-Kərimdə rauf və rəhim olaraq tərif edilir, aləmlərə rəhmət olaraq göndərildiyi bildirilir. Elə isə məni Rəbbimə sevdirəcək ən mühüm vəsf də mərhəmətdir…”
Məhəbbət və dostluq müştərəklikdən qaynaqlanır. Nəticə etibarı ilə Haqq-Təalanın bizi sevməsini istəyiriksə, ilahi və nəbəvi əxlaqdan özümüzə pay götürüb rəhmət saçan mömin ola bilməyimiz şərtdir. Əlindən, dilindən, qəlbindən bütün məxluqata mərhəmət saçmaq zəruridir. Qəlbin rəhmət dərgahı halına gəlməsi və bütün məxluqatın o dərgahda mənəvi rahatlıq tapması vacibdir.
Mərhəmət imanın ilk meyvəsidir. Mərhəmət möminin imanından xəbər verən fariq bir vəsfdir. Bu səbəblə mömin eyni zamanda ruhundan rəhmət daşan bir insandır.
RƏHMƏT İNSANI KİMDİR?
Rəhmət insanı səxavətli, fədakar, müşfiq və verən əldir. Yağış kimidir, getdiyi hər yerdə hüzur və fərəh saçar.
Rəhmət insanı zərər deyil, fayda verər. Çünki Həzrət Peyğəmbər r buyurur:
“Mömin bal arısına bənzəyir. Təmiz olandan yeyər (yəni halal yeyər), ortaya təmiz olan şeylər çıxardar (yəni Haqqın rizasına uyğun işlər görər), təmiz yerlərə qonar (yəni saleh və sadiq insanlarla görüşər) və qonduğu yeri nə qırar, nə də xarab edər”. (Əhməd, II, 199; Hakim, I, 147)
Rəhmət insanı incitməz, inciməz.
Rəhmət insanı bolluqda həddi aşmaz, yolundan çıxmaz, qıtlıqda üsyan etməz, səbirlə mərhələlər qət edər.
Rəhmət insanı fəqirlərin, yetimlərin, kimsəsizlərin dualarını almağa can atar.
Rəhmət insanı bütün ümməti özünün məsuliyyətinə təslim edilmiş bilər. Zəmanənin axışından özünü məsul görər.
Rəhmət insanı yalnız özünə, övladına, yaxınlarına deyil, din qardaşı olaraq bütün ümməti-Muhammədə, yaradılışda tayı olan bütün insanlığa, özünə əmanət edilən bütün məxluqata şəfqət və mərhəmət göstərər.
Rəhmət insanı quraq insan deyil, bərəkətli insandır. Günəş kimi ən ucqar yerləri belə işıqlandırar.
Məhz bu həqiqətlərin bir təzahürü olaraq tarix boyunca İslam cəmiyyətləri şəfqət və mərhəmətin müəssisələşdiyi vəqflərlə bəzənmişdir. Əshabi-kiramdan Cabir t belə deyir:
“Mühacir və ənsardan imkan sahibi olduğu halda vəqfi olmayan heç kimi tanımıram”. (İbn Qudamə, əl-Muğni, V, 598)
Məhz bu rəhmət insanlarından meydana gələn rəhmət cəmiyyəti tarixdə misli görülməmiş bir “fəzilətlər mədəniyyəti” inşa etdi. O mədəniyyəti təqib edən əcdadımız Osmanlı da cəmiyyəti vəqflərlə sanki hörümçək toru kimi hördü. Məlhəm olmadıqları yara qalmadı. İnsanın ehtiyacını təmin etməklə yanaşı heyvanata və nəbatata da xidmət edən vəqflər qurdu.
Padşahından tutmuş sıravi fərdinə qədər bu cəmiyyət böyük bir təsəvvüf məktəbində yetişdi. Xalq ilə birlikdə bütün sultanlar Ədəbali silsiləsindən feyz aldı. Bütün könüllər sanki rəhmət dərgahına çevrildi.
O fəzilətlər mədəniyyətində:
ü Hamballar üçün hər bir məhəllədə yüklərini qoyub istirahət edəcəkləri dincəlmə daşları təsis edilmişdi.
ü Xidmətçilərin iş görərkən bilmədən qırdıqları əşyaya görə danlanmalarını önləmək və qəlblərinin qırılmaması üçün dəyən zərərin təzminatını vermək üçün vəqflər qurulmuşdu.
ü Nəzakət, zərafət və insana verilən dəyərdə elə bir kamilliyə qovuşmuşdular ki, ruhi xəstələrə belə “möhtərəm acizlər” deyərək xitab edilirdi.
ü Yüksək dərəcəli iffət və həya duyğusu səbəbi ilə ehtiyacını dilə gətirə bilməyən yoxsulların ehtiyacları qədər pul götürəcəkləri sədəqə daşları vardı. Beləliklə, verən alanı, alan da verəni görmürdü. Verənin ixlası, alanınsa heysiyyəti qorunurdu.
Fateh Sultan Mehmed xan şəhid ailələrinə və İstanbuldakı kasıblara havanın alaqaranlıq vaxtında, heç kim görmədən, qapalı qablarda yemək göndərilməsini vəqfiyyəsinin bir şərti qılmışdı.
Məhəllə kasıbın, dulun, yetimin təminatçısı idi. Varlı-kasıb birlikdə səadət içində yaşayırdı. İndiki kimi varlılar xüsusi şəhərciklərdə, kasıblar daxmalarda deyildi.
Qeyd edəcəyimiz hadisə bunun möhtəşəm bir misalıdır:
Sultan III Mustafa bir Ramazan axşamı Şeyxülislam Mehmed Əmin Əfəndinin iqamətgahına iftara gedir. Söhbət əsnasında:
- Əfəndim, hərdən sizə gəlmək istəyirəm, amma iqamətgahınız çox uzaqdır, - deyir.
Mehmed Əmin Əfəndi isə bu cavabı verir:
- “Sultanım, sayənizdə yaxın yerlərdə bir ev təmin etmək mümkündür, lakin gördüyünüz kimi, bu səmtdəki evlərin heç birində mətbəx yoxdur”.
Bu söz padşaha qəribə gəlir:
- Heyrət, bu evlərdə yemək bişirmirlərmi? – deyə soruşur.
Şeyxülislam:
- “Hər birinin yeməyi səhər-axşam bu fəqirxanadan gedir. Ona görə buradan ayrılmaq istəmirəm”, - deyir.[1]
Bunu əsla yaddan çıxarmayaq ki, biz də əcdadımızın inşa etdiyi o fəzilətlər mədəniyyətinin və rəhmət toplumunun bugünkü davamçılarıyıq. Hər mədəniyyət öz insan modelini formalaşdırır. Bizim vəzifəmiz də əcdadımız kimi əlindən, dilindən, halından və sözündən bütün məxluqatın istifadə etdiyi “rəhmət insanı” olmaqdır.
Bu gün biz o şanlı əcdadın nəvələri olaraq böyük bir məsuliyyətlə qarşı-qarşıyayıq. İllərdir Suriyada yaşanan zülm və soyqırım milyonlarla qardaşımızın ölkəmizə hicrət etməsinə səbəb oldu. Dünən məkkəli mühacirlər mədinəli ənsara əmanət olduğu kimi, bu gün də suriyalı mühacirlər Anadolu / Türkiyə ənsarına əmanət sayılır. Onların maddi-mənəvi ehtiyaclarını qarşılamaq, ən əsası da onlara yalnız olmadıqlarını hiss etdirmək, xüsusilə bu mübarək günlərdə boynumuzun borcudur.
Unutmayaq ki, səfalət və zərurət içində qıvranan bütün möhtacların gözündə ən çox Ramazanın təşrifi ilə bir ümid işığı parlayar. Çünki xüsusilə bu ayda zəkat, fitrə və sədəqə kimi mali ibadətlər təbəssümü unutmuş neçə-neçə üzləri sevincə qərq edir.
Rəhmət Peyğəmbəri r saleh əməllərin digər zamanlara görə daha fəzilətli olduğu Ramazanda bütün ibadət və xeyir əməllərini artırardı. İbn Abbas radiyallahu anhumə belə deyir:
“Rəsulullah r insanların ən səxavətlisi idi. Onun ən səxavətli olduğu zamanlar da Ramazanda Cəbrayıl u-la görüşdüyü vaxtlar idi. Cəbrayıl u Ramazanın hər gecəsində Peyğəmbərimizlə görüşər, (qarşılıqlı) Quran oxuyardılar. Bu səbəblə Rəsulullah r Cəbrayıl ilə görüşəndə heç bir maneə tanımadan əsən rəhmət küləklərindən daha səxavətli olardı”. (Buxari, Bədul-Vəhy 5, 6, Savm 7)
Nəticə etibarı ilə biz də ümməti-Muhamməd olaraq Allah Rəsulunun bu aydakı infaq həyəcanını imkan daxilində yaşamağa səy göstərməliyik. “Malda zəkatdan başqa da haqq var”[2] həqiqəti gərəyi, maldan infaqın minimum ölçüsü olan zəkat xaricində də xərcləməyi bu ayda müstəsna fürsət bilməliyik. Bu rəhmət iqlimindən layiqincə istifadə edə bilmək üçün hər zamankından daha artıq səy göstərməliyik.
İdmançıların final görüşlərindən əvvəl xüsusi düşərgəyə çəkilərək cəmiyyətdən təcrid olunduqları və bütün diqqət və səylərini çıxacaqları müsabiqəyə yönəltdikləri kimi, mömin də Ramazani-Şərifin müəzzəm rəhmətindən layiqincə istifadə edə bilmək üçün mənəvi səylərini maksimum dərəcədə artırmalıdır.
ÖMÜR TƏFƏKKÜRÜ
Ramazani-Şəriflər eyni zamanda “həyat və ölüm” üzərində ciddi təfəkkür vəsiləsidir. Keçən Ramazanda aramızda olduğu halda bu Ramazanda axirətə köçən din qardaşlarımızı fikirləşməliyik.
Beləliklə, bu Ramazanı son Ramazanımız ola biləcəyi şüuru ilə qənimət bilib əhyası üçün ciddiyyətlə çalışmalıyıq.
Xülasə, Ramazani-Şərif Haqq-Təalanın ilahi bir lütf olaraq hər il bizə göndərdiyi bir aylıq “Allah qonağı” kimidir. O qonağı gözəl qarşılamaq, razı salmaq və məmnun halda yola salmaq onu bizə lütf edən Rəbbimizin riza və məhəbbətinə vəsilədir. Biz də Ramazani-Şərifi bu şüur və idrak ilə əhya edək ki, Haqq-Təalanın lütfü ilə əbədi bayram səadətinə nail olaq.
Allah-Təala hər birimizə Ramazani-Şərifin feyz və ruhaniyyətindən layiqincə istifadə edə bilməyi, ilahi əfv, məğfirət və yardıma nail olaraq əbədi bir bayram şüuru sevinci yaşaya bilməyi ehsan etsin…
Amin!
[1] Süheyl Ünver, Bir Ramazan Binbir İstanbul, s. 64.
[2] Tirmizi, Zəkat, 27/659-660. Həmçinin bax. əl-Bəqərə 2/177.
ŞƏRHLƏR