MÜSAHİBƏ-İbrahim EROL
Dolu-dolu, amma tez keçən on il...
İrfan: Azərbaycana gəliş hekayəniz necə başladı?
İbrahim Erol: 2003-cü ildən 2006-a qədər Karadeniz Teknik Universitetində Rize ilahiyyat fakültəsində aspirant olaraq işlədim. Bu müddət bitəndə Suriyaya getdim, Şamda əlavə ərəbcə dərsləri aldım və o məktəbdən də birinciliklə məzun oldum. Geri döndüyüm zaman bir söhbətdə Ethem Cebecioğlu ilə qarşılaşdım. Mənə, səni Azərbaycana göndərsək gedərsənmi? – dedi. Mən də, olar dedim. Sonra Alican Tatlı və rəhmətlik Fahreddin Tivnikli abilər bu məsələ ilə maraqlandılar, tanış olduq. Nədim Kaya bəy də mənim haqqımda müsbət fikir bildirdi. Beləliklə, bir gün Ahmet Tecim bəylə görüşməli oldum. Elə Trabzonda görüşdük. Haydı, bismillah, gedirik, - dedilər. Avqust ayının sonları idi. Bu görüşdən təxminən bir həftə sonra da bura gəlmək nəsib oldu.
- İlk gəldiyiniz günü necə xatırlayırsınız?
- İlk gəldiyim gün yağmurlu bir Bakı günü idi. 2006-cı ilin sentyabr ayının 9-u, Heydər Əliyev adına hava limanına endim, məni qapıda qarşıladılar. Orda bir neçə nəfər yanıma yaxınlaşdı ki, “sizə kömək edək”. Sağ olsunlar viza işlərimi də həll edib yola saldılar. Fərman abi gəlmişdi məni almağa, görüşüb tanış olduq və maşına minib gəldik. Gecə vaxtı idi, saat 2-3 olardı. Gecəni fondda keçirdim, səhər tezdən də “bismillah” deyib, heç dayanmadan yola çıxdıq. Güzdək-Şamaxı yoluyla Zaqatalaya yola düşüdüm. Zaqatalaya gələrkən hər ehtimala qarşı, buraları bəyənmərəm və geri qayıdaram deyə düşünürdüm, amma Zaqatalanı gördüm, dedim burada qalacağam.
- On il necə keçdi?
- Ümumi olaraq baxanda, bəli, tez keçdi. Bunun dörd ili Zaqatala ilahiyyat fakültəsində idarəçi olaraq keçdi. Qalanı da Bakıda. Orada mən sadəcə müəllim deyildim. Bu müddət ərzində Zaqatalanın əhalisini çox yaxşı tanıdım. Avarını, saxurunu, ləzgisini, yenqiloyunu tanıyıram. Hamısının yeməklərini tanıyıram. Qaxacını, sürfülüsünü bilirəm, xəngəlini bilirəm, Yuxarı Çardaqlar, Aşağı Çardaqlar, Danaçı, Car, Əliabad, Tala... hamısının adətlərini, ənənələrini bilirəm. Bu kəndlərin hamısına şəhid gəlmişdir. 2006-dan 2010-a qədər hamısının şəhid cənazələrində, dəfnlərdə iştirak etmişik. Həm icra hakimiyyəti, həm qazilik, həm də imamları ilə birgə fəaliyyət göstərmişik. Həm Azərbaycanın, həm də xüsusi olaraq Zaqatalanın milli-mənəvi dəyərlərinin yaşadılması üçün əlimizdən gələn hər tərəfə əl uzatmağa çalışırdıq. Camaat da bizi tanıyırdı. Toylarında, nikahlarında iştirak etdim, tamamilə oradakı yerli xalqlara qarışaraq keçdi bu illərim. Mən Azərbaycana gələrkən çox yaxşı səviyyədə ərəbcə və ingiliscəmvardı. Amma indi mənimAzərbaycan dilini mükəmməl öyrənməyimin yanında yaxşı avarcam, saxurcam və yenqiloycam da var. Kiminsə başına bir çətinlik gəlsə, ilk əvvəl bizim yanımıza gəlirdi. Yadımdadır, Cuma dayının evi yananda hamımız səfərbər olub oraya axışmışdıq. Yanğınsöndürənlərdən əvvəl biz özümüzü çatdırmışdıq. Bir həftə ərzində o evi yenidən təmir edib hazır hala gətirmək üçün səfərbərlik başlatdıq. Əhməd bəy, Lokman abi, hamısı yığışıb köməkdarlıq etdilər. Təkbaşıma yemək yeməyi heç sevmirəm;yeri gələndə işçilərimlə bərabər oturub yemək yeyərdik. Tələbələrlə oturub tək-tək həyat hekayələrini dinləməyi, dərdlərinə şərik olmağı çox sevərdim. Türkiyədən fərqli olaraq, Azərbaycanda tələbələrin ataları qarşısında daha böyük məsuliyyət hissi daşıdığını gördüm. Buna görə də Azərbaycanda tələbə yetişdirmək üçün birinci dərəcədə ata-ana ilə iş birliyi olmalıdır. Buna görə də bir məsələ olanda ilk əvvəl atasını çağırar, ona məsələnin nə yerdə olduğunu başa salardım. Sosial fəaliyyətləri çox sevirdim və buna tələbələrimi təşviq edirdim. On il dolu-dolu keçdi, amma tez keçdi.
- Azərbaycandan evlənmisiniz, yəni uşaqlarınızın bir tərəfi azərbaycanlıdır. İndi Türkiyəyə dönürsünüz. Allah uzun ömür versin, bir gün uşaqlarınız Azərbaycandan evlənmək istəsələr, necə qarşılayarsınız?
- Bizim uşaqlar Türkiyənin bayrağını görəndə “baba, baba, bax Türk Bayrağı” deyirlər, Azərbaycanın bayrağını görəndə də “baba, baba, bax yenə Türk Bayrağı” deyirlər. Sonra “Baba, bu Türk Bayrağı niye farklı?” deyirlər. Mən də, “oğlum, o da bizim, bu da bizim” deyirəm. Yəni uşaqlarım ikisinə də “bizim bayraq” deyirlər. Bir gün Türkiyədən qayıdanda yolun kənarındakı Heydər Əliyev portretini görəndə Yunus (oğlum) “baba, evə gəldik” dedi. Uşaqlar bəzən “nasılsın?”, bəzən də “necəsən?” deyirlər. Bunlar bizim üçün çox xoş, təbəssüm etdirən hadisələrdir. Seyyid Şirvanilərin, Mir Həmzə Nigarilərin, Şeyx Şamilin, HacıMuradın, Bakuvilərin keçdiyi bu torpaqlara çox hörmətim var. Türkiyədə hansı Allah dostunu araşdırsan kökü gəlib bu torpaqlara çıxır. Buraya qız vermək, buradan qız almaq da bizim üçün şərəfdir.
- Bu on ildə yaşanmış olan, heç unuda bilməyəcəyiniz xatirələrdən bir-ikisini bizimlə bölüşərdiniz, mümkünsə.
- Bir dəfə meşəyə gəzintiyə gedəndə, Zaqatalada, tələbələrimizdən biri müəlliminə xəbər vermədən qrupdan ayrılmışdı. Katexdə, Qəbizdərədə, dağın başında... İstirahətə, dincəlməyə getmişdik. Geri qayıtma saatı gələndə baxdılar ki, bu tələbə yoxdur. O dar yollarda, gecənin bir vaxtı, yağış da başladı...Çox axtardıq onu. Axırda o tələbəni məktəbdən tapdıq, məsuliyyətsiz bir şəkildə qrupdan ayrılaraq gəlibmiş. O tələbənin yaşatdığı o qorxunu, həyəcanı heç vaxt unutmayacağam.
Bir də evlənmə hadisəmi, həyat yoldaşımla tanış olmağımı heç unutmuram. Mən çox da rahat-rahat adam bəyənən biri deyiləm.Özüm də bu xasiyyətimdən xoşlanmasam da, beləyəm. Bu otaqdan (GYF müsafirxanası) çıxarkən dua etdim ki, - Allahım, bu subaylıqdan bezdim, yoruldum, mənə xeyirli qapı aç. Əgər baxmağa getdiyim xanım mənim üçün xeyirlidirsə, məni ora çatdır; deyilsə, yolda başıma nəsə gəlsin, heç getməyim, - dedim. Yolda başıma heç nə gəlmədi, onu görən kimi də dedim ki, bu iş bitdi, daha başqasını axtaran deyiləm. Anama zəng elədim. Dedim ki, mən evlənəcəyəm. Anam şok olmuşdu, ağlayırdı. Çünki bu, ömrüm boyu, otuz üç ildir heç işlətmədiyim bir kəlmə idi: “evlənmək”. Bu ilk görüş günümüz də heç unutmadığım günlərdəndir. Mən özüm də bu işin ürəyimə bu şəkildə işləyəcəyinə inanmırdım, demək ki, birdən olurmuş.
- Azərbaycan haqqındakı fikrinizdə, gəlməmişdən əvvəlki sizə nəzərən, nə kimi dəyişikliklər oldu?
- Azərbaycanda ən çox xoşladığım və gəldikdən sonra yaxından gördüyüm xüsusiyyət budur ki, yaxşısı da, pisi də evində ikram edər, süfrə açar. Azərbaycan insanında belə bir düşüncə var ki, ikram az olmamalıdır, süfrə dolu olmalıdır, az olanda ev sahibinə bir xəcalət səbəbi olur. Azərbaycanın yetmiş ildə yaşadığı (sovet dövrü) travma yeddi ildə bitməz, bunun üçün bir yetmiş il daha lazımdır. Amma Azərbaycan üçün dua edən o qədər gözəl insanlar var ki, Azərbaycanın daha gözəl günlər yaşayacağına inanıram.
- İrfana dəfələrlə yazılar da yazmısınız, yəni eyni zamanda bizim yazarımızsınız. İnşallah, yenə də yazacaqsınız. Gedərkən, Azərbaycandan indilik ayrılarkən oxucularımıza, Azərbaycan insanına demək istədikləriniz varmı?
- Mən Zaqatalada üç il subay yaşadım. Yaz və payız aylarında gecə səhərə kimi yağış yağar, səhər də çox gözəl gün çıxardı. İlk yazımı belə bir havada, yağışa baxa-baxa,qəlbimə qulaq asa-asa yazmışdım: “Dərdlinin gecə yolçuluğu”. Yağışa baxmaqdan çox xoşum gəlir. O yazıda əslində özümü yazmışdım, hisslərimi yazmışdım, Allaha suallar soruşur, niyə Azərbaycana gəldiyimin səbəblərini, hikmətlərini axtarırdım... Dərdimi, düşüncəmi, beləcə İrfan oxucuları ilə paylaşmış oldum. Daha sonra belə qərara gəldik ki, İrfan oxucularına İslam alimlərini anladaq, onların həyat hekayələrini araşdırıb bölüşək. Bir çox İslam mütəffəkkirini, böyük alimləri yazdıq, çox bəyənilən bir yazı silsiləsi olmuşdu. İrfan bu gün Azərbaycanda yeganə jurnaldır ki, oxucunun nəbzini tutan yüksək keyfiyyətə malikdir. Bu jurnalın hər sayı çıxarkən onun üçün çəkilən zəhmətə, edilən diqqətə baxıram, başqa bir yerdə belə bir çalışmanın olduğunu düşünmürəm.Redaksiya heyəti tətil günlərini belə bəzən işləyərək keçirir və səfərlərini İrfana görə tərtib edir. Oxucular əllərinə aldıqları bu jurnalın nə qədər dəyərli olduğunu, onun hər sətirinə nə qədər əmək verildiyini bilməlidirlər və sahib çıxmalıdırlar.
- Çox sağ olun, İbrahim bəy, təşəkkür edirik.
- Mən də təşəkkür edirəm.
ŞƏRHLƏR