İƏT sammitinin nəticələrinə ümumi baxış
Prosedura uyğun üç ildə bir dəfə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) həm nazirlər – daha çox xarici işlər nazirləri – həm də dövlət başçıları səviyyəsində (sammit) görüşləri keçirilir.
Bəzən hansısa strateji xarakterli məsələyə görə təşkilatın fövqəladə toplantısı da keçirilə bilər.
Fikrimizcə, bu ilin aprel ayının 14 və 15-də İstanbulda baş tutmuş İƏT-in növbəti 13-cü zirvə toplantısı da xüsusi əhəmiyyət daşıyır. Öncə qeyd etmək lazımdır ki, bipolyar sistemin dağılmasından sonra, bəlkə də, ilk dəfədir İƏT bir neçə müsəlman ölkəsinin üzləşdiyi məlum böhranların fonunda belə bir tədbir keçirir. İƏT sammitində Suriya və Yəməndə baş verən faciəli hadisələrin qarşısını almaq üçün növbəti cəhdlər edilsə də, hələ ki, ciddi nəticələr əldə edilməyib.
İstanbulda baş tutan sammitin özəlliklərindən biri Türkiyə və Misir arasında olan böhranın çözülməsi istiqamətində edilən cəhdlər oldu. Tədbirə öncəki sammitə ev sahibliyi etmiş Misir prezidenti Əbdülfəttah Sisinin gəlməməsi, üstəlik bu ölkənin xarici işlər nazirinin cəmi bir gün sammitdə iştirak etməsi və sonda Səudiyyə Ərəbistanının bu istiqamətdə vasitəçilik missiyasının uğursuzluğa düçar olması onu göstərir ki, ikitərəfli münasibətlərdə yaxınlaşmaqdan, hələ ki, söhbət gedə bilməz. Eyni şeyi İran və Səudiyyə Ərəbistanı arasında olan gərginlik barədə də demək olar. Rəsmi Ər-Riyadın Suriyada Bəşər Əsəd rejiminə, Yəməndə isə husilərə dəstəyə görə İranı daim ittiham etməsi sonda sammit zamanı qəbul edilən kommunikedə öz əksini tapdı. Belə ki, sözügedən sənəddə İran İslam Respublikası regiondakı dövlətlərin daxili işlərinə qarışdığına görə ittiham olunur. Türkiyənin həmin sammit zamanı İran və Səudiyyə Ərəbistanı arasında münasibətləri düzəltmək üçün vasitəçilik missiyasında bulunması da, bəlli olduğu kimi, nəticə vermədi və Ankaranın yeganə nail olduğu şey üzv dövlətlərin qəbul etdiyi yekun bəyannamədə kommünikedə olduğu kimi İranın tənqid olunmasının qarşısının alınması oldu.
Eyni zamanda sammitlə bağlı bəzi müsbət məqamları da qeyd etmək yerinə düşər. Belə ki, İƏT tarixində ilk dəfə olaraq, Zirvə toplantısı çərçivəsində İstanbulda İƏT Gənclər Sammiti baş tutmuşdur. İKGF təşəbbüsü və Türkiyə hökumətinin dəstəyi ilə “İnkişaf, Sülh və Ədalət uğrunda Əməkdaşlıq” şüarı altında keçirilən bu ilk İƏT Gənclər Sammitində 200-ə yaxın müsəlman gənc lider iştirak etmişdir. Eləcə də İƏT Gənclik Nazirlərinin sözügedən sammit çərçivəsində ayrıca keçirilən işçi qrupunda hökumətlərin İƏT məkanında həyata keçirdikləri gənclik siyasəti üzrə müzakirələr aparılmışdır.
Gənc müsəlman liderlərin sammitdə qəbul etdikləri təkliflər, növbəti gün öz işinə başlayacaq İƏT Zirvə Toplantısı iştirakçılarına təqdim edilmişdir. Tədbirdə həmçinin İKGF tərəfindən İƏT arealı üçün ilk dəfə hazırlanan “Müsəlman Gənclərin Vəziyyəti” adlı illik hesabatın ilk nümunəsinin, İKGF tərəfindən layihəsi hazırlanan Mövlanə Beynəlxalq Tələbə Mübadiləsi Proqramı və İbn Bətutta Beynəlxalq Gənclik Proqramının təqdimatı baş tutmuş, həmçinin Şimali Afrika və Orta Şərqdə İƏT-ə üzv ölkələrin gənclər hərəkatlarını aktivləşdirəcək Milli Gənclər Şuralarının yaradılması təşəbbüsü təşviq edilmişdir.
Tədbir zamanı İƏT üzv ölkələrini və beynəlxalq təşkilatları təmsil edən müsəlman gənc liderlər tərəfindən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə bağlı atdığı addımlar və haqq mövqeyinə xüsusi dəstək də nümayiş etdirilmişdir. Belə ki, müzakirələr zamanı Azərbaycanın son günlərdə öz ərazi bütövlüyünün müdafiəsi sahəsində və işğalçı Ermənistan ordusunun təxribatlarına qarşı tutarlı cavab əməliyyatları dəstəklənmiş, sosial mediada Azərbaycana dəstəklə bağlı kampaniya təsis edilməsi, bununla bərabər artıq dünyada geniş yayılmış Xocalıya Ədalət kampaniyasına da dəstək verilməsi təşəbbüsü irəli sürülərək qəbul edilmişdir. Bu məqsədlə Zirvə toplantısının 200-dən artıq gənc iştirakçısı əllərində Azərbaycan bayrağı ilə çəkdirdikləri şəkillərlə #SupportAzerbaijan haştaqlı sosial şəbəkə kampaniyasına start vermişlər.
ŞƏRHLƏR