Bir Dəqiqə!
“Vaxtdan gileylənmə, vaxtın gedər” ifadəsi təsadüfən deyilməyib.
Vaxtın insan üçün nə qədər önəmli olduğu dünya yaranandan bəri, daim diqqət mərkəzində olub. Saatların əsas tətbiq sahəsi gün ərzində zaman intervalında oriyentasiya yaratmaqdır. Saatların köməyi ilə işləri planlaşdırmaq, müxtəlif hadisələrin uzunluğunu ölçmək, vaxt fərqini təyin etmək mümkündür. İlk dəfə qədim misirlilər,çinlilər və yunanıstanlılar günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün təxminən eyni nöqtələrində doğub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər.
Günəş Saatı
İlk günəş saatını düzəltmək qədim misirlilərin ağlına gəlib. Onlar Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək ən qədim saatı kəşf ediblər. Bu saat meydanın yüksək bir yerinə qoyulan daşdan ibarət olub. Qədim misirlilər Günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməklə vaxtı ölçüblər. Yeri gəlmişkən, saat əqrəbinin sağa hərəkət etməsi də buradan yaranıb. Belə ki, Misir Yer planetinin şimal yarımkürəsində, ekvator xəttinə yaxın bir ərazidə yerləşən ölkədir və Günəş çıxanda qədim misirlilərin düzəltdikləri saatda kölgə dərhal qərbdə meydana gəlir, Günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edirdi. Daha sonralar, çarxlı, mexaniki, batareyalı saatlar yaradılanda da istiqamət dəyişmədi və beləcə, əqrəbin soldan sağa doğru hərəkəti günümüzədək gəlib çıxdı.
Su Saatı
Günəş saatından sonra su saatı yaranıb. Su saatının yaranması isə qədim yunan riyaziyyatçısı, mühəndis və ixtiraçı Ktesibiosun adı ilə bağlıdır. O, bizim eradan əvvəl II əsrdə qədim Misirdə yaşayıb. Su saatı düzəldənədək insanların istifadə etdiyi günəş saatı ilə vaxtı yalnız gündüzlər ölçmək mümkün olurdu. Amma su saatı icad olunandan sonra vaxtı gecələr də ölçmək mümkün olub. Su saatları ilkin vaxtlarda dibində deşik olan qabdan ibarət idi. Qaba müəyyən miqdarda su tökülür, su axıb qurtardıqca vaxt ötüb keçirdi. Bu saatların çatışmayan cəhəti, onlarda suyun sürətinin sabit olmaması səbəbindən vaxtın qeyri-dəqiq ölçülməsi idi. Belə ki, qabda suyun həcmi dəyişdikcə qabın dibindəki təzyiq də dəyişirdi ki, bu da suyun axın sürətinə birbaşa təsir edirdi. Digər tərəfdən deşiyin çirklənməsi də saatın dəqiqliyini aşağı salırdı. Sonralar mühəndis Ktesibios bu problemləri aradan qaldırmaq üçün yeni konstruksiya təklif edib. Qabdakı deşiyin dəqiqliyini artırmaq üçün o, deşiyi qızıldan və ya xüsusi daşlardan hazırladı.
Qum Saatı
Günəş və su saatlarından sonra qədim insanlar qum saatlarını icad ediblər. Ələnmiş narın qumu ortası boğma şüşə qaba tökür və sonra qabı tərsinə çevirirdilər. Amma bu saatın yanında kimsə növbə çəkməli idi ki, qum şüşənin alt hissəsinə tökülüb qurtaran kimi, yenidən qabı tərsinə çevirsin. Qum saatı bərabərsürətli hərəkət prinsipi əsasında işləyirdi. Tarixi mənbələrə görə, 1259-cu ildə böyük Azərbaycan alimi Nəsirəddin Tusinin Marağa rəsədxanasında Ay və Günəş tutulmasını, gecə-gündüz bərabərliyi anlarını müşahidə edən müxtəlif cihazlardan əlavə Günəş saatı və su saatı da olub.
Mexaniki Əqrəbli Saat
Orta əsrlərdə mexaniki saatların kəşfi zamanın daha dəqiq ölçülməsinə imkan yaradıb. Dünyada ilk sadə mexaniki saat 1335-ci ildə İtaliyanın Milan şəhərində düzəldilib. Sonralar, illər ötdükcə mexaniki saat daha da təkmilləşdirilib. Müasir mexaniki saatın ixtiraçısı 1657-ci ildə kəfgiri idarəedici detal kimi saata daxil edən X.Hüygensdir. Saatın sonrakı təkmilləşməsi ingilis saatsazı U.Klementin, C.Qraqamın, sonra yenə də Hüygensin adı ilə bağlıdır. XVI əsrin sonunda dəqiqə əqrəbi, 1760-cı ildə saniyə əqrəbi meydana çıxıb. Ardınca saatlara ayın tarixini, həftənin günlərini göstərən əlavə mexanizmlər dəquraşdırılıb. Daha sonra saat istehsalında yeni təkmilləşmələr baş verib və ardınca divar, stolüstü, cib və bilək saatları yaradılıb. İlk cib saatları XIX əsrin əvvəllərində istehsal olunub.
Elektron Saatlar
1800-cü ildə dünyada ilk elektrik və elektromexanki saatlar buraxılıb. Daha sonralar elektron saatlar istehsal olunub. Elektron saatlar zamanı ölçən cihazların inkişafı sahəsində tamamilə yeni keyfiyyət mərhələsi təşkil edir.
Müasir dövrdə də saat istehsalı üzrə yeni üsullar işlənib hazırlanmaqdadır. Bu sahədə günəş enerjisindən də istifadə edilməkdədir.
Bu gün saatlar təkcə zaman cərəyanını dəqiqliyi ilə göstərən mexanizm deyil, onlar həm də insanların cəmiyyətdə çəkisini göstərən vasitəyə çevirilib. Odur ki, vaxtımızın, hər dəqiqəmizin qədrini bilək və ondan düzgün istifadə edək.
ŞƏRHLƏR