SUAL? - CAVAB!
Şalvarın dizində iki barmaq boyda yırtıq varsa (dəbdə olan şalvarlarda) bu paltarla qılınan namaz məqbul sayılırmı?
Cavab: Qeyd edək ki, namazda sətri-övrət, yəni ayıb yerlərinin örtülməsi namazın şərtlərindən olan fərzlərindən biridir. Sətri-övrət kişilərdə hər ikisi də daxil olmaqla göbəklə diz arasındakı yerlərdir. Əgər namaz əsnasında sözügedən örtülməli olan yerin dörddəbiri və ya bundan daha çox hissəsi bir rükn yerinə yetirilə bilən müddətdə (məsələn, üç dəfə “Sübhanəllah” deyəcək qədər) açıq qalıb dərhal örtülməzsə, namaz batil olmuş olur. Belə olan təqdirdə, sualda qeyd edilən iki barmaq boyda yer dörddəbirdən az olduğu üçün namazı pozmamaqla yanaşı, namazda bu kimi geyimləri geymək ən azı məkruh, yəni xoşagəlməz hesab olunur. Çünki namazda bəndə Allahın hüzuruna çıxdığını hiss etməli və namazını xüşu içində qılaraq namazın mənəvi yönünə xələl gətirən hər bir haldan uzaq durmalıdır. Təbii ki, sözügedən geyim də namazın mənəvi ab-havasına xələl gətirən hallardandır.
Kreditdə olan maşın, soyuducu, telefon və s. əşyaların krediti bitməyibsə və onu sahibi ucuz qiymətə satırsa, onu alan şəxs geri qalan krediti banka ödədiyinə görə faizə girmiş olarmı?
Cavab: Əgər qeyd edilən əşyalar bank vasitəsi ilə alınıbsa, bu əməliyyatlar faizli alış-veriş çərçivəsinə daxil olduğu və növbəti şəxs də həmin faizli müqaviləni davam etdirdiyi üçün, o da faizə bulaşmış olur və bu kimi alqı-satqılar caiz deyil.
“Kasko” sığorta halaldırmı?
Cavab:Müasir dövrdəki ilahiyyatçı tədqiqatçılar sığorta mövzusunu hərtərəfli araşdıraraq dini hökmü ilə bağlı müxtəlif rəylər irəli sürmüşlər. Belə ki, sosial sığorta (qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması) və qarşılıqlı yardımlaşma sığortasının (bir sıra şəxslərin birləşərək, öz aralarında onlardan hər hansı birinin başına gələcəyi bir fəlakətdən (risk) əmələ gələn ziyanların və zərərlərin təzminatı ilə bağlı qarşılıqlı təminat vermələri) caiz olduğu mövzusunda müasir İslam alimləri həmfikir olmaqla yanaşı, şirkətlər tərəfindən ticarət məqsədilə həyata keçirilən digər ödənişli sığortaların hökmü ilə bağlı üç fərqli rəy vardır:
Birinci rəyə görə, ödənişli sığortaların heç bir növü caiz deyil.Çünki bu kimi sığortalarda bilinməyən ünsürlər olub, bu müqavilə qumara və ya qumar növündən olan mərcləşməyə oxşayır, eləcə də bu müqavilədə faiz vardır. Bundan başqa onlara görə, sığorta əsassız təzminatdır və sığorta müqaviləsizəmanət kimi obyektiv olmayan bir şeyin satışıdır.Sığorta və xüsusilə də həyat sığortası qədərə meydan oxumaqdır. Belə olan təqdirdə, İslamın qadağan etdiyi bu ünsürləri daşıyan sığorta haram olmalıdır.
İkinci rəyə görə, yalnız həyat sığortası caiz deyildir. Əmlak və əşya sığortası isə prinsip olaraq caiz olmaqla yanaşı,dinən məkruhdur (xoşagəlməzdir). Bundan əlavə vurğulamaq lazımdır ki, faiz (sələm) əsasına söykənən sığortaların heç bir növü caiz deyildir.
Üçüncü rəyə görə,sığortanı qadağan edən açıq-aşkar hər hansı nəss olmadığı üçün, faiz (sələm) qarışdırmamaq və əxlaqi normalara zidd olmamaq şərtilə sığortanın bütün növləri caizdir. Çünkiİslam hüququ baxımındanəqdlərdə əsas prinsip qadağanedici hər hansı nəss olmayınca onların bütün növlərinin halal olmasıdır.
Nəticə olaraq, İslam dini yeni inkişaflar qarşısında ortaya çıxan məsələlərə cavab verə bilən xüsusiyyətə malikdir.Hz. Peyğəmbər dövründə olmayıb daha sonra ortaya çıxan əqdlər, yəni müxtəlif müqavilə növləri üçündə bu qayda etibarlıdır. Belə ki, əqdlər İslam hüququnun əsaslarına zidd olan hər hansı ünsür ehtiva etmirsə, yəni əqdin predmeti və qarşılıqlı razılıq kimi dinən tələb olunan bütün ünsür və digər şərtləri yerində olduqda, həmin müqavilə etibarlı hesab olunur.
Üçüncü rəyi əsas alsaq, ümumi olaraq sosial sığortalar, qarşılıqlı yardımlaşma sığortaları və digər sığortalar caizdir. Ancaq bu şərtlərə mütləq riayət olunmalıdır:Üzvlər tərəfindən keçirilən ödənişləri ticarətdə istifadə edərəkəldə olunan gəlirlər üzvlər arasında paylaşdırılan sığorta şirkətlərində ödənişlər dinən halal olan sahələrdə istifadə edilməlidir. Yəni, halal olmayan bir ticarət sahəsində istifadə edilməməli və ya yığılan pullar bankda faizə qoyulmamalıdır.
Predmeti və ya obyekti dinən qadağan olan sığorta isə qətiyyətlə caiz deyildir.
Döyüşdə əsir düşmə təhlükəsi olan şəxs özünü öldürə bilərmi?
Cavab: İslam dinində müxtəlif ayə və hədislərlə intihar etmək qətiyyətlə qadağan edilmiş və böyük günahlardan sayılmışdır. Eyni zamanda intihar qadağan edilərkən səbəbindən asılı olmayaraq qadağan edilmiş və heç bir vəchlə hər hansı zərurətdən dolayı intihar etməyin caizliyinə dair istisna qeyd edilməmişdir. Əksinə, müharibədə çox dərin yara alan bir müsəlmanın bu ağrıya dözmədiyi üçün özünü öldürməsi müqabilində Hz. Peyğəmbər (s.ə.s) onun cəhənnəmlik olduğunu bildirmişdir (bax. Buxari, Cihad və Siyər, 230).
Odur ki, əsir düşməklə işgəncələrə və təcavüzə məruz qalacağını bilən hər hansı bir müsəlmanın özünü və ya yaxınlarını öldürməsi qətiyyətlə caiz deyil.Bu sıxıntılara dözmək, işgəncələrə və digər əziyyətlərə qarşı səbir etmək, nə qədər pis şərait olursa olsun, Allaha olan inanc və etimadı itirməmək müsəlmanın əsas xarakteri və prinsipi olmalıdır. Eyni zamanda bir insanın öz canına qıyması bütün keçmişinin hədər olması mənasına gəldiyi üçün, o, çox təhlükəli bir əməl ilə həyatını sona çatdırmış olar.
ŞƏRHLƏR