GÜNAHLARDAN HİCRƏT
Fəzl və kərəmi bol olan Rəbbimiz hər il biz bəndələrinə rəhmət, məğfirət və bərəkət ayı olan Ramazan günlərində oruc süfrəsi açır.
Rəsulullahın (s.ə.s) “ümmətin ayı” deyə ifadə etdiyi mübarək Ramazani-Şərifə qovuşma bəxtiyarlığını yaşadığımız bu ayelə bir aydır ki, gecəsi də, gündüzü də fəzilətlərlə doludur. Gündüz işlənən savab əməllər gecənin sükunətində qılınan təravihlərlə, təhəccüdlərlə taclandırılır. Tövbə və istiğfar edən qulların axıtdığı göz yaşı selə çevrilərək dağ boyda günahları yuyub aparmağa kifayət edir. Çünki bu ay insanların üzünə açılan ilahi məğfirət qapısıdır. Bu ay insana yaşamağı öyrədən, onu Rəbbindən xəbərdar edən Qurani-Kərimin nazil olduğu müstəsna zaman kəsiyidir. Ramazan Rəhman olan Allahın qullarına rəhmət ayıdır.
Həzrət Peyğəmbər hədisi-şərifində Allah-Təalanın bəndələrini bağışlamaq üçün gecə-gündüz rəhmət və məğfirət qapılarını sonsuzadək açdığından xəbər verir. Ümmətinə təşnə olan o könüllər sultanı belə buyurur: “Əziz və Cəlil olan Allah gündüz günah işləyənlərin tövbəsini qəbul etmək üçün gecə əlini açar. Gecə günah işləyənlərin tövbəsini qəbul etmək üçün də gündüz əlini açar. Bu hal günəşin qərbdən doğuşuna qədər davam edər”. Yəni qiyamətədək tövbə qapısı üzümüzə açıqdır. Bizi yaradan, bizi bilən və “Rəhmətim qəzəbimin önünə keçmişdir” buyuran Rəbbimizin daim qullarını bağışlamağa hazır olduğunu və onların tövbəsindən xoşnud olduğunu bilməlidir hər bir insan. Məhz bu lütfün qarşılığındagünah kirinə bulaşan insan oğlunun mürüvvəti ona açılan tövbə qapısında əfv diləməkdən ibarətdir. Hərçənd ki, zaman-zaman qəflətə düşərək bu ilahi fürsətləri dəyərləndirməkdən aciz qalır. Məhz belə bəndələri üçün də Rəbbimiz bəzi gün və gecələri digərlərindən daha fəzilətli qılaraq yeni fürsətlər yaratmışdır. Bu da bəzən Rəcəb, Şaban, Ramazan kimi başlı-başına bir ay olur, bəzən Bərat və Qədr gecəsi kimi mübarək bir gecə olur, bəzən Ərəfə günü kimi bir gün və ya cümə gününə təvafüq edən bir saat olur.
Ramazan ayı başlı-başına bir mənəviyyat məktəbi, təmizlənmə və yenilənmə ayıdır. Ayağımıza ilişib bizə yük olan günahlardan azad olmaq üçün ələdüşməz fürsətdir. Elə bir ay ki, sahuru ayrı bir bərəkət, gündüzü oruc sayəsində bədən və ruhun təmas xəttinə ən çox yaxınlaşdığı ruhani iqlim, gecəsi isə qiyam və tilavətlə nurlanan fəzilət zamanlarıdır. Bəşəriyyətə doğru yolu göstərən Qurani-Kərimin nazil olduğu, min aydan xeyirli Qədr gecəsinin də bu ayda olması qullara açılan ilahi ikram süfrəsini bəzəyən bir başqa nemətdir. Ramazani-Şərif şeytanın zəncirə vurulduğu, insanı günaha sürükləyən vasitələrin aradan qalxdığı və nəfsin aclıqla ram edildiyi mübarək bir aydır. İşlənən kiçicik bir əməlin qarşılığında qat-qat artıqlaması ilə savaba nail olduğumuz bu ayda ruhumuzun səsini dinləməli, ömür yolumuzda işlədiyimiz xətaları gözümüzün önünə gətirərək peşmanlıq hissi ilə Allaha yönəlməliyik. Ramazan ayı insanın günahlardan hicrət etməsi üçün ən əlverişli mövsümdür. Elə isə bu ay hər bir mömin üçün günahlardan hicrət ayı olsun. Ramazana girmədən, Şabanın son gecəsi sabahkı Ramazan orucuna niyyət edərkən eyni zamanda “Niyyət etdim günahlardan hicrətə” deməyi unutmayaq. Onu da unutmayaq ki, insana bəxş olunan hər nemətin bir külfəti var. Nemət böyüdükcə insanın üzərinə düşən məsuliyyət də o nisbətdə artar.Ramazan ayı digər aylar içərisində fəzilətinin çoxluğu ilə fərqləndiyi kimi insanın bu ayı necə dəyərlədirəcəyi də böyük həssaslıq tələb edir. Belə ki, Həzrət Peyğəmbərin məşhur hədisi-şərifində buyurduğu kimi, Ramazan ayını layiqincə qiymətləndirməyən və bunun üçün də məğfirət mövsümünü günahlardan təmizlənmədən başa vuranların vay halına. Bu qədər fürsətə rəğmən, işlənən bir saleh əmələ yüzlərlə, minlərlə qarşılıq verildiyi halda günah çuxurunda boğulanlar necə də talehsizdirlər.
ŞƏRHLƏR