MÜSAHİBƏ-Pr.Dr.İrfan Gündüz

MÜSAHİBƏ-Pr.Dr.İrfan Gündüz

Prof. Dr. İrfan Gündüz kimdir?

İrfan Gündüz 1950-ci ildə Kayseridə anadan olmuşdur. Orta məktəb təhsilini Kayseri İmam Hatip Liseyi və Kayseri Liseyində tamamlamış, 1974-cü ildə İstanbul Yüksək İslam İnstitutundan məzun olmuşdur. 

Sonrakı illərdə İstanbul Yüksək İslam İnstitutunda Təsəvvüf Tarixi assistenti kimi fəaliyyət göstərmiş, daha sonra Mərmərə universiteti İlahiyyat Fakültəsinə çevrilən bu fakültədə, 1983-cü ildə doktor, 1996-cı ildə dossent və professor ünvanı almışdır. Elmi sahəsi ilə bağlı bir çox elmi məqalə, ensiklopedik maddələr, beynəlxalq seminarlarda təqdim etdiyi məruzələri var. Türkiyə Cümhuriyyətində, bir çox rəsmi vəzifələrdə çalışan İrfan Gündüz Türkiyə Milli Məclisinin 21-ci və 22-ci çağırışında millət vəkili seçilmişdir. 1992-ci ildə qardaş Türkiyədən Azərbaycana gələn və burada bir sıra xeyriyyəçilik fəaliyyətləri ilə məşğul olan Aziz Mahmud Hüdayi Vəqfinin də ozamankı sədri vəzifəsində çalışmışdır.

 

İrfan:Əvvəlcə fürsətdən istifadə edərək bütün Azərbaycan xalqı adından xoş gəlmisiniz deyirik. Uzun zamandan sonra sizi yenidən buralarda görməkdən sevinc hissi duyuruq. İstərsəniz doxsanıncı ilin əvvəlində buraya gəlişinizlə başlayaq. Bu gəlişin əsas məqsədi nə idi?

Prof. Dr. İrfan Gündüz:

Mərhum şair Mehmed Akifin çox gözəl bir şeiri var:

Gitme ey yolcu, beraber oturup ağlaşalım,

Elemim bir yüreğin karı deyil, paylaşalım...

1992-ci ildə möhtərəm Osman Nuri Topbaş bəyin rəhbərliyində bu duyğularla gəldik can Azərbaycana. Buradakı ağır vəziyyətdən xəbərdar idik. Sovet İmperiyası dağılmış, nəticədə bu torpaqlar azadlığa qovuşmuşdu. Lakin müstəqilliyin ilk illərində bir çox cəhətdən çətinliklər vardı. Əgər biz qardaşıqsa, bu qardaşlığın bir tələbi var.  Qardaşlıq kədər və sevinci paylaşmağı tələb edir. O vaxt Şəkidən Səlim Əfəndi İstanbula, Aziz Mahmud Hüdayi Vəqfinə gəlib bizə dedi ki, “Azərbaycanda yanğın var, istər gəlib söndürün, istər söndürməyin”. Dərhal hazırlıqlara başladıq və Azərbaycan yollarına düşdük. Bizim gəliş məqsədimiz Türkiyə-Azərbaycan arasındakı qardaşlıq bağlarını gücləndirmək idi.Məhz bu məqsədlə Türkiyədən müəllimlər gətirdik, onları ölkənin müxtəlif bölgələrinə yerləşdirərək burada xidmətə başladıq. Qayəmiz dininə, vətəninə, millətinə bağlı, qəlbi bu duyğularla dolu nəsillərin yetişməsi idi. Həmd olsun, aradan keçən bu qədər zamandan sonra burada əkilən toxumların bəhrələrini görürəm. Artıq ilahiyyat fakültələrində Azərbaycan övladlarının dərs verməsi, həqiqətən, insanın sinəsini qabardır. Bu, məni çox sevindirir.

Türkiyə hər zaman Azərbaycanın yanında olmuşdur. Vaxtilə rəhmətlik Allahverdi Bağırovun komandirliyi altında bir həftə ermənilərə qarşı döyüşlərdə də iştirak etmiş biri olaraq deyirəm ki, bu torpaqlar hər birimiz üçün ana vətən qədər əzizdir. Düzdür, mənim orda vuruşmağım hərb nöqteyi-nəzərindən bir o qədər də ciddi sayılmazdı. Məhz bu baxımdan bunu dilə gətirmək ayıb olardı, bəlkə də,amma Azərbaycan ordusuna yardım gətirdiyimiz o gün əsgərlərimiz bizim də əlimizdə silah tutduğumuzu görüb“Türkiyədən bizə dəstək gəlib”, “Qardaşlarımız bizimlə çiyin-çiyinə vuruşmağa hazırdır” deyərək ertəsi gün 17 kəndi ermənilərdən azad etdilər. Bütün bunlar qardaşlıq borcumuz idi.

- İrfan bəy, Aziz Mahmud Hüdayi Vəqfinin adını çəkdik, bu vəqfin Azərbaycana ovaxtkı dəstəyindən söz açdıq. Bəlkə, söhbətimizə İslamda vəqf anlayışı, vəqflərin mahiyyəti mövzusu üzərindən davam edək.

- Vəqfçilik tamamilə İslam mədəniyyətinə məxsus olan bir anlayışdır. Romada, xristianlıqda və yəhudilikdə çox-çox sonralar meydana çıxmış bu müəssisənin təməlləri Hz. Peyğəmbərin Fədək ərazisini yoxsullara vəqf etməsi ilə atılmışdır. Allah Rəsulu Mədinədəki xurmalıq və bazarı da mədinəli şəhid ailələrinin təminatı və ordunun təchizatı üçün vəqf etmişdir. Sonra zamanla bu vəqf etmələr qurumlara çevrildi. Bu mənada vəqfçilik Peyğəmbər yolunu davam etdirməkdir.

Vəqf “əmri-bil-məruf”un, ilahi əmrlərin həyata əks etməsidir. Mədəniyyət də məhz budur. Həyata sirayət etməyən boş sözlərlə mədəniyyət olmaz. Əgər inandığınızı yaşamasanız o imanın da bir faydası yoxdur, elə deyilmi? Əgər bir memar həyatı boyu bir daxma inşa etməyibsə, işin elmini nə qədər bilirsə-bilsin, o, memar deyil. Məhz ilahi əmr və qadağaları həyata keçirən qurumlarımız sayəsində möhtəşəm İslam mədəniyyəti meydana gəlmişdir. Mədəniyyətimizin ən böyük iki amili var: vəqf və mərhəmət.

Vəqf Allah üçün məxluqata mərhəmətin müəssisələşmiş halıdır. Allah-Təala Qurani-Kərimdə “İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir ümmət olsun!” – buyurur. Ayədə zikr olunan ümmət sözü ərəb dilində iki məna ifadə edir: Biri, imamlıqdır. Yəni bəşəriyyətin imamı olun, öndəri olun. Dünyada ədaləti siz bərqərar edin, haqqın yanında olun. Bu, Rəbbimizin bizə göstərdiyi hədəfdir. Ümmətin ikinci mənası anadır. Yəni ana ürəyi kimi mərhəmətli, şəfqətli və nəvazişli olun. İslam mədəniyyəti müsəlman cəmiyyətinin bir ana ürəyi kimi mərhəmətlə döyünməsidir. Mədəniyyətimizüşüyənə yorğan, xəstəyə dərman, çarəsizə çarə olmaqdır. İslam mədəniyyətinin isti yorğanından kənarda qalan bir dənə də olsa canlı yoxdur. Bu ümmət daim cəmiyyətdə mərhəmətə möhtac canlı axtararaq onu qorumaq üçün vəqflər qurmuşdur. İnsanların ehtiyacları təmin edilmiş, bu səfər heyvanları himayə edəcək müəssisələr qurulmuşdur.Qanadıqırıq köçəri quşları müalicə edən, onları qoruyan vəqflər açmışdır, it və pişiklər üçün xəstəxanalar təsis edilmişdir. Fransız yazıçı Kloud Farrerin “Türklərin Mənəvi Gücü” adlı kitabı var. 14 il İstanbulda səfir işləyən fransız yazıçı kitabında deyir ki, “İstanbulun hər hansı bir küçəsinə girdiyiniz zaman əgər oranın pişikləri və köpəkləri sizə yaxınlaşırsa, sizinlə oynamağa can atırsa, bilin ki, həmin küçədə müsəlmanlar yaşayır. Yox, əksinə, getdiyiniz küçədə it-pişik, göyərçin sizdən uzaqlaşırsa, özünü müdafiə etməyə çalışırsa, bilin ki, bura qeyri-müsəlmanların məskunlaşdığı yerdir”.Qərbin saysız-hesabsız kitablarına mövzu olan, Avropa insanını heyrətə salan bu mərhəmət Allahın bizə əmr etdiyi mərhəmətdir. Bu gün dövlətdən gözlədiyimiz xidmətlərin doxsan faizi vaxtilə vəqflər tərəfindən qarşılanmış və bunun üçün də heç bir qarşılıq istənməmişdir.

- Əfəndim, yəqin ki, buradadillərə dastan olan vəqflərimizdən bir misal vermək  yerində olardı. Oxucularımıza hansı misalı vermək istərdiniz?

- Saysız misallardan sadəcə birini qeyd etmək gərəkirsə, XVII əsrdə yaşamış Merzifonlu Kara Mustafa bəyin tikdirdiyi karvansarayları xeyirlə yad edə bilərik. Karvanların keçdiyi yollarda karvansaraylar saldırmışdır. Maraqlı təfərrüat burasındadır ki, hər birinin arasındakı məsafə doxsan kilometrdən artıq deyildi. Xeyriyyəçilikdə həssasiyyətə baxın ki, İslama görə səfərilik müddəti doxsan kilometr olduğu üçün saldığı karvansaraylar arasındakı məsafənin sərhəddini buna görə nizamlamışdır. Tikdirdiyi bu karvansarayları vəqf edərkən belə deyir: “Günəşin qürubundan doğuşuna qədər içəridəki qonaq əsla karvansaraydan çıxarılmaya. Ancaq günün hansı saatında olmasından asılı olmayaraq, gecə-gündüz fərqi qoyulmadan karvansaraya gələn qonaq içəri alına. Ac-susuz olduğu soruşulmadan yemək ikram oluna”. İncəliyə baxın, gələn qonağı utandırmamaq üçün ac olduğunu soruşmaq belə ayıb sayılır. Üç gün ərzində karvandakıların miniyi, canı, malı, namusu, dini, hər şeyi idarəçilərə əmanətdir. Üç gün tamam olanda karvansaray xidmətçiləri tərəfindən karvan hazırlanır, əşyaları yüklənir, sübh namazından sonra uğurlanır. Bütün bu xidmətin əvəzində də qonaqlardan yalnız bir şey istəyirlər. O da “Allah xeyir sahiblərinə rəhmət etsin” deyə dua etmələridir. Sadəcə xeyir-dua, o qədər. İndi getdiyiniz hər hansı bir şəhərdə, hətta ayaqyoluna girmək də pulludur. Əcdadımızın mədəniyyətdə qət etdiyi səviyyə hara, bizim bugünkü halımız hara.

Bəzən bizə elə gəlir ki, o dövrdə sadəcə zənginlər vəqf ediblər. Xeyr, hər kəs vəqf mədəniyyətində özünə yer etməyə çalışırdı. Məsələn, dul bir xanımın ikiotaqlı evi vardısa, otaqlarından birini kimsəsiz qalmış başqa bir qadına vəqf edirdi. Öldükdən sonra da evinin özü yaşadığı qisminin başqa bir kimsəsizə vəqf olunmasını vəsiyyət edirdi.

- İrfan bəy, bugünün insanı ilə orta əsrlərdə yaşayan insan arasında nə fərq var ki, onlar bu qədər infaq edə bilirdilər? Hansı şüur onları buna vadar edirdi?

- Allah dostlarından birinin çox gözəl sözü var. Deyir ki, Allah-Təala insana bu boyda vücud, kiçicik ağız verib. Bunun bir hikməti var. Allah bütün orqanlarımızı bir nisbətdə təyin etmişdir. Dünyanı nə qədər görməliyiksə, gözümüzü o nisbətdə yaratmışdır. Eşitməli olduqlarımızı eşidəcək dərəcədə qulaq verib. Nə çox, nə az. Bu boyda vücudumuza rəğmən ağzımızın kiçik olmasının iki hikməti var: Bir, vücudumuz qədər düşünüb ağzımız qədər danışmalıyıq. İki,vücudumuz qədər istehsal edib, ağzımız qədər tükətməliyik. Vəqfçilik nöqteyi-nəzərindən baxsaq, əcdadımız bu ikinci maddənin şüurunda idi. Məhz ona görə kifayət miqdarına razı olub geri qalanını Allah yolunda sərf edə bilirdilər. Bu gün isə kapitallaşan dünyanın insanı istehlak şüuruna əsir olmuşdur. Mövlana Məsnəvisində deyir ki, “Allah bütün insanları istehsalda deyil, istehlakda bərabər yaratmışdır”. Yəni, məsələn, hər bir insanın gündəlik qəbul edəcəyi kalori bəllidir. Mən kralam, zənginəm, hər gün on min kalori almalıyam deyərək, başqalarından çox istehlak edə bilərsən, amma 40 yaşına gəldikdə şəkər xəstəliyindən əziyyət çəkərsən, erkən yaşda artıq çəkidən xilas olmağın yolunu axtarmalı olarsan.

İslam mədəniyyətinin insan tipi çox istehsal edib, az istehlak edəndir. Bu gün insanları kasıblığa sürükləyən səbəb istehlak çılğınlığı, ehtiyacdan artığına sahib olma hərisliyidir.  

- İrfan bəy, millət vəkili olduğunuz vaxtlarda rəsmi ziyarətlərinizi saymasaq, aradan keçən uzun zaman sonra yenidən Azərbaycana gəlişinizdə nələri müşahidə etdiniz? Hansı dəyişikliklər nəzərə çarpır?

- Sözsüz ki, Azərbaycanın inkişafı göz qabağındadır. Ovaxtkı Bakı hara, indiki Bakı hara? Hava limanına ayaq basdığınız andan etibarən ölkədə çiçəklənmə və inkişafın hansı səviyyədə olduğu açıq-aydın görünür. Doxsan ikinci ildə gəldiyimiz Azərbaycanda insanların üzündə gələcəyə ümid yox idi. Şükürlər olsun, indi çox şey müsbətə doğru dəyişib. Lakin qeyd etməliyik ki, maddi rifah səviyyəsinin yüksəlməsi kimi mənəvi inkişaf da çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanın mənəvi sahədə də inkişaf etdiyini qürurla söyləmək yerində olardı. Bu səfərimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri ilə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı ilə görüşdük. Sözügedən qurumların dini sahədə nailiyyətləri bizi çox sevindirdi. Ölkə başçısı cənab İlham Əliyevin xüsusi göstərişi ilə Bakıda inşa edilən Heydər Məscidi, qədimi Şamaxı məscidinin əsaslı təmir olunması, hər şəhərdə, hər rayonda bu istiqamətdə gedən inkişaf prosesi təqdirəlayiqdir. Vaxtilə buraya gələndə Quran oxuya bilməyən, İslamdan bixəbər uşaqların indi universitetlərdə dərs verməsi, məscid, mədrəsə və fakültələrdə yerli kadrların xidmət göstərməsi ölkədəki mənəvi inkişafdan xəbər verir.

- Çox sağ olun. Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik.

- Mən də sizə təşəkkür edirəm. Allah xeyir işlərdə yarışan bəndələrini qorusun, onları müvəffəq etsin.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz