"Mənə QURAN oxu"
On bir ayın Sultanı olan Ramazani-Şərif bir Quran ayıdır. Uca Yaradan Quranı bu ayda nazil etmişdir.
Bu haqda Bəqərə surəsinin 2-ci ayəsində belə buyurulmaqdadır: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir”. Bizlərdə həm bu Ramazanı-Şərifdə, həm də Ramazandan sonra qarşıdan gələn yay tətilini daha da bərəkətli keçirməyimiz üçün Quran təhsilinə daha da əhəmiyyət verməli və övladlarımızı Quran öyrənə biləcəkləri yerlərə yönləndirməliyik.
Unutmamalıyıq ki, Quran aləmlərin Rəbbi olan Allahın (c.c)qullarına ən böyük ərməğanıdır. Quran – insanları doğru yola çatdıran, haqq ilə batili bir-birindən ayıran[1], möminlər üçün rəhmət və şəfa[2], təqva sahibləri üçün bir rəhbər[3], Rəbbimizdən bir öyüd, içimizdəki dərdlərə bir şəfa, bizə doğru yolu göstərən bir hidayət və rəhmətdir[4]. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Quranın üslubuyla danışan doğrunu danışmış olar. Onunla əməl edən mütləq mükafat alar. Kim onunla höküm verərsə, adalətlə hökmedər. Kim ona çağrılarsa, doğru yola çağrılmış olar”.[5]Belə dəyərli, şərəfli və hikmətli bir Kitabdan istifadə etməyin ilk yolu,təbii ki, onu oxumaqdır.
Quran oxuma istəyində olan bir insan hər şeydən əvvəl öyrənmək istədiyi kitabın Allah kəlamı olduğunu yaxşı dərk etməlidir. Və bu kitabın özünəməxsus qayda və prinsiplər əsasında oxunduğunu bilməlidir. Beləki, əvvəlcə Quran hərflərini məxrəc və sifətləri, yəni çıxış yerləri və keyfiyyətləri baxımından düzgün tələffüz etməyi öyrənməli, təcvid qaydalarını mənimsəyərək hərflərin bir-biri ilə olan əlaqəsini yaxşı dərk etməlidir. Quran oxuma iddiasında olan hər müsəlman təcvid qaydalarına tabe olmaq məcburiyyətindədir. Ayə və hədislərdə təcvidə riayət edilməsi əmr edilmiş, İslam alimləri də bu mövzuda bir çox hökm qoymuşlar. Belə ki, Müzzəmmil surəsinin dördüncü ayəsində “Quranı açıq- açıq (aram-aram) tərtil ilə oxu”buyrularaq təcvidə işarə edilmişdir. Böyük qiraət alimi İbnül-Cəzəri də təcvidi öyrənməyin qəti bir fərz olduğunu bildirərək Quranı təcvidsiz oxuyanın günahkar olacağını söyləmişdir.[6] Bu halda təcvid elmini bilmək fərzi-kifayə, ancaq onunla əməl etmək hər müsəlmana fərzi-ayndır. Digər bir ifadə ilə; böyük və açıq xətalardan qoruna biləcək qədər təcvid bilgisinə sahib olmaq hər müsəlman üçün fərzdir. Ancaq bu elmin incəliklərini geniş şəkildə öyrənmək isə fərzi- kifayədir.
Quran oxuyan kəs bundan sonra mümkün mərtəbə oxuduğu ayələri bir ahəng içində, mənasını düşünərək və səsini gözəlləşdirərək oxumalıdır. Təbiidir ki, hər kəsin səsi gözəl olmaya bilər. Gözəl səslə Quran oxumaq Allahın bir lütfüdür. Bu işin iki yönü var: Biri vəhbi (Allah tərəfindən verilmiş), digəri isə kəsbidir (çalışmaqla əldə edilən). Əgər vəhbi tərəf insanda mövcuddursa, çalışmaqla bu işi yüksək səviyyəyə çatdırmaq olar. Ancaq bu o demək deyil ki, səsi gözəl olmayan kimsə Quran oxuya bilməz. Əlbəttə, hər kəs Quranın qaydalarına diqqət etməklə onu müəyyən səviyyədə gözəl oxuya bilər. Unutmamaq lazımdır ki, bu işdə əsas olan təlim və təcvid qaydalarına uymaq və daha sonra gözəl səslə məqamlar üzrə çalışmaqdır.
Oxuduğumuz Quranı Allah üçün və səmimi-qəlbdən oxumalıyıq. İman və eşqlə oxunan Quran həm qəlblərə sevinc bəxş edər, həm də Allah qatında daha məqbul olar. Peyğəmbər (s.ə.s) Quranı gözəl oxuyanlara dəyər verər, onlardan Quran dinləməyi çox sevərdi. Quranı gözəl oxumasıyla məşhur olan səhabə Abdullah bin Məsud (r.a) bu mövzudakı xatirəsini belə anladır:
“Bir dəfə Rəsulullah (s.ə.s):“Mənə Quran oxu!” - buyurdu. “Ey Allahın Rəsulu, Quran Sənə endirilmişkən, mənmi Sənə Quran oxuyum?”- dedim.Rəsulullah (s.ə.s):“Mən Quranı başqalarından dinləməyi çox sevirəm”, -dedi.Bunun üzərinə Nisa surəsini oxumağa başladım. “(Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (halları) nə cür olacaq?”[7] mənasına gələn ayəyə gəldiyim zaman, -“Hələlik kifayətdir!” - buyurdu.Baxdım ki, Rəsulullah ağlayırdı”.[8]
Başqa bir hadisə isə gözəl Quran oxumağın fəzilətini belə anladır: Səhabədən olan Üseyd bin Hudayr (r.a) gecə gözəl səslə Quran oxuyarkən mələklər onun səsini eşitmək üçün yaxınlaşmış və səmada görünmüşdü. Hadisəni Allah Rəsuluna danışdıqda isə Hz. Peyğəmbər (s.ə.s):“Əgər səhərə kimi oxusaydın, insanlar onları görəcəkdi”,[9] - demişdi.
Uca Allah bizləri də Quranı öyrənən, onunla əməl edib nuruyla aydınlanan qullarından eyləsin. Amin!
ŞƏRHLƏR