ÜZÜLMƏ, şübhəsiz ki, Allah bizimlədir
Gecənin zülmət pərdəsini kimin gözünə salmaq, kimin könlündən almaq Uca Allahın “ol” deməyindən başqa bir şeydən ibarət deyil. Onlarca əlisilahlı düşmənlərinin arasından keçərkən gecənin yarısı, tək sığınacağı aləmlərin Rəbbi, tək silahı isə dodaqlarından süzülən Yasin surəsinin ilk ayələri və üzərlərinə səpdiyi - ovcundakı qum dənələri idi.
Allah, bundan əvvəl də tarix boyu necə düşmənlərini kiçicik səbəblərlə məğlub edərək zəlil etmişdi. Beləliklə, Varaka bin Növfəlin illər əvvəl dediyi kimi: Son peyğəmbərin hicrəti başlayırdı. Bu onun qədəri və ən böyük əlamətlərindən idi. Uçan quşun kölgəsi kimi rahatca süzülüb keçərkən aralarından, bir igid uzanmışdı onun yatağına, Hz. Əli - onun xirqəsini başına çəkərək, onun üçün həyatını heçə sayaraq və yenə onun əmanətlərini, onun yoxluğunda sahiblərinə çatdırmaq üçün. Çünki ona bu tapşırığı verən güvənilir, əmanətlərə heç vaxt xəyanət etməyən Muhammədul-Əmin idi. Heç tərəddüd eləmədən girdi o cəngavər onun yatağına. Çünki nə deyəcəyini bilirdi: “Üzülmə, şübhəsiz ki, Allah bizimlədir”.
Ən sadiq dostunun evinin yolunu tutdu, onunla birgə yönəldilər Sevr mağarasına. Bu çətin səfərdə canını qorumaq üçün nə “anasını ağlar, xanımını dul, uşağını yetim qoymaq istəyən arxamca gəlsin” deyən Hz. Ömərə arxalandı, nə də “Şahı-Mərdan”, “Şiri-Yezdan” Əliyyul-Murtəzaya. Yanına ən yaxın dostu, -“qorxma, Allah sənə xeyirli bir dost verəcək”, - deyərək gözlətdiyi Hz. Əbu Bəkiri alaraq çıxdı bu dərin mənalı çətin yolçuluğa. Məkkənin Mədinə tərəfində deyil, əks tərəfdə yerləşən bu mağara onlar üçün təslimiyyət dünyasına açılan bir qapı, təvəkkül diyarına açılan bir pəncərə oldu. Onu əllərindən qaçırdıqları üçün hirslərindən quduran və bir insanın girib gizlənəbiləcəyi bütün dərmə-deşikləri bir-bir axtaran müşrik yığını mağaranın ətrafını sarıb oraya girməyi düşünəndə dostu onun həyatı üçün narahat oldu.O isə, öz ölümü üçün yox, ümmətin gələcəyi üçün narahat olan dostunatəskinlik verirdi: “Üzülmə, şübhəsiz ki, Allah bizimlədir”.(ət-Tövbə, 40)
O, əmr olunanı yerinə yetirirdi, çünki O, Allahın vədinin mütləq gerçəkləşəcəyini bilirdi. Uca Allah daha əvvəlki nəsibsiz bənzərləri kimi, özlərini çox qüvvətli sanan o yazıqları bir daha çox zəif və zərif səbəblərlə məğlub etmiş, lakin bəsirəti korlanmış, qəlbləri möhürlənmiş olanlar bu həqiqəti dərk etməmişdilər. Zəif olan: evlərin ən zəifi olan hörümçək toru, zərif olan isə: quşların ən zərifi olan göyərçin idi ki, mağaranın ağzını örtərək onların pis niyyətlərinin qabağında bir dağ kimi sədd olmuşdular.
Üç gün gözlədikdən sonra o mağarada, davam elədilər mübarək səfərlərinə. Əbu Bəkirin oğlu Abdullahın gətirdiyi iki dəvəyə minərək yola düşür və Məkkəyə baxaraq bir tərəfdən: “Çıxarılmasaydım səndən əsla ayrılmazdım” deyərkən, bir tərəfdən də Uca Allahın: “Quranı sənə vacib buyuran (Allah) qayıdacağın yerə səni yenidən qaytaracaqdır”(əl-Qasas, 85) ayəsi ilə təsəlli taparaq səbir edir, ona əmr olunan yerə tərəf yol almağa davam edirdi. Çünki Quranı vacib buyuran Allah, möminlərə qiyamətə kimi bələdçi olacaq Quranı tamamlayacaq, bütün hökmlərini möhkəmlədəcək, sonra da o mübarək vədini gerçəkləşdirəcəkdi.Məkkənin Fəthi üçün lazım olan hər şey bu mənzildə, bu onillikdə onları gözləyirdi.
Səfər davam edir. Təxminən 400 km-lik yol, hətta daha da artıq. Gecə-gündüz demədən keçilməlidir. Yolda Ümmü Məbədin çadırına dəydilər. Süd istədilər. Çadırında, çox zəif olduğu üçün sürüdən geri qalan qısır bir qoyundan başqa heç nəyi yox idi. “Bismillah”, - deyib əlini uzatdı və bol-bol süd gələrək sağarkən Allahın izni ilə, bu müjdə bir daha özünü təsdiq etdirirdi: “Üzülmə, şübhəsiz ki, Allah bizimlədir”. Neçə-neçə igidlər onları tapıb bəxşiş almaq üçün düşmüşdü arxalarınca səhralara. Nəhayət izlərinə düşüb onları yaxalamaq istəyən cəngavər Sürakanın atı dizlərinə qədər batarkən səhranın qumlarına, o nida sanki bir daha təkrarlanırdı: “Üzülmə, şübhəsiz ki, Allah bizimlədir”.
Elə o Sürakaya, - “Kisranın bilərziklərini taxacaqsan”,- demişdi rəsulullah (s.ə.s). Hz. Ömər dövründə taxdı da...
Büreydə də bu gözəl səfər boyunca hidayətə qovuşanlardan idi, ağ sarığını çıxardıb müsəlmanların ilk bayraqdarı olmuşdu. Sanki bütün “ilk”lər bir-bir sıraya düzülüb hicrəti gözləyirdilər.
Hələ səfər tamamlanmadan yol boyu neçə insan, neçə qəbilə İslamla şərəfləndi.
Mədinəyə altı-yeddi kilometr yaxınlıqdaki Qubadakı qarşılama da bir başqa olub.İslama girənlərin sayı-hesabı yox idi. Orada tikildi ilk məscid, orada əmr olunub əda edildi ilk cümə namazı. Oranı tərk edib Mədinəyə səfərə davam edəcəyini eşidib üzülənlərə: “Mənə Mədinəyə getmək əmr edildi” – buyurmuşdu. Çünki bu müqəddər idi, Allahın iradəsi ilə böyük möcüzə addım-addım gerçəkləşirdi. Bu, içində insan ağlı ilə hesablana bilməyəcək nailiyyətləri daşıyan “Hicrət” idi.
Bədirdə, Uhudda, Xəndəkdə, Təbukda, Məkkənin Fəthində və ya Rəfiqi-Əla məqamında... Haqdan gələn o səda, daim mömin könüllərdə hicrətdən qalan o səda təkrarlandı:“Üzülmə, şübhəsiz ki, Allah bizimlədir”.
Hicrət, Məkkənin fəthinə hazırlıq idi
Hicrət, İslamın Məkkə xaricinə açılıb bütün dünyaya yayılması idi
Hicrət, müsəlmanların özlərinə xas xüsusiyyətləri ilə İslam cəmiyyətinin formalaşması idi
Hicrət, Quranın tamamlanması və Allahın vədinin gerçəkləşməsi idi.
Hicrət, daha sonra müsəlman təqvimi olaraq tətbiq edildiyi kimi, yeni bir dövrün başlanğıcı idi...
ŞƏRHLƏR