Sonuncu söz: “Kaş ki”

Sonuncu söz: “Kaş ki”

Cərrahın telefonu zəng çaldı.
- Bəli, eşidirəm.
- Cənab Həkim, ağır xəstə var, tez özünüzü çatdırın.…
- Gəlirəm,- deyib həkim tələsik yola düşdü.

Həkimi xəstəxanada xəstənin atası qınaqla qarşıladı:
- Mənim oğlum ölüm ayağındadır, nə üçün gecikirsiniz? Öz oğlunuz olsaydı belə edərdinizmi?
Cərrah gülümsədi: 
- Mənə xəbər çatan kimi tələsik gəlmişəm. Bir də unutmayın ki, həyat və ölüm Allahın əlindədir.
Cərrah əməliyyat otağına daxil oldu. Əməliyyat iki saat çəkdi. Cərrah otaqdan çıxıb dəhlizdəki atanın yanından sakitcə ötüb keçdi. Ardınca köməkçi həkim çıxdı. Ataya,“Oğlunuz yaşayacaq” - dedi.
Ata bir an sevindi, sonra yenə qəzəblənib dedi:
- Cərrah çox pis adamdır. Nə olardı ki, çıxanda mənə xoş xəbər versəydi.
Köməkçi həkim cavab verdi:
- Cərrah çox gözəl insandır. Onun oğlu avtomobil qəzasında dünyasını dəyişib. Biz onu dəfn mərasimindən cağırdıq. Oğlunun dəfn mərasimi başa çatmamış sizin oğlunuzu xilas etmək üçün xəstəxanaya gəlmişdi...

İnsanların ölüm döşəyindəykən ən çox dostları və əlindən çıxanlar üçün peşman olduğu bildirilir. İnsanlar ölümlə üz-üzə gəldikdə çox əhəmiyyətli dəyişikliklər keçirir. Bronnie Vare, xəstələrinin ölümlə üzləşdiyi zaman inkar, qorxu, hirs, peşmançılıq vəs. mərhələlərdən keçdiyini söyləyir.Xəstələrindən ən çox nə üçün peşman olduqlarını soruşan  Bronnie Vare, “The Top Five Regrets of the Dying”(Ölüm Anında Peşman Olunan Beş Şey) adlı kitabında aldığı cavabları beş başlıq altında cəmləşdirib:

1. “Kaş ki, başqalarının məndən gözlədiyi həyatı davam etdirmək əvəzinə xəyallarımı gerçəkləşdirmək cəsarətim olaydı”. 

2. “Kaş ki, bu qədər çox işləməyəydim”.

3. “Kaş ki, duyğularımı dilə gətirməyə cəsarətim olaydı”. 

4. “Kaş ki, dostlarımla əlaqəmi davam etdirəydim”. 

5. “Kaş ki, özümə daha çox xoşbəxt olmaq üçün icazə verəydim”.
Bronnie Vare, ölüm yatağındakı xəstələrinin “Kaş ki, daha çox güləydim, kaş ki, axmaq işlər görməyəydim” - deyərək peşmanlıqlarını dilə gətirdiyini də sözlərinə əlavə edib.

ÖLÜM NƏDİR?
Ölüm - canlı orqanizmin həyat fəaliyyətinin dayanmasıdır. Ölümdən sonrakı həyat haqqında müxtəlif fikirlər mövcuddur. Yaşadığı müddətdə insanın beynindən keçən bütün fəaliyyətlər səs və görüntü dalğaları ilə yüklənmiş dalğalar kimi ruha yüklənmiş olduğu üçün özündə heç bir dəyişiklik hiss etdirmədən yaşayır və insan ruh olaraq eyni bədəndə olduğu kimi yaşamağına davam edir. Ancaq bir fərqlə: həmin bədəndə tamamilə şüurlu və canlı olmasına baxmayaraq maddi bədənindən istifadə edə bilmir və bütün “kaş ki”lər dəyişir. Xaricdə olan hər şeyi görür, duyur, ancaq xaricə özü haqqında məlumat verə bilmir.

Böyük İslam alimi İbrahim Həqqi özünün “Mərifətnamə” əsərində Məhəmməd peyğəmbərin dilindən ölüm hadisəsini belə nəql edir: “Ölən kəs bədənini kimin yuduğunu, kimin kəfənlədiyini, kimlərin namaz qıldığını, kimlərin ardınca gəldiyini bilir”.
Əgər insan ölümdən sonra yaşamasaydı, onda qəbir əzabı deyilən bir söz də olmazdı.
Ölüm o qədər aydın bir hadisədir ki, Allah-Təala Qurani-Kərimdə: “Mən həyatı olduğu kimi, ölümü də yaratdım”- deyir,ölümü də bir yaradılış sayır. (əl-Mülk, 2)

Məhəmməd Peyğəmbərdən (s.ə.s) soruşurlar ki:Möminlərin ən ağıllısı hansıdır? O da cavab verir ki: “Ölümdən sonrakı həyata ən çox hazırlananı”. Günahkarlar mütləq qəbir əzabını yaşayırlar, hətta, heyvanlar da onların səsini eşidirlər. Böyük İslam alimi İmam Qəzali belə söyləyir: “İnsanların ölümü yoxluq kimi qarşılamaqları yanlışdır. Dirilmənin ilk yaradılış kimi ikinci bir yaradılış olduğunu zənn etmək də yanlışdır. Əslində insan oğlunun bir çox dirilməsi vardır, onun dirilməsi sadəcə iki dəfədən ibarət deyildir”. 

Ölümə yenilməyən, bu dünyadan köçməyənheç bir qəhrəman yoxdur. Ona görə də ümumiyyətlə əsil qəhrəmanlar ölümlə deyil, həyatla mübarizə aparırlar. Ölümlə mübarizə aparmaq ağılsızlıqdır. O gəldisə aparacaq deməkdir. Ölüm özünü, sözünü, gücünü təsdiq etmiş bir qüdrətdir. Ölüm mütləq yoxluq deyil, bir haldan bir başqa hala keçiş və bir evdən digər bir evə köçüşdür şübhəsiz. Bu köçüşün başlanğıcı, dünyada bir-birinə ən möhkəm bağlarla bağlı olan, bədənlə ruhun bir-birindən ayrılmalarıdır. Bu səbəblə ruhun bədəndən ayrılışı, çıxışı və bundan sonra əbədi iqamətgahı olan Cənnət ya da Cəhənnəmə çatana qədər olan səfəri və bu səfər əsnasında keçəcək olan hadisələr əhəmiyyətlidir.Ölüm və sonrasını bizə ən gözəl şəkildə başa salan Qurani-Kərim, elə yuxarıda bəhs edilən “kaş ki” məsələsini necə də gözəl xülasə edir: “Həqiqətən biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) xəbərdar etdik. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək və kafir olan kəs: “Kaş ki, (bu əzabı görməmək üçün) torpaq olaydım, - deyəcək”. (ən-Nəbə, 40) 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz