Müsahibə - Murad İsayev
Regional Psixologiya Mərkəzinin rəhbəri Psixoloq – konsultator
Murad İsayev
İrfan: Murad bəy, günümüzdə həm cavanlar, həm də yaşlılar arasında böyük bir problem kimi yayılan depressiya hallarından tez-tez bəhs edilir. Depressiya deyiləndə nə başa düşməliyik?
Murad İsayev: Depressiya sözü çox işlənir. Əslində diaqnoz olaraq bu söz işlədilirsə çox böyük dəqiqlik tələb edir. Məsələn, bir insanın hal-əhvalının pozulması, yaxud yuxusunun pozulması, və ya hər hansı bir problemli məsələyə düşməsi depressiyaya girməsi demək deyildir. Depressiya üçün ən azı on simptomun bir arada olması lazımdır. Bunlardan bir neçə misal verək, birinci növbədə bu insanınasosiallaşmasıdır, insanlardan uzaqlaşmasıdır. Yəni sosial tərəfdən, ictimai tərəfdən cəmiyyətdən təcrid olunmalıdır. Özünə qapanmalıdır. İnsanları özünə yad görməlidir. Bu necə olur; sanki hər kəsin onun haqqında pis fikirdə olduğunu düşünür. Hətta xeyirli bir yanaşma olsa belə, yaxınları, valideynləri olsa belə yenə də ona kömək edə bilmirlər. Sosial tərəfdən belə bir içəqapanma görülməlidir. Bunlar daha çox ağırlaşmış hallara doğru gedən insanlarda görülür. Bir ikinci əlamət, organik və psixoloji pozulmaların görülməsidir. Məsələn; yolda baş verən bir qəza deyək. Maşın maşına dəydi, bir müddət insan bunun təsirində qalıb fikirləşə bilər. Amma bu fikir bir müddət sonra dayanmalıdır. Bu fikir həftələrə, aylara keçməməlidir. Yaradanın insan psixologiyasına verdiyi ən güclü hal, özünüqoruma mexanizmasıdır. Bu olmasaydı insanların çoxu şizofrenik kimi, daha ağır xəstəliklərə girə bilərdi. Özünüqoruma mexanizması sayəsində bir insan hər hansı bir problemə düşübsə avtomatik olaraq özü özünü içdən rahatlaşdırmağa başlayır. Müəyyən yollar axtarır, xeyirli tərəflərinə baxır. Hələ bir də onun inancı, imanı varsa, mənəvi xoşgörüsü varsa, - ona biz psixologiyada “refremik” deyirik; yəni ikili çərçivə var: hər şeyin mənfi və müsbət tərəfi var – hər şeyə müsbət tərəfi ilə baxa bilirsə bu insanda özünüqoruma mexanizmi daha güclü olur. Bu vəziyyət onun üzərindən tez keçə bilir. Amma bəzi insanlar da var ki, pessimizmə daha çox meyillidir. O məsələni beynində müəyyən bir müddət daşıya bilir. Yenə də, o pessimist olan insan belə müəyyən bir müddət gedənə qədər, orqanizmindəki o özünüqoruma mexanizmi onu qoymur ki, bunu həmişəlik davam eləsin. Yavaş-yavaş, tədricən onu söndürür. Bu ailədaxili münaqişə ola bilər, hansısa bir dəyərli əşyanın itməsi ola bilər, işyerində bir problem ola bilər, bunun kimi kiçik miqyaslı, böyük travma yaratmayan problemlərə aiddir bu tədrici özünüdüzəltmə. Ümumiyyətlə, insan psixologiyasında təsir yaratmış olan hansısa bir mövzu hər gün, on beş – iyirmi dəqiqə ərzində təkrar – təkrar düşünülürsə - A punktu, B punktu - düşünülməkdən başqa artım istiqamətində düşünülürsə bu artıq depressiv simptomların ən böyüyüdür, birinci böyük səbəbidir. Bir digər depressiya simptomu yuxusuzluqdur. Depressiyaya düşən insanda yuxu pozulması olur. Bəzi adamlar olur ki, çox yatırlar, nə vaxt baxsan yuxu rejimində olurlar, bəziləri də olur ki, ümumiyyətlə yata bilmirlər, yuxu müddəti iki-üç saata kimi azalır. Az yuxunun özü orqanizmdəki hormonal pozulmanın yaranmasına gətirib çıxardır və orqanizmdəki özünüqoruma mexanizması orqanizmdə serotonin, dofamin, endorfin, adrenalin və s. kimi hormonlarda tarazlığı pozur, disbalans yaradır. Bu dediyim hormonlar insanı qoruyucu, müdafiə edən və yaşama həvəsi verən hormonlardır. Bunlar yavaş-yavaş azalmağa başlayır və artıq özünü qoruya bilmir. Məsələn; artıq yuyunmaq istəmir, sudan qaçır - depressiyası səbəbi ilə. Və ya qidalanmaqdan qaçır, yalnız şokolad yeyir, şirniyyat yeyir...Bunlar da aşağı düşən serotonini tez bərpa eləmək üçündür. Süni stimulyatorlardır bunlar. Və yaxud spirtli içkiyə qaçır ki, müəyyən bir müddət o depressiv travmanı unutsun.Əslində isəbu terapiya deyildir, sadəcə bir müddət unutmaqdır. Bir digər əlamət, qidalanmanın pozulmasıdır. Bu zaman xəstə ya çox yeyir, ya da ümumiyyətlə yemir. Bundan başqa özünə baxmağa həvəsi olmur, saçını belə daramaq istəməyən hallar olur. Öz ailəsindən, övladından belə qaçanlar olur. Belə insanların həyat motivi ölmüş olur, həyat onun üçün tamamilə qaralmış bir vəziyyətə gəlib çatır. Depressiya heç bir zaman boş-boşuna olmur. Depressiyanın olması üçün mütləq psixotravma olmalıdır. Bu travma ki, bu halı yaradır və zamanla bədəndəki hormonları zəiflədir, hormonal disbalans yaradır, psixoloji çöküş yaradır və gətirib intihara çıxarda bilir. Orqanizmin özünümüdafiə mexanizmlərini qıra-qıra həyat onun üçün istəksiz, mənasız hala gəlir və - niyə yaşayım? - deyir. Yoxsa intihar asan bir şey deyil. İnsan orqanizminin özündə yaradanın qurduğu bir prinsip var. Sağlam bir orqanizmdə insanın özünü öldürməsi mümkünsüzdür. Minimum 6 – 9 ay vaxt lazımdır ki, bədənin özünümüdafiəsi çöksün. Araşdırmalar, intihar edənlərin üstündə keçirilən müayinələr göstərir ki, beyində, və ya ümumiyyətlə orqanizmdəki serotonin hormonlarının faizi 30 faiz aşağı düşməlidir ki, bir insan intihar eləsin. Bu da uzunmüddətli bir prosesdir. Bunun yanında bir şeyi də qeyd etmək istəyərdim ki, cəmiyyətdə hal-hazırda gənclər arasında çox qəribə bir hal yayılıb: özünü öldürməklə şantaj eləmək. Buna suisidal şantaj deyilir. Bunun ən böyük səbəbi uşaqlıqdan uşağın düzgün tərbiyə edilməməsidir. Uşaq ağlamasın deyə onu alırıq, bunu veririk. Uşaq, sevgini sadəcə hər istədiyinin dərhal verilməsindən ibarət bilir. Belə uşaqlarda gələcəkdə bu kimi problemlərin yarandığını görürük. Bunlar həqiqi depressiya və intihar təşəbbüsü ilə qarışdırılmamalıdır.
İrfan: İslamda “təfəkkürü mövt” məfhumu var. Ölümü düşünməyin sizcə depressiya və ya intihara təsiri ola bilərmi?
- Bir məsələni əvvəlcə qeyd eləmək lazımdır ki, peyğəmbərimizin dövründən fərqli olaraq günümüzdə insanlar çox passivləşiblər, az hərəkət edirlər. Virtual aləmə o qədər giriblər ki, artıq fizioloji olaraq zəifləyiblər. Bu məsələnin bir tərəfidir. Allahın yaratdığı fizioloji quruluş və intellektual quruluş normal işləyirsə, “ölümü xatırlayıb dərs alın” anlayışını qəbul edə bilər. Amma bir insan kitab oxumursa, düşüncəsini işlətmirsə, bədəni də zəifdirsə, zəif xarakterli bir insandırsa “ölüm” sözünü eşidən kimi beynində nə qədər mənfi, neqativ vəziyyətlər varsa onu düşünəcək.Halbuki burada məqsəd ölümdən əvvəlki hazırlığı düşünməkdir. İnsan əvvəlcə mənəvi tərəfini, ruhunu inkişaf etdirməlidir. Öldükdən sonra o biri dünyaya nəyi aparacağını düşünməlidir. Əgər ruhun, mənəviyyatın, elmin inkişaf eləməsə olmaz. Qurana görə də insan bu dünyada üç şeyi oxumalıdır: Quranı, insanın özünü və kainatı. Bu üçünü nə qədər inkişaf elətdirmisənsə, o biri aləmdə o qədər istifadə edəcəksən. İnsan həm bədənini sağlam tutacaq, həm də intellektini, beynini inkişaf etdirəcək. Bunların hamısını bir kənara qoyub sadəcə ölüm haqqında fikirləşsə bu depressiyaya səbəb ola bilər. Mən öləcəyəmsə nə toplamalıyam – şəklində olmalıdır, ölüm düşüncəsi. Bu da adama toplama, oxuma, öyrənmə stimulu verər.
İrfan: Payız fəslinə giririk. Fəsillə bağlı depressiyalar haqda məlumat verərdinizmi?
- Bu orqanizmin dəyişməsi ilə əlaqəli prosesdir. Daha çox individualdır, adamlara görə dəyişir. Regionumuz, insanlarımız bir az emosionaldır. Gərək insan fəslin dəyişməsinin neqativliyi haqda düşünəcək qədər özünü boş buraxmamalıdır. İnsan psixoloji olaraq güclü olmalıdır, daxilən güclənməlidir ki, belə şeylərə yer qalmasın.
İrfan: Bəs uşaq tərbiyəsinə yönəlik nə kimi tədbirlər alına bilər?
- Uşağa hər istədiyinin rahat-rahat verilməsi düzgün deyil. Uşaq psixologiyasında adi bir qələm almaq belə böyük bir motivasiya yarada bilər. Uşaq üçün alınan hədiyyənin qiyməti heç bir əhəmiyyət daşımır. Onun üçün daşıdığı məna önəmlidir. Uşaq bu hədiyyəni haqq elədiyini bilməlidir, və ya belə düşünməlidir. Məsələn bunun üçün tətbiq edilən metodlardan birini misal verim: Gülüş (smiling) işarələri var. Üç rəngdə: qırmızı, sarı və yaşıl gülüş işarələri alınır. Uşaq üçün, tapşırıqlarını, otağını yığışdırmağı, dişini fırçalamağı, yeməyini yeməyi yəni ondan gözlənilən yaxşı nəticələri elədikcə hazırlanan lövhəyə yaşıl gülüş yapışdırılır. Bu işarələrin də böyüyü – balacası var, istəyə görə seçilə bilər. Bu bir pedaqoji yanaşmadır. Uşaqlara təsirini çox görmüşük. Uşaq verilmiş tapşırığı bir az eləməyibsə kiçik qırmızı gülüş verilir. Verilmiş tapşırığı heç eləməyibsə böyük qırmızı verilir. Sarı isə xəbərdarlıqdır. Məsələn bu gün uşaq özünə aid olmayan məsələlərə əl atıb, lazımsız kanala baxıb, bayırdan yarım saat gec qayıdıb, bu kimi hallara sarı gülüş ilşənə bilər. Və ya, uşaq özünə aid olmayan bir əşyanı götürdü, böyük sarı xəbərdarlıq verilir. Sarı və qırmızını mümkün mərtəbə az işlətmək lazımdır. Yaşılı çox eləmək lazımdır ki, uşaq həvəslənsin. Onuncu yaşıl olanda onu mükafat gözləyər, nəsə istəyirsə, bu qədər yaşılı tamamla, alacağam deyilə bilər. Uşağa onsuz da aldığınız bəzi şeylər var. Amma uşaq bunu özünün haqq elədiyini, özü qazandığını düşünməlidir. Bu bir pedaqoji metoddur. Və ya xeyir torbası və şər torbası şəklində metod var: Uşaq elədiyi yaxşılıqları bir balaca kağıza yazıb ora atır. Müəyyən həddi dolduranda ona bir hədiyyə alınır. Bu hədiyyə bir kitab da ola bilər. Amma uşaq onu özü qazandığı üçün ona adicə aldığınız kitabdan çox-çox dəyərli olacaq. Ümumiyyətlə deyəcək olsaq bunu, hər istədiyini verməmək və verəndə də bir az süründürmək, şərtə bağlamaq, işlətmək, zəhmət çəkdirmək şəklində xülasə edə bilərik.
İrfan: Bəs, yaşı bir az daha böyük olan, yetkinlik çağında uşaqlar barəsində nə məsləhət verərdiniz?
- İstər qız olsun, istər oğlan, on iki yaşına çatıbsa uşaqları mütləq şəkildə fiziki aktivliyə qoymaq lazımdır. Hormonlar aktivləşirsə, endorfin, estrogen, androgen aktivləşirsə hər hansı bir idman növünə və ya rəqsə göndərilə bilər. Bir az assosial uşaqdırsa qrup idman növünə, sosial uşaqdırsa individual bir aktivliyə göndərilməyi məsləhətdir. Uşağın idmansız bir günü də olmamalıdır. İnsanın o dövrlərdə cinsi inkişafının tələbləri yaranır. Bunun ən gözəl dərmanı idmandır. Bir də o dövrlərdə gənclərdə özünü təsdiq etmə prinsipi yaranır. Buna da imkan vermək lazımdır ki, özünün fərqli olduğunu ortaya qoya bilsin. Uşaq özünü təsdiq eləməlidir. Bu istər-istəməz yaşanır ki, ata ağ desə oğlu qara deyir. Ana ağ desə qızı qara deyir. Yaradan onda fərqli bir şəxsiyyətin meydana gəlməsi üçün, kopya olmaması üçün belə bir mexanizma yaradıb. Uşağın fərqli istəkləri də ola bilər, rəsm çəkən, təbiəti sevən, heyvanları sevən uşaqlar var. Bu bir sənət növünü öyrənmək də ola bilər, gül əkdirmək də ola bilər. Belə bir məşğuliyyəti yoxdursa mütləq idmana yönləndirmək lazımdır ki, daxilindəki enerjisi sublimasiya olsun. Yox əgər uşaq bütün günü internetdə, kompüter qabağındadırsa əlbəttə belə uşaqların naxoş vəziyyətə düşmə ehtimalı daha çox olar.
İrfan: Bizə vaxt ayırıb qiymətli məsləhətlər verdiyiniz üçün təşəkkür edirik.
- Mən də təşəkkür edirəm.
ŞƏRHLƏR