QƏBİR (BƏRZƏX) HƏYATI

QƏBİR (BƏRZƏX) HƏYATI

Ölümlə başlayan yeni bir həyatın adı və ilk dayanacağı qəbirdir. Qəbir həyatı ölüm ilə başlayır və məhşər günündə dirilməyə qədər davam edir. Qəbir həyatına eyni zamanda “Bərzəx Həyatı” da deyilir.Bərzəx sözünün bir neçə mənası var:İki dünya arasındakı yer, ölənlərin ruhlarının getdiyi yer, iki yer arasındakı keçid... Burada mövzumuza ən yaxın olan məna iki dünya arasındakı gözləmə yeri olmasıdır. 

Allah Rəsulu (s.ə.s) bu hədisi ilə qəbrin axirət mənzillərindən ilk dayanma və gözləmə yeri olduğunu qeyd etmişdir: “Qəbir, axirət mənzillərindən birincisidir. İnsan ondan nicat taparsa, ondan sonrakılar daha asandır. Ondan nicat tapmazsa ondan sonra gələnlər daha çətin və şiddətli olar”.(Tirmizi, Zühd,5)

İnsan istər normal şəkildə ölsün torpağa tapşırılsın, istər yansın kül olsun, istərsə də dənizdə balıqlara yem olsun mütləq qəbir (bərzəx) həyatı yaşayacaq və qiyamət günü dirildiləcəkdir. İstər qəbir həyatı ilə əlaqəli olsun, istərsə də dirilişlə, bu xəbərlər qeybi xəbərlər olduğu üçün ağıl və idrak bundan aciz qalır. Bunun üçün də sadəcə “inandım” deməli və bunlarla əlaqəli ayə və hədislərlə kifayətlənməliyik.

İnsan ölüb qəbrə qoyulduqdan sonra Münkər və Nəkir adlı iki mələyin sorğu-sualına tutulur. Bu mələklər görünüş və yaradılışlarında qorxuncluq olduğu üçün bu adı alıblar. Bu mələklər ölüyə: Rəbbin kimdir, peyğəmbərin kimdir və dinin nədir, imamın (kitabın) nədir? - kimi suallar verərlər. (Bax, Əbu Davud, Sünnə, 27) Münkər və Nəkir adlı mələklər, saleh əməl sahibi mömin insanlara gözəl bir şəkildə görünərlər. Müminlər bunlardan qorxmaz və asanlıqla cavab verərlər. Bu sual-cavabın ardından cənnətdəki yerləri onlara göstərilər və onlar da bu sevinc və ümid ilə qəbirlərində xoş bir həyat keçirərlər. (Bax, Əbu Davud, Cənaiz, 90)Dünyada küfür və günah içində həyat sürənlərə gələndə isə, sorğu mələkləri qorxunc bir şəkildə görünər, onlar da mələklərin suallarına: “bilmirəm”,- deyə cavab verərlər. Onlara da cəhənnəmdəki girəcəkləri yerləri göstərilər. Bundan sonra onlar üçün qəbir əzabı başlayar. Bu əzab kafirlər üçün davamlı, günahkar müsəlmanlar üçün isə cəzaları bitənə qədərdir. (Bax, İbni Macə, Zühd, 32)Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurur: “Qəbir ya cənnət bağçalarından bir bağça, ya da cəhənnəm çuxurlarından bir çuxurdur”.(Tirmizi, Qiyamət, 26)

Qəbirdəki sorğu-sual haqqında çox sayda ayə, hədis və alimlərin söz birliyi (icma) vardır. İbni Abbas (r.a): “Allah, inananları, dünya həyatında və axirətdə sağlam bir söz üzərində tutar, zalımları da azdırar.” (İbrahim, 27) ayəsinin qəbirdəki sorğu-suala dəlalət etdiyini söyləmişdir. (Buxari, Təfsir, 4)Allah Rəsulu (s.ə.s) bir dəfə bir cənazəni dəfn etdikdən sonra qəbrin yanında durub belə buyurdu:“Qardaşınız üçün  tövbə edin və bağışlanmasını diləyib sabitqədəm olması (imanda səbat göstərməsi) üçün  Allaha niyaz edin. Çünki o, hal-hazırda sorğu-suala çəkilməkdədir”. (Əbu Davud, Cənaiz, 72)

Çox Quran oxumaq, yatmadan əvvəl Mülk surəsini oxumaq, ibadətləri vaxtında və nöqsansız etmək, saleh əməl sahibi olmaq, günah olan söz və işlərdən çəkinmək qəbirdə sorğu-suala rahat cavab verməyə vəsilə olur.

Kiçik tualet ehtiyacından təmiz təmizlənməmək və söz gəzdirməyin qəbir əzabına səbəb olacağını Allah Rəsulu  (s.ə.s) xəbər vermişdir. Abdullah ibni Abbas (r.a) belə anladır: “ Rəsulullah (s.ə.s) bir gün iki qəbrin yanından keçərkən: Bu qəbir sahiblərinə hal-hazırda əzab verilir,-  dedi. - Bunlardan biri kiçik tualet ehtiyacından təmiztəmizlənmir, digəri də söz gəzdirirdi. Daha sonra iki yaş xurma budağı gətizdirib bu qəbirlərin üstünə basdırtdı. Buyurdu ki:Bəlkə də bu budaqlar yaş qaldığı müddətcə əzabları yüngülləşər”. (Buxari, Vudu, 55, 56; Müslim, Təharət, 111)

Bu hədisi-şəriflər göstərir ki, qəbir həyatı, qəbir əzabı haqdır və oradakılar buradan ediləcək ən kiçik yaxşılıqlara belə möhtacdır. Sonda, Rəsulullahın (s.ə.s)hər zaman, eləcə də təşəhhüddə oxuduğu bir dua ilə bitirirəm:“Allahım, qəbir əzabından, cəhənnəm əzabından, ölümün və həyatın fitnəsindən və şərli məsihi-Dəccalın fitnəsindən sənə sığınıram!”  Amin! (Müslim, Məsacid, 128)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz