Aşura Günü və Vəzifələrimiz
Allah-Təalanın bizlərə lütf etdiyi mübarək, fəzilətli olan ay və günlərdən biri də hicri-qəməri ayların birincisi Məhərrəm ayı və bu ayın 10-cu günü olan mübarək Aşura günüdür. Aşura Ərəb dilində “on” sayını bildirən “aşəra” kəlməsindən gəlir. Bu ayın və bu günün İslam tarixində baş vermiş bəzi hadisələrlə xüsusi və əhəmiyyətli bir yeri vardır.
Həm Məhərrəm ayının həm də Aşura gününün fəziləti və əhəmiyyəti haqqında fərqli hədisi-şəriflər mövcuddur; Bu gündə oruc tutmaq, sədəqə vermək, xeyirli işlərlə məşğul olmaq və s. sünnə əməllərdən sayılır. Hz. Peyğəmbərimizdən (s.ə.s) nəql olunan hədisi-şərifin birində belə buyurulur: “Ramazan orucundan sonra ən fəzilətli oruc, Allahın dəyər verdiyi ay olan Məhərrəm ayında tutulan Aşura orucudur”. (Müslim)
Hz. Aişə (r.anhə) anamız da Aşura orucu haqqında bunları xəbər verir: “Cahiliyyə dövründə Qureyş, aşura günündə oruc tutardı. Hicrətdən əvvəl Rəsulullah (s.ə.s) də oruc tutardı. Mədinəyə hicrət etdikdən sonra da bu oruca davam etdi. Bir sonrakı il Ramazan orucu fərz qılınanda Rəsulullah (s.ə.s) aşura orucunu buraxdı, istəyən bu orucu tutdu, istəyən isə tutmadı”.
Bu hədisdən anlaşıldığı qədərilə Mədinədə Ramazan orucu fərz qılınanda aşura günü tutulan oruc müstəhəb hesab olunmuş, lakin digər tərəfdən bu gündə oruc tutmaq istəyən müsəlmanlara yəhudilərə bənzəməmək üçün Məhərrəm ayının 9-10-u, və ya 10-11-ci günləri oruc tutmaları uyğun görülmüşdür.
Tarixdə baş vermiş olan bəzi hadisələrin Məhərrəm ayında meydana gəlməsi də, bu aya ayrı bir əhəmiyyət qazandırmaqdadır. Nəql olunur ki, dünyanın yaradılmağa başladığı və yer üzünə ilk dəfə yağışın yağdığı günün Aşura günü olduğu, yenə Hz. Adəmin (ə.s) cənnətdən yer üzünə endirilməsi və tövbəsinin qəbul olunması, Hz. Nuhun (ə.s) tufandan qurtulması, Hz. İbrahimin (ə.s) Nəmrudun atəşindən qurtulduğu, Hz. İsmayılın (ə.s) o gün doğulduğu, Hz. Musanın (ə.s) ilahi möcüzə ilə dənizi yararaq ona inananlarla birlikdə Fironun zülmündən qurtulduqları, Hz. Əyyubun (ə.s) xəstəliyindən şəfaya qovuşduğu, Hz. Yusufun (ə.s) quyudan və zindandan xilas olduğu, Hz. İsanın (ə.s) o gün dünyaya gəldiyi və o gün səmaya yüksəldildiyi, Hz. Muhammədin (s.ə.s) keçmiş və gələcək günahlarının bu gündə, Aşura günündə məğfirət edildiyi bildirilməkdədir.
Gördüyümüz kimi tarixi ta qədimlərə söykənən Məhərrəm ayı gözəl və mübarək bir ay olmaqla bərabər, təəssüflər olsun ki, Hz. Rəsulullahın dünyasını dəyişməsindən sonra baş verən müəyyən siyasi proseslər və hadisələr bu ayın İslamdakı əhəmiyyətini bir mənada arxa plana atmaq istəmişdir. Xüsusilə də Allah Rəsulunun əziz nəvəsi, əhli-beytin ən mühüm nümayəndəsi və bütün müsəlmanların dərin hörmət və ehtiram göstərdiyi Hz. Hüseynin (r.a) və onun qohum-əqrəbası ilə birlikdə tərəfdarlarının zülmə məruz qalaraq faciəli şəkildə şəhid edilməsi də məhz Məhərrəm ayının 10-na, yəni Aşura gününə rastlayır.
Əməvi hakimiyyəti və o dövrdə bu hakimiyyətin başında duran Yezid ibn Muaviyənin dövründə hicri 61, miladi 680-ci ildə baş verən bu qətliam bütün müsəlmanları dərin üzüntüyə qərq etmiş və təəssüflər olsun ki, daha sonrakı dövrlərdə müsəlmanlar arasında dini, siyasi və etnik zəmində qarşıdurmalara, məzhəblərin yaranmasına, təfriqələrin çoxalmasına və İslam ümmətinin parçalanmasına gətirib çıxarmışdır.
İmam Hüseyn (r.a) ona görə zülmə qarşı mübarizə aparmadı ki, ondan sonra gələn insanlar təfriqəyə düşsünlər, parçalansınlar, üzülsünlər, özlərini döyüb, yaralayıb, yas tutub digər müsəlmanlara kin və nifrət bəsləyib, onların dəyərlərini təhqir etsinlər. O ki qaldı matəmə.. İslamaqədərki dövr olan cahiliyyə zamanında, ölənin arxasınca yas saxlamaq adəti həddi aşmış bir hal almışdı. Yüksək səslə ağlayıb qışqırmaq, üst-başı cırıb üz-gözü yarmaq, mərsiyələr demək və s. İnsanın yaradılışında və fitrətində olan kədərlənməyi və ya yas tutmağı, İslam dini normal və şəriətin təməl prinsiplərinə uyğun olaraq lazımi vəziyyətə saldı və həddi aşmaların qarşısını aldı. Peyğəmbərimiz (s.ə.s): “Üzünə vuraraq, üstünü başını cıraraq ağlayan və cahiliyyə adətini davam etdirənlər bizdən deyildir” - buyurur. Öz oğlu İbrahim öldüyü zaman gözlərindən yaş gəldiyini görənlər, - Peyğəmbər də ağlayarmı?! - deyəndə, belə cavab vermişdi: “Bu, Allahın, bəndələrinin qəlblərinə yerləşdirdiyi bir mərhəmət hissidir. Allah bəndələri arasında şəfqətli olanlara rəhm edər. Göz yaşarar, qəlb üzülər; lakin biz, Rəbbimizin razı olmayacağı bir sözü demərik”.
Unutmamaq lazımdır ki, Hz. Hüseyn üçün bir ay ağlayıb, on bir ay onu, onun davasını, təbliğini, onun əxlaqını unudan, yaşamayan bir kəs, hansı Hüseyn sevgisindən danışa bilər ki?!
Tarixçəsi bu qədər keçmişə uzanan bir ayı və günü, fəzilətini bir kənara ataraq sadəcə matəmlə, İslam əhkamına və anlayışına zidd olan, bidət davranışlarla dəyərləndirmək əsla doğru deyildir. Demirəm Hz. Hüseyn unudulsun. İmam Hüseyn də xatırlansın; ancaq əxlaqından, igidliyindən bəhs olunsun və örnək alınsın, həyatı təbliğ olunsun. Bizə düşən sadəcə tarixdən ibrət almaq və bəzi xoşagəlməz hadisələrin təkrar yaşanmasına bir daha yol verməməkdir.
Ali-İmran surəsinin 103-cü ayəsində Rəbbimiz buyurur ki: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!..”
Əhli-beyti sevmək və onları hər zaman xeyirlə yad etmək bütün müsəlmanların vəzifəsidir. Əvvəlki nəsillərin buraxdıqları səhvlərə görə isə biz sorğu-sual olunmayacağıq, hesaba çəkilməyəcəyik. Buna görə də belə məsələləri ixtilafa səbəb olacaq səviyyəyə çıxarmamaq lazımdır.
ŞƏRHLƏR