HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Xalid Bağdadi q.s -3-

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Xalid Bağdadi q.s -3-

Xalid Bağdadi həzrətləri buyurur:

“İslamla şərəflənən bir adam necə ola bilər ki, gecəni tamamən yuxuda keçirib Allah-Təalanın əmrini mühafizə etməsin? Haqq-Təalanın bizə ən mühüm əmanətlərindən biri səhər vaxtlarında qiyama durmaqdır”.[1]

Haqqa məhəbbətin ən böyük göstəricisi fədakarlıqdır. Hər hansı bir insanın şəxsi mənfəəti gecənin bir yarısı oyanıb qalxmasını tələb edərsə, nə olursa olsun mütləq həmin saat yuxusunu yarıda kəsib qalxar.

Haqq-Təala da biz bəndələrini səhər vaxtlarında özü ilə görüşməyə dəvət edir. Ayeyi-kərimələrdə belə buyurulur:

“Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edərlər”. (əs-Səcdə, 16)

“Gecənin bir qismində Ona səcdə et və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de! Həqiqətən, bunlar tez keçib gedəni (fani dünyanı) sevər, ağır günə (qiyamət gününə) arxa çevirərlər”. (əl-İnsan, 26-27)

“Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər”. (əz-Zariyat, 17-18)

“Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər”. (əl-Furqan, 64)

Allah-Təala sevdiyi xas qullarını səhərləri əhya etməyə səslədiyi üçün deməli, səhərlər Rəbbimizə olan məhəbbətimizin sınaqdan keçirildiyi xüsusi vaxtlardır. Qəlbimizdəki Allah sevgisinin səviyyəsi nə qədərdirsə, gecələrin ibadətlə əhya olunmasına rəğbətimiz də həmin səviyyədədir.

Bir nəfər İbrahim Ədhəm həzrətlərindən soruşur:

– Gecə ibadəti üçün qalxa bilmirəm. Bunun çarəsi nədir? Həzrət bu cavabı verir:

– Gündüzlər Allaha üsyan etmə, gecələr O səni hüzuruna çağırar. Gecə vaxtı Onun hüzurunda olmaq böyük bir şərəfdir. (Bir hədisi-şərifdə də buyurulduğu kimi “Möminin şərəfi gecələri qaim olmasındadır”[2]) Günahkarlar bu şərəfə nail ola bilməzlər.

Deməli, gecəni qəflətlə ziyan edənlərdən olmamaq üçün gündüzlər ağlımızı, qəlbimizi, gözümüzü, qulağımızı, əlimizi, dilimizi, bir sözlə, bütün üzvlərimizi haramlardan və yanlış hallardan qoruyub saleh əməllərə can atmalıyıq. Beləliklə səhərləri Haqqa vüslətin müstəsna vəsiləsi kimi dəyərləndirməliyik. Ona görə də başımızı yastığa qoymazdan əvvəl qəlbimizi səhərə hazırlamalıyıq. Gecələrimizi gündüzlərimizdən daha aydın və nurlu keçirək ki, həmin könül feyzimizlə gündüzümüzü də əhya edə bilək.

Rəsulullah r -in də səhərlərin əhya edilməsi istiqamətində bir çox təlimatı var. Bunlardan birində səhərlərin feyz və ruhaniyyətindən məhrum qalmamağımız üçün belə buyurmuşdur:

“Gecə ibadətinə diqqət edin! Çünki o, sizdən əvvəlki saleh insanların adətidir. Şübhəsiz, gecə ibadətə qalxmaq Allaha yaxınlaşmağa vəsilədir. (Bu ibadət) günahlardan uzaqlaşdırar, xətalara kəffarə olar və vücuddan dərdləri dəf edər”. (Tir­mi­zi, Də­avat, 101)

Haqqa yönəlməyin, dua və ibadətlərin ən məqbul və feyzli vaxtı olan səhərlərə övliyalar da çox əhəmiyyət vermişlər. Haqq dostlarından Bəyazid Bistami həzrətləri belə buyurmuşdur:

“Gecələr gündüz halına gəlmədən mənə heç bir sirr əyan olunmadı”. Mövlana Cəlaləddin Rumi həzrətləri isə səhrələrin könül feyzinə olan eşqini Divani-Kəbirində nə gözəl bəyan etmişdir:

Saqi, qədəhi eşqi ilahi ilə doldur!

Məstanəyə əkmək sözü etməkdən uzaq dur!

 

Sun kövsəri, qansın suya həp təşnə könüllər,

Dəryada üzən canlı, sudan başqa nə istər.

 

Doldur o şərabdan, yenə doldur, yenə bir sun!

Dursun gecə, ey dost, onu durdur nə olursun!

 

Vur uykumu zəncirlərə vur, keçməsin anlar.

Varmaz gecənin fərqinə, varmaz uyuyanlar!..[3]

 

Səhərlərin əhyası xüsusunda Haqq dostlarından Bişr Xafi həzrətlərinin bu halı hər birimiz üçün ibrətli dərs mahiyyətindədir.

Bir nəfər Bişr Xafi həzrətlərinin yanına gələrək:

- Gecənin bir saatında da olsa istirahət etsəniz necə olar? – dedi.

O isə hikmət dolu bu cavabı verdi:

- Allah-Təalanın bütün keçmiş və gələcək günahlarını bağışladığı Rəsulullah r gecələr mübarək ayaqları şişənə qədər ibadət etdiyi halda mən necə yata bilərəm? Çünki mən bircə günahımın da olsa Allah tərəfindən bağışlanmış olduğunu bilmirəm!..

Bu da Haqq dostlarının səhərlərindən bir neçə mənzərə… Biz də öz halımıza baxıb daxilən götür-qoy edək. Çox gec qalmadan, həyat karvanı köçüb getmədən düşünək…

Xalid Bağdadi həzrətləri buyurur:

“Könlüm alov içində, bağrım yanaraq, küçə-küçə, qapı-qapı dolaşıram!

Heç kimin mənim Yar və diyarımdan avara qalmaması üçün çalışıram!”[4]

Mömin əlinin çatdığı bütün insanlardan, hətta dövrün gedişatından özünü məsul bilən həssas vicdan sahibi olmalı, qayğıkeş ruh daşımalıdır.

Peyğəmbərlər və onların həqiqi varisləri olan Haqq dostları ömürləri boyu bu hissiyyat içində insanlığın xilası üçün çırpınmış, özlərini məhv edərcəsinə səy göstərmişlər. Çünki onlar başqalarının dünya və axirət qurtuluşu üçün himmət göstərib, səy etmədikcə, özlərinin də xilas olmayacağının şüuruna nail olan ali ruhlardır.

Haqq-Təala Həzrət Peyğəmbər r-in haqqı və həqiqəti təbliğdə göstərdiyi yüksək əzm və fədakarlığı qarşısında belə buyurmuşdur:

“Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!” (əl-Kəhf, 6)

(Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?! (Özünü həlakmı edəcəksən?)!” (əş-Şuəra, 3)

Bu, eyni zamanda hidayətin Allahın əlində olduğunun, qulun vəzifəsinin isə yalnız həqiqətləri çatdırmaqdan ibarət olduğunun bəyanıdır. Digər tərəfdən, Rəsuli-Əkrəmin insanlığın əbədi qurtuluşu üçün yüksək mərhəməti səbəbi ilə az qala fövqəlbəşər cəhd ilə həddən artıq səy göstərdiyi xüsusunda ilahi tərifdir.

Haqq-Təala ayeyi-kərimədə buyurur:

“Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz, (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız”. (Ali-İmran, 110)

Rəsulullah -in tədrisində yetişən əshabi-kiram da bu ayeyi-kərimənin möhtəvasına girə bilmək və təbliğ məsuliyyətinin gərəyini ifa edə bilmək üçün o dövrün çətin şərtləri altında dünyanın dörd bir yanına getdilər. Rahat evlərini tərk etdilər, malları və canları ilə fədakarlıq göstərdilər.

Bu tablo bizi dərindən düşündürməlidir. O Rəhmət Peyğəmbərinin bugünkü ümməti olan biz, təbliğ və irşad vəzifəmizin neçə faizini yerinə yetirə bilirik?..

Xalid Bağdadi həzrətləri buyurur:

“Yüksək “heyrət” halını daimi zikr və ayıqlıq halı ilə birləşdirin!..”[5]

Allah-Təala ayeyi-kərimədə buyurur:

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayarlar…” (Ali-İmran, 191)

İnsan hər an bu hallardan biri üzrə olduğuna görə deməli, Rəbbimiz biz bəndələrini yalnız ibadət əsnasında yox, hər bir halda, daimi zikr halında olmağa dəvət edir.

Həmin ayeyi-kərimənin davamında da belə buyurulur:

“Göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran, 191)

Yəni zikrin kamalına nail ola bilmək üçün kainatda sərgilənən ilahi qüdrət və əzəmət təcəlliləri üzərində təfəkkür dərinliyi qazanmalıyıq.

Həqiqətən bu təfəkkür nəticəsində qulun öz heçlik və acizliyini idrak etməsi, qəlbində dərin ürpərtilərlə xaşyət və heyrət duyğularının inkişafına vəsilə olar.

Heyrət qulun bilmədiyi, yaxud ağlının qavraya bilmədiyi ilahi sirr və hikmətlər qarşısında çaş-baş qalması, mənəvi istiğraq halına bürünməsidir. Səlim qəlb və ağılla təfəkkür edən bir mömin üçün kainatda sərgilənən ilahi qüdrət təcəllilərinin hansı biri heyrətə salmır ki?

İbrət nəzəri ilə baxanda insanın yaradılış mərhələləri, vücudumuzdakı möhtəşəm sistemlər, ətrafımızdakı bitkilər, heyvanlar, yer üzü, səma, atmosfer, bunlarla təmin edilən hədsiz dərəcə həssas ekoloji tarazlıq və s… Gözlə görülməyən atomun nüvəsindəki neytron, proton, onların məhvəri olan elektron və onun müdhiş dövranı, fəzadakı günəş, ay, qalaktikalar, trilyonlarla ulduzun idrakımızın sərhəddinə sığmayan məsafələri, həcmləri və hərəkəti…

Bir sözlə, mikrodan makroya bütün kainat onları yoxdan var edən Uca Xaliqimizin sonsuz sirr, hikmət, elm, qüdrət və əzəmətini göstərən əsərlər, dəlillər, yəni feli ayələrdir…

Düşünəcək olsaq:

Məsələn, üstündə yaşadığımız bu nəhəng dünya kainatın içində sanki səhradakı qum zərrəciyi və ya dəryadakı damla kimidir. Biz də həmin damlanın içindəki zərrələrin zərrəsiyik. İdraka sığmaz mükəmməllik sahibi Rəbbimizin mələkutu, qüdrəti, sənət və səltənəti nə qədər əzəmətlidir. Sübhanallah!..

Bir filin içinə milyonlarla qarışqa qoyulsa yenə də dolmaz. Lakin filin yaşamasını təmin edən orqanlar qarışqanın, hətta ondan daha kiçik canlıların da içində var.

Sadə ot kimi görünən müxtəlif bitkilərin torpaqdan çıxardığı müxtəlif rənglər, ətirlər, dadlar və cürbəcür yarpaqlar heç bir kimyagərin bənzərini hazırlamağa gücünün çatmadığı xariqəliklər… Bütün bunlar Haqq-Təalanın “əl-Bari, əl-Musavvir” sifətlərinin fərqli təcəlliləridir.

Yenə heyrətverici haldır ki, dünya və içindəki canlılar yaradıldıqları andan bəri heç bir canlının ruzisi unudulmadan, saysız-hesabsız ilahi süfrələr açılmış, hələ də açılmaqdadır. Əgər düşünsək, dünyanın dörddə biri torpaq, qalanı isə su ilə əhatə olunmuşdur. Həmin dörddə birin böyük bir hissəsi də bitkilərin yetişməsi üçün əlverişli olmayan qayalıq və səhralıqlardan ibarətdir. Geriyə çox az torpaq hissəsi qalır.

Lakin Allah-Təala necə böyük qüdrət sahibidir ki, həmin məhdud torpağı davamlı olaraq dəyişikliklə bütün canlıları doyuracaq qidaların mənbəyinə çevirir. Üstəlik hər bir məxluq üçün ayrıca süfrə açılır. Bir canlının yediyini başqa biri yeyə bilmir. Toyuğun qidası başqa, qoyunun qidası başqa, insanın qidası başqa…

Həmçinin Allah-Təalanın həyat vəsiləsi qıldığı “su” da böyük hikmətlər daşıyır. İçdiyimiz suya baxıb təfəkkür etməliyik. Haqq-Təala buyurur:

“Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz?” (əl-Vaqiə, 70)

Başqa bir ayeyi-kərimədə isə belə buyurur:

“De: “Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!” (əl-Mülk, 30)

Bir stəkan suyun macərası, yəni yaradıldığı andan bu günə qədər yer üzü ilə səma arasındakı gediş-gəlişi, içindən keçdiyi canlı və cansız varlıqlar, dolaşdığı coğrafi ərazilər yazılsa, kitablara sığışmaz.

Ən son texnoloji imkanlarla istehsal edilən maşın belə, bir müddət sonra xarab olur, köhnəlir, nəhayət, sıradan çıxır. Dünyanı isidən, işıqlandıran günəş isə bəlkə də milyardlarla il ərzində işləyir, lakin kiçicik bir nasazlıq yaşanmır. Səmadakı ilahi təqvim və proqram saniyə fərqi olmadan əmr olunduğu kimi işləməyə davam edir.

Rəbbimiz diqqətimizi bu xüsusa da çəkərək belə buyurur:

“Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatlaq, nöqsan) görə bilərsənmi?! Sonra gözünü qaldırıb ikinci dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!” (əl-Mülk, 3-4)

Xülasə, bu kainatı ibrət nəzəri ilə seyrə çıxan gözlər heyrətlə geri dönər. Necə ki, kainatda sərgilənən ilahi sənət əsərlərini ibrətlə tamaşa edən XIX əsrin böyük şairlərindən Ziya Paşa da keçirdiyi hissləri belə dilə gətirmişdir:

Sübhanə mən təxayyəra fi sunihil-uqul

Sübhanə mən biqudratihi yə‘cizul-fuhul.

(Sənəti qarşısında ağılların heyrətə düşdüyü, qüdrəti ilə ən üstün alimləri belə aciz qoyan Allah-Təalanı təsbih edirəm)

Başqa bir beytində də:

İdraki-məalı bu kiçik ağla gərəkməz,

Zira bu tərazi bu qədər siqləti çəkməz.

- deyərək ilahi əzəmət qarşısında bəşərin acizliyini dilə gətirmişdir.

Biz də ağılları aciz qoyan ilahi sənət xariqələri qarşısında Rəbbimizin rəhmətinə sığınaraq belə yalvarmalıyıq:

“Aman Allahım, Sən necə də ucasan! Səni hər cür nöqsanlıqdan tənzih edirik. Biz Səni layiqincə mədh-səna etməkdən və Sənə əzəmətinə yaraşan şəkildə qulluqdan acizik! Sənə nə qədər həmd-səna etsək, yenə azdır. Sən bizim qulluq və mərifətimizdəki nöqsanlığımızı, həmd və şükrümüzdəki acizliyimizi bağışla!..”

Sonra da zühurunun şiddətindən görünməyən Rəbbimizə heyranlıq hissiyyatı içində təsbih, təhmid, təkbir, təhlil və təzim etməliyik. Gözümüzün gördüyü, qulağımızın eşitdiyi hər şeydə Haqq-Təalanı xatırlayıb qəlb riqqəti və təfəkkür dərinliyi qazanmalıyıq.

Belə dərin təfəkkür ilə hər an özünü ilahi hüzurda bilmə nəticəsində qəlbdə hasil olan heyrət halının Muhamməd Parisa həzrətlərindəki təzahürlərindən biri belədir:

Muhamməd Parisa həzrətləri yatsı namazından sonra məscidin həyətində əsasını sinəsinə dayayıb bir az dayanır, yaxınları ilə ayaqüstü söhbət etdikdən sonra özündən gedib olduğu kimi yerində qalırdı. Tez-tez baş verən bu hal o qədər uzun çəkərdi ki, müəzzin sübh azanını oxuyarkən təkrar hərəkət edər və sübh namazını qılmaq üçün yenidən məscidə girərdi[6].

Sanki maddi aləmdən sıyrılıb zaman və məkanı unudaraq yaşanan bu heyrət və özündəngetmə halı ilahi hikmət və həqiqətlərin heyranlığı içində qəlbin cəzb olunmasının nəticəsidir.

Həzrət Yusuf u-ın gözəlliyinə heyran qalaraq özündən gedən misirli qadınların əllərinin kəsildiyini hiss etməyəcək hala gəlmələri kimi ilahi sirr, hikmət və həqiqətlərlə məst olub özündən gedən Haqq aşiqləri də bir növ maddi aləmdən təcrid olunarlar.

 Yusuf u-ın camalına tamaşa etmək insanı bu qədər özündən uzaqlaşdırırsa, əcəba, bütün gözəlliklərin mütləq mənbəyi olan Allah-Təalanın sifətləri, nemətləri, qüdrət və əzəmət təcəllilərinin təfəkküründə dərinləşən qulun halı necə olar?

Bunu dərk etmək üçün peyğəmbərlərin, Haqq dostlarının və kamil möminlərin ibadət və itaətlərindəki xüşu halına baxmaq kifayətdir.

Rəsulullah r -in gecələr ayaqları şişənə qədər namaz qıldığını bildirən Həzrət Aişə c anamız bir dəfə belə buyurmuşdu:

“…Rəsulullah r gecə qalxdığı zaman əvvəlcə dörd rükət namaz qılardı. Qıldığı bu namazın gözəlliyini və uzunluğunu soruşma. Sonra dörd rükət də qılardı. Onların da gözəlliyini və uzunluğunu soruşma. Sonra üç rükət daha qılardı…” (Buxari, Təhəccüd 16, Təravih 1; Müslim, Müsafirin, 125)

Həzrət Əli t-ın bu sözü də Allah Rəsulunun ibadət xüsusundakı eşq, vəcd və istiğraq halının başqa bir misalını göstərir:

“…Yaxşı bilirəm ki, Bədir günü Allah Rəsulu r xaric, hamımız yatmışdıq. Rəsuli-Əkrəm isə səhərə qədər bir ağacın altında namaz qılıb göz yaşı tökmüşdü. (Müslim, Siyam, 204)

Buna bənzər bir çox hadisə əshabi-kiramın şahidliyi ilə nəql edilməkdədir.

Deməli, qəlbi tamamilə Allaha verərək vəcd içində edilən ibadət və qulluqdan doymaq mümkün deyil.

Necə ki, İmam Rəbbani həzrətlərinin nəvəsi olan Şeyx Seyfəddin həzrətləri bəzi gecələr iki rükətdə xətm oxuyar və Rəbbi ilə arasında gerçəkləşən həmin görüşdə qərq olduğu həzzin heç bitməməsi arzusu ilə:

“Allahım, doya bilmirəm, gecələr nə qədər də qısadır!..” – deyərək dua edərdi

Rəbbimiz o vəli qullarının feyz, ruhaniyyət, vəcd və istiğraq halından bizə də hissələr nəsib etsin. Hər birimizə heyrət və xaşyət təcəlliləri ilə Uca Zatını zikr edərək qəlbi riqqət və ayıq halda yaşamağı lütf-kərəmi ilə ehsan etsin.

Amin!..

 


[1] Hani, Hədaiq, s. 697.

[2] Hakim, IV, 360-361/7921.

[3] Şeirdə keçən “qədəh”, “şərab” sözləri divan ədəbiyyatında ilahi eşqin simvolları kimi işlənən məcazi ifadələrdir.

[4] M. Əsəd Əfəndi, Divani-Əsəd, s. 111.

[5] Əsəd Sahib, Buğyətül-Vacid, s. 81, № 5.

[6] Bax. Rəşahat, Xülasə edən N. F. Kısakürek, Eser Kitabevi, səh. 80, İstanbul, 1971.

 

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz