İRFANDAN - AXİRƏT HAZIRLIĞI VƏ QƏBİR ZİYARƏTLƏRİ
Dünya həyatı boyunca fanilik qəfəsinə həbs olunmuş insanın öz daxilində çözməyi arzuladığı ən mühüm məsələ “ölüm müəmması” olmuşdur.
İnsan haqqa və həqiqətə ram olacaq səviyyədə yaradıldığı üçün əsası etibarilə məchulla razılaşmaz. Daima məluma qaçar, məchul və qeyri-müəyyənlər onu dərin iztiraba düçar edər.
Buna görə də aqibətin qeyri-müəyyənliyi, ölümdən sonrakı həyata dair məchullar hər zaman insanlığın zehnini və könlünü məşğul etmişdir. Qorxu və ürpərti ilə ölümdən qaçmaq, bihudə əmək sərf etmək, onu görməməzlikdən gəlib unutmağa çalışmaqsa ən böyük axmaqlıqdır.
İnsanlar ölümə yüklədikləri məna etibarilə fərqlənsələr də “Əcəba, öldükdən sonra halım necə olacaq?” kimi suallarla qəlblərdə düyünlənən gələcəyə aid təlaş bəşəriyyətin ortaq problemidir. Axirət məfhumunu öz ağıllarıyla ölçüb-biçməyə qalxan bir çox qafillər işin əsli ilahi bəyanlarla onlara izah edildikdə həqiqəti qəbul etmək yerinə -nəfslərinə xoş gəlmədiyi üçün- bəzən məsxərə ilə, bəzən də qorxu içində ixtilaf və münaqişəyə dalmışlar. Məkkə müşriklərinin bu qəbildən olan halını Allah-Təala belə bəyan edir:
“Bir-birindən nə haqqında soruşurlar? Haqqında ixtilafa düşdükləri böyük xəbər (yenidən diriliş və hesab günü) haqqındamı?” (ən-Nəbə, 1-3)
“Bəli! Özlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər: Bu nə qəribə işdir! Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!” (Qaf, 2-3)
Halbuki öldükdən sonra dirilişin Rəbbimiz üçün heç də çətin olmadığı bəzi ayələrdə belə bildirilir:
“Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə açıq bir düşmən kəsilərək, öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər cür yaratmağı çox gözəl bilir!” (Yasin, 77-79)
“Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaq uclarınıbelə bərpa etməyə qadirik!” (əl-Qiyamə, 3-4)
Ölümün təfəkkürü ilə aydınlanmamış olan həyat qaranlıq bir müsibət gecəsindən fərqlənmir. Əbədi səadət günəşi yalnız ilahi bəyanlara könül verərək yaşayıb vicdan rahatlığı ilə ölə bilənlərin üfüqlərində doğar.
Buna görədir ki, İslam dini ölümü xatırlamağı və ona hazırlıqla məşğul olmağı zəka əsəri saymışdır. Necə ki, bir hədisi-şərifdə buyurulur:
“Ağıllı (adam) nəfsinə hakim olub onu hesaba çəkərək ölümdən sonrası üçün çalışandır...” (Tirmizi, Qiyamət, 25/2459)
Hz. Əli (r.a) da tez-tez qəbirləri ziyarət edərdi. Bir gün ona:
- Bu nə haldır, demək olar ki, məzarlara qonşu oldun? –dedikdə belə cavab verdi:
“- Onlar qonşuluqda sizdən çox yaxşıdırlar. Çünki onlar dünyalıqdan bəhs etmirlər. Hal dilləri ilə də daima Allahı xatırladırlar”. (Ehya, IV, 866)
Həzrət Osman (r.a)da nə zaman bir məzarlığa getsə saqqalı islanana qədər ağlayardı. Bir gün ona:
- Cənnət və cəhənnəmdən danışanda ağlamırsan, bəs məzar başında niyə bu qədər ağlayırsan? –dedilər. Belə cavab verdi:
“- Rəsuli-Əkrəm (s.ə.s): “Qəbir axirət səfərinin ilk gözləmə yeridir. İnsan orada özünü xilas edərsə, gerisi asandır. Xilas edə bilməzsə ondan sonrası daha çətindir.” –buyurduğu üçün ağlayıram”. (Ehya, IV, 867)
Rəsulullah (s.ə.s) peyğəmbərliyinin ilk illərində ümmətinin yenidən şirkə düşməsindən qorxaraq qəbir ziyarətini qadağan etmişdi. Çünki cahiliyyət dövründə qəbir ziyarəti müqəddəslik və bir ibadət mahiyyəti daşıyırdı.
Lakin İslam gücləndikdən, iman və tövhid qəlblərə yaxşıca yerləşdikdən sonra artıq məzarlara sitayiş, onlardan yardım istəmə və onlara müqəddəslik şamil etmək qorxusu aradan qalxdı. Bu zaman da Peyğəmbərimiz (s.ə.s) qəbir ziyarətlərinə izin verdi, hətta insanları buna təşviq etdi:
“Mən sizə qəbir ziyarətini qadağan etmişdim. Artıq qəbirləri ziyarət edin. Çünki qəbir ziyarəti sizə axirəti xatırladır”. (Tirmizi, Cənaiz, 60; Müslim, Cənaiz, 106)
Həmçinin Rəsulullah (s.ə.s) özü şəxsən Uhud şəhidlərini və Cənnətül-Baqi qəbiristanlığını tez-tez ziyarət edərək bu xüsusda nümunə sərgiləyirdi.
Peyğəmbərimiz (s.ə.s) əshabi-kirama qəbiristanlığa getdikləri zaman belə demələrini öyrədirdi:
“Salam olsun sizə, ey bu diyarın mömin və müsəlman sakinləri! İnşallah tezliklə biz də sizin aranıza qatılacağıq. Allahın bizi də,sizi də bağışlamasını diləyirəm”. (Müslim, Cənaiz, 104)
Başqa bir hədisi-şərifdə də belə buyurulur:
“Qəbirdəki ölü dənizdə boğulmaq üzrə olan və dəhşət içində yardım istəyən adam kimidir. Atasından, anasından qardaşından, səmimi və sadiq dostundan dua gözləyər. Əgər bir dua gələcək olsa, bu, onun üçün dünya və içindəkilərdən daha qiymətli və sevimli olar. Şübhəsiz ki, Allah qəbir əhlinə dünyadakıların duası bərəkətiylə dağlar qədər savab verər. Dirilərin ölülərə göndərə biləcəyi ən yaxşı hədiyyə isə onlar üçün istiğfar etmək və onların adına sədəqə verməkdir”. (Deyləmi, əl-Firdövs bi-Məsuril-Xitab, IV, 103/6323; Əli əl-Müttəqi, XV, 694/42783; XV, 749/42971)
Qəbir ziyarətlərində xüsusilə Quran oxumaq 1400 ildən bəri tətbiq olunan bir icmadır. Necə ki, hədisi-şərifdə buyurulur:
“Yasin Quranın qəlbidir. Hər kim onu Allahın rizasını və axirət yurdunu istəyərək oxusa şübhəsiz ki, günahları bağışlanar. Ölülərinizə də Yasin surəsini oxuyun.” (Əhməd, V, 26)
“Sizdən biri vəfat etdikdə onu çox gözlətmədən qəbrə aparın. Dəfn etdiyiniz zaman da biriniz baş ucunda Fatihə surəsini, ayaq tərəfində də Bəqərə surəsinin son ayələrini (Əmənərrəsulu) oxusun”. (Təbərani, Kəbir, XII, 340; Deyləmi, I, 284; Heysəmi, III, 44)
İmam Şafei –rəhmətullahi əleyh- də belə buyurur:
“Məzarın başında Qurandan ayə və surələr oxumaq müstəhəbdir. Quranın bütünlüklə oxunması (xətm edilməsi) isə daha da gözəldir”. (Nəvəvi, Riyazus-Salihin, Beyrut ts. S. 293)
Bir çox hədisi-şərifdə Hz. Peyğəmbər (s.ə.s)-in, vəfatından sonra deyilənləri eşitdiyi, salamlara cavab verdiyi, ümmətinin əməllərinin ona ərz edildiyi, gördüyü günahlar üçün istiğfar etdiyi, savablara görə Allaha həmd etdiyi bildirilməkdədir. Üstəlik bu halın yalnız Rəsulullaha məxsus olmadığı da bir hədisdə belə bəyan edilir:
“Sizin əməlləriniz qohum-əqrəbalarınızdan və qəbilənizdən vəfat edənlərə ərz edilir. Əgər əməlləriniz xeyirlidirsə ona sevinərlər. Xeyirli deyilsə “Allahım, bizi hidayətə nail etdiyin kimi onları da hidayətə çatdırmadan canlarını alma!”- deyə dua edərlər”. (Əhməd, III, 164; Təbərani, IV, 129/3887)
Saleh insanların vəfatlarından sonra da ətraflarına rəhmət vəsiləsi olduğuna işarə mahiyyətli hədisi-şəriflərdə belə buyurulur:
“Əshabımdan biri hər hansı bölgədə vəfat edərsə, qiyamət günü oranın əhalisi üçün öndər və nur olaraq həşr edilər”. (Tirmizi, Mənaqib, 58/3865)
“Ölülərinizi saleh insanların arasında dəfn edin”. (Deyləmi, Müsnəd, I, 102)
Yeri gəlmişkən onu da qeyd edək ki, böyüklərin qəbirlərini ziyarət edərkən bəzi səhv hərəkətlərdən və bidətlərdən də diqqətlə uzaq durmaq lazımdır; qəbirlərin başında şam yandırmaq, əski və ip bağlamaq, birbaşa qəbirdə yatandan yardım istəmək kimi… Qətiyyən unutmamaq lazımdır ki, qəbirdə yatan nə qədər böyük şəxsiyyət də olsa ondan nə isə istənməməlidir. Onun Allah qatındakı qiymət və xətri vəsiləsiylə Allahdan istənməlidir. Çünki istənəcək olan yeganə varlıq Faili-Mütləq olan Allah-Təaladır. Onun muradı olmadan heç bir bəndə nə xeyir verə, nə də ziyan vura bilər.
ŞƏRHLƏR