BİR HƏDİS

BİR HƏDİS

عنْ أبي هريرة قال: قالَ رسولُ اللَّه صَلّى اللهُ عَلَيْهِ وسَلَّم:" أَكْثِرُوا ذِكْرَ هَاذِمِ اللَّذَّاتِ" يَعني المَوْتَ

Əbu Hüreyrə (r.a)-dan rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Ağızların dadını qaçıran (ləzzətləri yox edən) ölümü çox-çox xatırlayın!” (Əhməd b. Hənbəl, Müsnəd, XIII, 301; Tirmizi, Zöhd, 4)

Ölüm, hər bir canlının qarşılaşacağı danılmaz bir həqiqətdir. Danılmaz olduğu qədər də insanların ən çox unutduqları bir gerçəkdir. Hər insan bir gün öləcəyini bildiyi halda heç ölməyəcəkmiş kimi həyatına davam edir. Fəqət İslam dini həm Quranın həm də Rəsulullah (s.ə.s)-in bizə bildirdiyi mesajlarla ölümün davamlı olaraq xatırlanmasını və hər an öləcəkmiş kimi bir həyat yaşamağı tövsiyə etmişdir. Qurani-Kərimdə: “Hər canlı ölümü dadacaqdır” (Ənbiya 21/35) ayəsi bunun açıq bir təsdiqidir. Allah Rəsulu (s.ə.s) də yuxarıda qeyd etdiyimiz hədisi-şərifində hər nəfsin ölümü tez-tez xatırlamasını tövsiyə etmişdir. Çünki insan oğlu həyatı heç ölməyəcəkmiş kimi yaşayaraq həyatın faniliyinə aldanmaqdadır. Fani (keçici) olana aldanan baqi (qalıcı) olanı qazana bilməz.

Hədisdə diqqəti çəkən məqamlardan biri, ölümün "ləzzətləri yox edən" şəklində vəsf edilməsidir. Ölümünü gözlərinin önündə canlandırmağı bacaran insanın dünya həyatının keçici ləzzətlərinə qarşı istəyi azalar. Dünyadakı bütün nemətlərin axirət günündə bir-bir hesabının veriləcəyini düşünürək nəfsinin arzuladığı dünyadakı ən ülvi şeylərdən belə üz çevirər. İnsanın ölümünü tez-tez xatırlaması və ölümünü təfəkkür etməsi insanı xətalardan da uzaq tutar. Xeyir və şər adına işləyəcəyi hər əməlin axirətdə bir qarşılığının olduğunu düşünərək atdığı hər addımı axirət hesabına görə atar. Ölümü təfəkkür etməyin ən önəmli faydalarından biri də, insanı psixoloji olaraq ölümə hazırlamasıdır. Çünki insanların bir çoxu dünyadakı faniliyin həqiqətini gerçək anlamda dərk etməzlər. Ölməyəcəkmiş kimi yaşayan belə insanların ölümün yaxınlaşan addımlarını hiss etdikləri zaman keçirdikləri psixoloji sarsıntılar çox vaxt ölümdən öncəki günlərdə ağlınitməsiylə belə nəticələnə bilməkdədir. Lakin ölüm döşəyinə düşmədən bu ölüm karvanında bir gün sıranın onada gələcəyini düşünən bir insan, ölümü də soyuqqanlılıqla qarşılayacaqdır. Çünki ölüm ona görə qaçışı olmayan bir qədər, dünya həyatının son mərhələsi və axirətə açılan yeni qapıdır.

İnsan ölümü təfəkkür edərək həyatını axirətə görə tənzim edərkən dünya həyatından da tamamilə əl-ətək çəkməməlidir. Çünki Allah dünyadakı nemətləri insanların Onun rizasına uyğun olaraq istifadə etmələri üçün yaratmışdır. Düzgün istifadə olunan bir nemət insana savab, yanlış istifadə olunan bir nemət də insana günah qazandırar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz