İntihar

İntihar

Dünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, dünyada hər il təxminən 1 milyon insan intihar edir.

Ölkəmizdə də vəziyyət ürəkaçan deyil. Dünyada intihar edənlərin təxminən bir faizi Azərbaycanın payına düşür.  İntihar faktları daha çox Bakıda, Sumqayıtda, Şəkidə, Gəncədə, Naxçıvanda və şimal bölgəsində qeydəalınıb.

Mütəxəssislər intihar hadisələrinin çoxalmasını adətən iqtisadi vəziyyətlə bağlayırlar. Amma çox qəribədir ki, ruhi böhran və intihar hadisələrinin əksəriyyəti rifah səviyyəsi yüksək olan ölkələrdə baş verir.

Bəs İslamda intihara münasibət necədir? İntihar edəni axirətdə hansı cəza gözləyir? Bu yazımızdabu və digər sualları cavablandırmağa çalışacağıq.

Bildiyimiz kimi, dinimizə görə, hər hansı bir insanı öldürmək böyük günahdır və bir insanı haqsız yerə öldürən kimsə bütün insanları öldürmüş kimidir[1]. Çünki insan dəyərli bir varlıqdır. Bu varlığın canını, malını və namusunu İslam öz mühafizəsi altına almışdır və bu üç şeyə toxunmağı qadağan etmişdir. Qurani-Kərimdə Rəhman olan Allahın qullarının xüsusiyyətləri sadalanarkən belə deyilir: “Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz, zina etməzlər. Hər kim bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar”.[2]

Başqa bir ayədə isə belə buyurulur: “Hər kim bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, onun üçün böyük əzab hazırlayar!”.[3]

O ki qaldı intihara, insanın özünü öldürməsi başqasını öldürməsindən daha dəhşətli və daha böyük günahdır.

İslama görə, insanın vücudu onun öz malı deyil, ona verilmiş bir əmanətdir. Özünə qəsd etmək, əmanətə xəyanət etmək mənasına gəlir. Buna görə, İslam dini yalnız intihar etməyə mənfi münasibət bəsləmir, bununla yanaşı, insanın hər hansı bir bədən üzvünün kəsilməsinə də icazə vermir. Qurani-Kərimin ən-Nisa surəsinin 29-cu ayəsindəki “özünüzə qəsd etməyin” ifadəsi intiharın qəti bir surətdə haram olduğuna dəlildir.

Ayrıca Qurani-Kərim bir insanın öldürülməsini bütün bəşəriyyətin məhv edilməsi ilə eyni səviyyədə tutaraq, insan həyatının qorunmasını dinin əsas məqsədlərindən biri kimi qeyd edir. Qeyd etdiyimiz kimi, İslam hansı səbəbdən olursa olsun intiharı qadağan etmişdir. Belə ki,  Peyğəmbərimiz (s.ə.s)  müharibə vaxtı yaralanan və ağrının şiddətinə dayana bilməyərək özünə qəsd edən kimsənin cəhənnəmə gedəcəyini vurğulamışdır. Bir başqa hədisdə isə intihar edən kimsənin axirətdə davamlı bir surətdə intihar edirmiş kimi cəzalandırılacağını bəyan etmişdir. Allah Rəsulu (s.ə.s) hədislərilə yanaşı, öz davranışları ilə də intiharın Allah tərəfindən xoş qarşılanmadığını ifadə etmişdir.

İmanı güclü olan şəxs əsla intihara əl atmaz.

Canlarına qəsd edənlər həyatlarına son verməklə bütün əziyyətlərdən qurtulacaqlarını düşünürlər. Halbuki onların daha ağır əzablara düçar olacaqlarını bu hədislərdən görmək olur: “Kim özünü bir şey ilə öldürsə, cəhənnəmdə eyni şey ilə əzab ediləcəkdir[4]  Başqa bir hədisi-şərifdə isə belə buyurulur:

Kim bir təpədən özünü aşağıya atıb özünü öldürsə, əbədiyyən cəhənnəmdə yuvarlanacaq. Kim zəhərli bir maddə içərək özünü öldürsə əbədiyyən zəhər içəcək. Kim özünü dəmir bir alətlə öldürsə cəhənnəmdə də o aləti durmadan qarnına sancacaqdır”.[5]

Ümumiyyətlə nəinki intihar, hətta bilə-bilə cana əziyyət vermək, özünü təhlükəyə atmaq da dinimizdə qadağandır. Rəvayət olunduğuna görə səhabələrdənAmr ibn As Zatu`s-Səlasil səfərindəihtilam olur(yəni qüsl almaq ona vacib olur).Hava çox soyuq olduğu üçün su ola-olaölüm qorxusundan təyəmmümlə namaz qıldırır. Daha sonra bu hadisəPeyğəmbərimizə xəbər verildikdəAmrın bu hərəkətini bəyənərək onun bu hərəkətini tənqid etməmişdir.[6]

İntihar əvvəlki ümmətlərdə də haram olmuşdur. Cundub ibn AbdullahHz. Peyğəmbərin belə dediyini rəvayət etmişdir: “Sizdən əvvəlki ümmətlərdən birində yaralı bir adam var idi. Yarasının ağrısına dözə bilməyib bıçaq götürərək əlini kəsdi. Ancaq qanı kəsə bilmədiyi üçün öldü. Allah-Təala onun haqqında belə buyurdu: “Qulum can (alma) haqqında mənim önümə keçdi, mən də ona cənnəti haram qıldım”.[7]

Rəsulullah (s.ə.s) Xeybər döyüşündə aldığı yaralara dözə bilməyib qılıncı ilə özünü öldürən səhabənin də cəhənnəmə gedəcəyini xəbər vermişdir.[8]

Gördüyümüz kimi, intihar qurtuluş yolu deyil, əksinə əbədi olan axirət həyatını bərbad etməkdir. Qurtuluşun yolu “siratu-müstəqim” deyə ifadə edilən haqq yol ilə gedərək müsibətlərə qarşı səbirli və dözümlü olmaqdır. Hər çətinliyin arxasında bir asanlıq, hər məğlubiyyətin arxasında bir zəfər vardır.

Unutmayaq ki, bədən Uca Allahın insan övladına verdiyi ən böyük əmanətdir. Bu əmanəti  qorumaq lazımdır. Buna görə də insanın mənəvi və fiziki sıxıntılara sona qədər səbir göstərməsi İslamın qayəsidir. Əks halda, intihar etməklə dünyəvi sıxıntı və problemlərini həll edəcəyini düşünən kimsə dərhal üzləşəcəyi qəbir və daha sonrakı axirət həyatında daha böyük sıxıntı və fəlakətlərlə qarşılaşacaqdır.


[1]əl-Maidə 32.

[2]əl-Furqan 68-69.

[3]ən-Nisa 93.

[4]Buxari, Tibb, 56

[5]Buxari, Cənaiz, 84

[6]Əbu Davud, Tibb, 11/3872

[7]Buxari, Diyat, 21

[8]Buxari, Cənaiz, 33

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz