“Sürrə” yolu
Sürrənin lüğət mənası: qızıl, pul və ya qiymətli əşyaların qoyulduğu kisə deməkdir.
Piramidaya oxşar formada hazırlanardı. Əvvəllər qara rəngdə olsa da, sonralar isə yaşıl rəngə boyanmışdır. Üzərində qızılı tellərdən naxış və yazılarla bəzədilən “sürrə” dəvələrə yüklənib zəvvar və əsgərlər tərəfindən müşayiət olunardı. Padşahlar tərəfindən Mədinə və Məkkə əhalisinə paylamaq üçün aparılan qızıl, pul və dəyərli əşyalar “sürrə alayı” adı verilən bu qrup vasitəsi ilə daşınırdı. Əsgərlər eyni zamanda zəvvarların yolda üzləşdikləri çətinliklərdə onlara kömək edir, 90 gün davam edən məşəqqətli səfərdə yol boyunca hər hansı bir basqın, soyğun hadisələrinə qarşı da hacıların təhlükəsizliyini təmin edirdilər. Tarixçilərin bildirdiyinə görə, bu xidmət ilk dəfə Abbasi xəlifəsi Müqtədir Billahın dövründə başlamışdır. Abbasilərdən sonra Fatimilər, Eyyubilər və Məmlüklülər dövründə də bu ənənə davam etdirildi. Məsələn, Məmlük sultanı Baybars həcc ziyarətinə gedərkən Kəbənin yeni örtüsünü də özü ilə aparmışdı. Bağdad, Dəməşq və Hələb kimi böyük şəhərlərdən də həcc karvanları təşkil olunurdu. Hər karvanın özünün sürrəsi və mahmili (göndərilən hədiyyələr) olurdu.
Osmanlılar dövründə Sultan Mehmed Çələbi 1413-1421 tarixləri arasında Sürrə alayını ilk dəfə göndərən padşah olmuşdur. II Murad dövründə göndərilən Sürrə alayında artım müşahidə edilmişdir. O, Ankaranın Balıkhisar bölgəsinə aid kəndlərdən gələn gəlirləri və Manisadakı mülkünün üçdə birini Məkkə və Mədinəyə sərf etmişdir. Hərameyni-Şərifeyn Osmanlı idarəsinə keçdikdən sonra mütəmadi olaraq hər il Məkkə və Mədinəyə sürrə alayı göndərilmişdir.
Sürrə alayının yola düşmə mərasimi Abbasilər, Məmlüklülər və Osmanlılarda həm dini, həm də siyasi cəhətdən çox əhəmiyyətli idi. Belə müqəddəs səfərə çıxan zəvvarlara yardım və xidmətlərə əhəmiyyət verilmiş, həm də bu uğurlama təmtəraqlı şəkildə yerinə yetirilmişdir. Rəcəb ayının 12-dən başlayan bu mərasimdə padşahın iştirakı ilə sürrə ağasına kisələr və dəftərlər verilərdi. Hərameyn rəisinə çatacaq “hümayunnamə”nin verilməsi ilə mərasim başa çatardı. Topqapı sarayında başlayan bu təntənəli mərasim Üsküdardan İzmit, Akşehir, Konya, Adana, Antakya, Hama, Şam, Məan yolu ilə davam edərək Mədinə və Məkkədə başa çatardı. Çox sayda əhalinin iştirakı ilə keçirilən bu mərasim Osmanlının süqutuna qədər davam etmişdir.
1863-cü ildə Payas bölgəsində sürrə alayına quldurların hücumu baş vermişdi. Bu hadisədən sonra zəvvarların təhlükəsizliyini təmin etmək üçün 1864-cü ildən etibarən dəniz yolundan istifadə edildi və hacılar yollarını Beşiktaş limanından Beyruta, oradan da Şam şəhərinə saldılar. Şam şəhərinə çatan qafilə Ramazan bayramını burada qeyd edər, sonra zəvvarlar Hərameynə tərəf karvan yolu ilə hərəkət edərdilər. İstanbuldan yola çıxan mahmillərə “Mahmili-hümayun”, Qahirədən göndərilənə isə “Mahmili-misri” deyilirdi. Mahmili-misri qafiləsi Qahirə küçələrində gəzdirilər, Süveyş üzərindən Ciddəyə yola düşərdi. Bu mərasim 1952-ci ildə Misirdə baş verən çevrilişdən sonra ləğv olundu.
II Əbdülhəmid tərəfindən 1900-1908-ci illərdə Şam və Mədinə arasında Hicaz dəmir yolu inşa edildi. Dəmir yolu səfərləri karvanla gediləndən daha qısa müddətli olduğu üçün qafilələr şəvval ayında yola çıxmağa başladılar.
İanələrlə tikilən bu yola ilk ianəni Sultan Əbdülhəmid özü vermişdir. İanələrin bir mərkəzdə toplanması üçün “Hicaz şiməndifər xətti ianəsi” fondu yaradıldı. Hicaz dəmir yolu inşaatında 2666 kargir (işin görülməsinə xidmət edən) körpü və mənfəs, 7 dəmir körpü, 9 tunel, 7 gölməçə, 37 su anbarı, 2 xəstəxana, 3 emalatxana inşa edilmişdir. Dəmir yolunun mühəndisi alman idi, o cümlədən digər ölkələrdən onlan əcnəbilərdən də istifadə edilirdi. 1 sentyabr 1906-cı ildə “medayini-salihə” adlanan yerə qədər gəlib çatdılar. Bundan sonrakı tikinti işləri, mühəndis və işçilər olaraq, tamamilə müsəlmanlar tərəfindən görüldü. Belə bir xeyir işinə Osmanlılar çox böyük həssaslıq və ehtiramla yanaşırdılar. Hətta II Əbdülhəmid xan “Peyğəmbərimin ruhaniyyətini narahat etməyin, relslərə keçə döşəyin” deyə əmr vermişdi. Beləliklə, qatar Mədinə şəhərinə səs-küy salmadan daxil olurdu. Stansiyanın şəhərdən kənarda inşa edilməsinin bir səbəbi vardı: stress, baş qarışıqlığı və yol yorğunluğu ibadətə sirayət etməsin. Beləliklə, şəhər xaricində dincini alan zəvvarlar daha hüzurlu bir şəkildə məscidə gəlirdilər.
İnşası 1908-ci ildə başa çatan dəmir yolu ilə yola salınan qatar avqust ayının 27-si Mədinəyə ilk səfərini etmişdir. Şam və Mədinə arasında 40 gün çəkən yolçuluq dəmir yolu vasitəsilə 72 saata düşmüşdü. Hərəkət saatı namaz vaxtlarına görə təyin edilirdi. Səfər qatarındakı vaqonlardan biri məscid olaraq dizayn edilmişdi. Mübarək günlərdə Mədinəyə daha sərfəli, ucuz qiymətlərlə səfər edilirdi.
Müharibə vaxtı ingilis təyyarələrindən atılan bombalar nəticəsində dəmir yolu xeyli zərər gördü. Daha sonra Lavrens adlı ingilis kəşfiyyatçısı tərəfindən, quldur-qaçaqlara rels başına 1 qızıl vədi ilə, dəmir yoluna böyük zərər vurulmuş oldu. Axırıncı səfər 1918-ci ildə Mədinədəki müqəddəs əmanətlərin İstanbula daşınması ilə başa çatdı.
ŞƏRHLƏR