MƏDİNƏ VƏ MƏDƏNİLƏŞMƏ
Mədinə kəlməsinin iki əsas kökdən meydana gəldiyi mənbələrdə qeyd olunur. Birincisi “m-d-n” kökündən törəyən, şəhərə gəlmək, məskunlaşmaq mənasında olan “mədinə”dir ki, şəhər və mədəniyyət mənasına gəlir. “Təmdin” şəhər qurmaq, şəhərləşmək, bir yeri şəhər halına gətirmək deməkdir. “Təməddün” mədəni həyat sürmək, mədəni olmaq, mədəniləşmək, elm və inkişafı qəbul etməyə əlverişli olmaq deməkdir. Eyni zamanda bu, firavan həyat və hər cür ehtiyacların qarşılanması deməkdir. Digər bir kök “d-y-n” kəlməsidir; dini qəbul etmək, təslim olmaq və boyun əymək deməkdir.
İslamın Məkkə dönəminin inanc təməlinə söykəndiyini deyə bilərik. Məkkədə həyat dözülməz hala gəldikdə Rəsulullah Taifə getdi və buranın güclü qəbiləsi Bəni-Səqifin dəstəyini almaq istədi. Ancaq Səqif qəbiləsi bundan boyun qaçırmaqla yetinməyərək Hz. Peyğəmbəri daşlayıb uzaqlaşdırdı. Bundan sonra Allah Rəsulu (s.ə.s) Əqəbə beyətləri ilə Yəsribə yönəldi. Əkinçiliklə məşğul olan Övs və Həzrəc qəbilələri Rəsulullahın dəvətinə müsbət baxdılar. Bunu qeyd etmək lazımdır ki, Yəsribin o zaman şəhər olduğunu söyləmək çox çətindir. 10.000-ə yaxın əhalisi ilə məskun həyatı olan bir kənd deyilə bilərdi. Hz. Peyğəmbər Yəsribə Mədinə adını verdi. Qınamaq, pisləmək, ara qarışdırmaq, zərər vurmaq mənasına gələn “Yəsrib” adını yaxşı, gözəl, xoş mənasında işlədilən “Tabə, Taybə” adları ilə dəyişdirdi. Quranda Mədinə tək halda 10, cəm formasında 3 dəfə qeyd olunur. Bunların dördündə bildiyimiz Mədinə şəhəri qəsd edilir.[1] Beləliklə, Mədinənin adını qoyan Uca Allahdır. Hz. Peyğəmbər (s.ə.s) səhabələrinə: “Sizin hicrət edəcəyiniz yer mənə yuxumda iki qara daşlıq arası xurmalıq olaraq göstərildi”[2],- buyuraraq Mədinəyə işarə etmişdi. Allah Rəsulunun hədislərində Yəsrib Mədinə olaraq qeyd olunur. Bunlardan bir neçəsi belədir: “İlan yuvasına döndüyü kimi iman da Mədinəyə dönəcəkdir”[3] “Allahım, Məkkəni bizə sevdirdiyin kimi, Mədinəni də sevdir və daha çox sevdir, onu bərəkətli eylə!”[4] “İbrahim (ə.s) Məkkəni haram etdi, mən də Mədinəni haram edirəm”.[5]
Allah Rəsulu (s.ə.s) qüvvədə olan (qəbilə, əşirət və s. kimi) kiçik “biz” şüuru ilə hərəkət edən ictimai qruplaşmaları qaldırmış, geniş əhatəli bir ümmət anlayışını ortaya qoymuşdur. Hz. Peyğəmbər rəqabətə əsaslanan əsəbiyyəti (qəbilə çəkişmələrini) ortadan qaldıraraq din qardaşlığına əsaslanan yeni bir toplum inşa etmişdir. Yuxarıda qeyd etdiyimiz kimi bu topluma “ümmət” deyilməyə başlanmışdır. Belə bir anlayışın meyvəsi olan “ümmət” içindəki əlaqələr “qəbilə”də olduğu kimi əsil-nəcabətə, qəbilə əsəbiyyətinə deyil, müştərək amal və istiqamətə, din qardaşlığına və dövlət hakimiyyətinə tabe olmağa əsaslanmışdır. İslami hərəkatın Məkkədə atılan toxumları Mədinədə tövhid əqidəsini daşıya biləcək bir cəmiyyət və mədəniyyəti inşa etmişdir. Hz. Peyğəmbərin (s.ə.s) xarizmatik liderliyində güclü bir mədəniyyət quruldu. Artıq bu mədəniyyət içərisində ərəb, yəhudi, fars, rum, həbəşli, aristokrat və ya kölə, hər kəs özünü ifadə etmə imkanı tapdı. “Mənim qəbiləmdən olmayan düşmənimdir” fikri tarixə qarışdı. Möminlər arasında qurulan qardaşlıq pillə-pillə reallaşmışdır. Şübhəsiz ki, bunun ilk nüvəsi Məkkədə inananlar arasında olmuşdur. Mədinədə isə illərlə bir-biri ilə mübarizə aparan Övs və Həzrəc İslam bayrağı altında qardaşlaşdırılmışdır. Hicrətdən sonra Hz. Peyğəmbər malını-mülkünü Məkkədə buraxaraq gəlmiş olan mühacirləri mədinəli ənsarla qardaş (müəxat) elan edərək bir daha həyata bağlanmalarını təmin etmişdir. Hicrətdən sonra artıq Mədinə müsəlmanların axışıb gəldiyi, sünnənin, təlim-tərbiyənin, mədəniyyətin mərkəzi, sünnənin beşiyi olmuşdur. Sünnə adı altında yeni bir mədəniyyət ortaya çıxmışdır. Allah Rəsulu Mədinədə məskunlaşmağa təşviq etmişdir. Mədinəyə gələn insanların orada qalmalarını istəyərək nümunəvi islam toplumunun vərdişlərini mənimsəməsini istəmişdir. Məsələn, Mədinəyə gələrək namazların vaxtlarını soruşan bədəvinin sualına cavab olaraq Hz. Peyğəmbər (s.ə.s) ondan Mədinədə qalmasını istəmiş, ilk gün namazları vaxtın əvvəlində, ikinci gün isə vaxtın sonunda qıldırmışdır. Daha sonra da: “Namazların vaxtlarını soruşan adam hanı?” - deyə bədəvini xəbər almışdır. O şəxs: “Buradayam, ya Rəsulallah”,- deyəndə, Hz. Peyğəmbər (s.ə.s): “Namazların vaxtları bu gördüyün vaxtların arasıdır”,- buyuraraq, bədəvinin mövzunu daha yaxşı başa düşməsini təmin etmişdir.[6] Hz. Peyğəmbər Mədinəyə gəlib yerləşənlərin oradan ayrılmalarına izin vermirdi. Onun yeni mədəni vərdişlərin itirilməsindən əndişə etdiyini görürük. Belə ki, Rəsulullah: “Kim səhrada köçəri həyata dönərsə, kobudlaşar”,- buyurmuşdur. Mədinəyə gəlib orada yaşamağa söz verən bir bədəvi, bir müddət sonra məni buraxın gedirəm, dedikdə Rəsulullah (s.ə.s) buyurdu: “Mədinə dəmirçinin körüyü kimidir, yaxşısını özündə tutar, pisini çölə atar”.[7] Təbii ki, bu, hər kəs üçün deyil, kifayət qədər Mədinədə qalmayan, cahiliyyə adətlərini tərk edib islami adətləri vərdiş halına gətirməyənlər üçündür. İbn Xəldun məşhur əsəri Müqəddimədə “İnsanların yaşadıqları fiziki coğrafiya onların xarakter və təbiətlərinə təsir edər” deyir. Eyni zamanda şəhərlərin mənəvi havası da ictimai quruluşlara təsir edər. Mədinə müsəlmanlar üçün bir mənəviyyat şəhəridir. Həqiqətən, Hz. Peyğəmbərin qurduğu Mədinə müsəlmanlar üçün numunəvi şəhər olmuşdur. Bundan sonra İslam coğrafiyasında sürətli bir şəhərləşmə müşahidə olunmuş, Bəsrə, Kufə, Bağdad kimi şəhərlər ortaya çıxmışdır.
[1] Tövbə, 9/101,120; Əhzab, 33/60; əl-Münafiqun, 63/8
[2] Buxari, Mənaqibul-Ənsar, 44.
[3] Buxari, Mənaqibul-Ənsar, 6; Müslim, İman, 147
[4] Buxari, Mənaqibul-Ənsar,46
[5] Buxari, Mənaqibul-Ənsar, 6; Müslim, Həcc, 462
[6] Müslim, Məsacid, 31; Nəsai, Məvaqit,12; İbn Macə, Salat: 1; Əhməd ibn Hənbəl, IV, 349,V, 125.
[7] Buxari, Ehkam, 45; Müslim Həcc,88; Malik, Müvəttə, Came,2.
ŞƏRHLƏR