HÜCREYİ-SƏADƏT

HÜCREYİ-SƏADƏT

Dünya xəlq edildikdən bu günə qədər və hətta qiyamətədək ən xoşbəxt ailə həyatının yaşandığı evlərin başında Hz. Peyğəmbərin evi, səadət ocağı gəlir.

 Çünki o evdə yaşayan ailə, Allah tərəfindən tərbiyə edilən ailə başçısından və fərdlərindən ibarət idi. Qarşılıqlı haqq və hüquqların mühafizə edildiyi, hörmət və ehtiramın təsis edildiyi ailə həyatı hər kəsin arzuladığı ailə modelidir. Əgər yaşanan evdə xoşbəxtlik və səadət yoxdursa, o ev soyuq divarlardan mütəşəkkil tikilidən başqa bir şey deyildir.

Hz. Peyğəmbərin evindən bəhs edilərkən bu məkana “Hücreyi-səadət” deyilir. Ərəb dilində “hücrə” - otaq, “səadət” - xoşbəxtlik mənasını ifadə edir. İslam ədəbiyyatında Hücreyi–səadət termini Hz. Peyğəmbərin yaşadığı otaqlarına verilən addır. Günümüzdə isə bu termin Hz. Peyğəmbərin (s.ə.s), Hz. Əbu Bəkr və Hz. Ömərin dəfn edildiyi türbə üçün istifadə edilir.

Hz. Peyğəmbər (s.ə.s) Mədinədə məscid (Məscidi-Nəbəvi) tikdirərkən məscidin şərq divarının cənub tərəfinə bitişik ikiotaqlı ev də tikdirmişdi. Bu otaqlardan birini hicrətdən bir müddət əvvəl evləndiyi xanımı Hz. Sevdaya, digərini də  Mədinədə evləndiyi Hz. Aişəyə təxsis etdi. Qeyd olunan bu otaqlara girmək üçün icazə istəməklə əlaqəli ayədə “Peyğəmbərin evləri” terminindən istifadə edilmişdir. (əl-Əhzab, 53) Bundan başqa, Rəsulullah (s.ə.s) evdə ikən onu görməyə bədəvilər gəlmişdi; onların Peyğəmbəri kobud şəkildə çağırması qınanarkən də bu otaqlardan bəhs edilmiş və həmin surəyə “Hucurat” (otaqlar) adı verilmişdir. (əl-Hucurat, 4) Bu otaqlar Qurani-Kərimdə iki yerdə qeyd edilmişdir.

İki otaqdan ibarət olan bu mübarək məkana daha sonra yeddi otaq da əlavə edilmişdir. Bu otaqlar arasında, içində Hz. Peyğəmbər (s.ə.s) dəfn edildiyinə görə Hz. Aişənin otağı önəm qazanmışdır. Məhz buna görə də Hz. Aişənin otağına “Hücreyi-səadət” deyilmişdir. Bu otaq üçün eyni zamanda “əl-Hücrətüş-şərifə”, “əl-Hücrətül-müqəddəsə”, “əl-Hücrətül-müattara”, “Hücreyi-munifə” də deyilmişdir.

Hz. Sevda ilə Hz. Aişənin otaqları məscidlə eyni şəkildə daş bünövrə üzərində çiy kərpiclə hörülmüşdü. Otaqların tavanları yox idi. Daha sonra xurma budaqları və palçıqla örtülmüşdür. Çox güman ki, bu otaqların məscidə açılan qapılardan başqa, küçəyə açılan qapıları da vardı. Rəsulullah (s.ə.s) son xəstəliyini Hz. Aişənin otağında keçirmişdir. Hz. Əbu Bəkrin xatırlatdığı “Peyğəmbərlər vəfat etdikləri yerdə dəfn edilər” rəvayətinə əsasən Hz. Peyğəmbər bu otaqda dəfn edilmişdir. Sonra digər otaqlar da bu otağa bitişdirilsə də “hücreyi-səadət” deyiləndə, əslində məhz bu otaq, yəni Hz. Peyğəmbərin vəfat etdiyi otaq nəzərdə tutulmuşdur.

Hz. Peyğəmbərin cənazə namazı qrup-qrup gələnlər tərəfindən bu otaqda qılınmışdır. Təziyəyə gələn insanlar otağın bir qapısından girib digər qapıdan çıxırdılar. Hücrələrin qapılarında qapı əvəzinə yundan toxunmuş pərdələr asılmışdı. Hz. Peyğəmbər vəfat etdikdən sonra isə Hz. Aişənin otağına taxta qapılar düzəldildi.

Hz. Əbu Bəkr və Hz. Ömər də vəfat edincə Hz. Aişənin otağına, yəni hücreyi-səadətə dəfn edilmişdir. İslam tarixi boyunca müxtəlif dövrlərdə hücreyi-səadət təmir edilmiş və ziyarətgah olaraq möminlər tərəfindən daha rahat ziyarət ediləcək vəziyyətə salınmışdır. Təmir edilmədən əvvəlki halı çox mütəvazi idi. Hətta tavan əl uzadılınca rahatca dəyiləcək qədər alçaq idi. Bu da Hz. Peyğəmbərin mütəvazi şəxsiyyətini və dünyada zöhd həyatı yaşadığını göstərən amillərdəndir.  

Ömər ibn Əbdüləziz dövründə hücrənin sahəsi genişləndirildi və günümüzdə müşahidə edilən “qubbətün-nur” və “qubbətül-hücrə” ilə örtüldü. Əməvi və Abbasi dövründə də bu hücrəyə dövlət səviyyəsində xüsusi əhəmiyyət verilmişdir. Ayrıca, Osmanlı padşahları nəzdində də, Yavuz Sultan Səlimdən etibarən bütün padşahların diqqət mərkəzində olmuşdur. Qızıl və gümüş şəbəkələr işlənmiş, divarlar möhkəmlənmiş və daşdan hörülmə yeni qübbə tikilmişdir. Günümüzdə bu qübbə yaşıl rəngə boyandığı üçün “Qübbətul-xadra” adlanır.

Hücreyi-səadət hər il milyonlarla zəvvar tərəfindən ziyarət edilir. Əlbəttə ki, buna təkan verən və ziyarəti önəmli hala qətirən ən mühüm amil Hz. Peyğəmbərdən rəvayət edilən bu hədislərdir: “Məni vəfatımdan sonra ziyarət edən kimsə mən həyatta ikən ziyarət etmiş kimidir”“Qəbrimi ziyarət edənə şəfaətim vacib olar”. (Darəqutni)

Təbii ki, “Qəbrimi bayrama çevirməyin” (Əhməd ibn Hənbəl, Müsnəd) hədisini də unutmamaq lazımdır. Bu hədis daha çox “bayram yeri kimi hay-küy salmayın” şəklində anlaşılsa da, bəzi şərh alimləri buradakı bayramdan məqsədin “sadəcə bayramdan-bayrama deyil, hər daim ziyarət edin” şəklində olduğunu bəyan ediblər.

Ziyarət əsnasında salavat çevirmək, dua etmək, kəlmeyi-tövhid və Peyğəmbərliklə əlaqəli ayələri oxumaq tövsiyə olunur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz