ŞƏFA AXTARAN AŞİQ

ŞƏFA AXTARAN AŞİQ

Əsrlərdir Peyğəmbər aşiqi şairlər öz məhəbbətlərini şeirləri ilə tərənnüm edərək həsrətlə yanan könüllərə bir nəbzə də olsa su səpmişlər. Bu qəsidələr arasında İmam Busayrinin “Qəsideyi-Bürdə” əsərinin xüsusi yeri var.

İmam Busayri həzrətlərinin əsil adı Məhəmməd ibn Səid ibn Hammaddır. Misirin Busayr şəhərində 1212 (609), yaxud 1211 (H. 608) tarixində anadan olmuşdur. Böyük övliya və tanınmış İslam alimi, həm də bir Peyğəmbər aşiqi olan Busayri bu sevgisini, eşq və məhəbbətini dilə gətirdiyi bir çox şeir, beyt və nəti-şərif yazmışdır. Bunlar arasında ən qiymətlisi isə Qəsideyi-Bürdədir. Qəsidənin yazılma səbəbi olan hadisə belə nəql edilir:

 

İmam Busayri həzrətləri ömrünün sonuna yaxın iflic olmuşdu. Bədəninin yarısı hərəkətsiz qalmışdı. Hz. Muhammədin hörmətinə şəfa verməsi üçün Allah-Təalaya çox dua etdi. İnsanların ən üstünü olan Peyğəmbərimizi tərifləyən məşhur qəsidəsini yazdı. Bir gün yuxusunda Hz. Peyğəmbəri gördü. Qəsidəsini yuxuda Rəsuli-Əkrəmə oxudu. Hz. Peyğəmbər (s.ə.s) bu qəsidəni çox bəyəndi. Əyninə geydiyi mübarək xirqəsini çıxardıb İmam Busayriyə geydirdi. Bədəninin iflic yerlərinə mübarək əli ilə məsh çəkdi. Oyandığı zaman artıq sağalmış, iflicdən əsər-əlamət qalmamışdı. Məhz ona görə də həmin qəsidə Qəsideyi-Bürdə adlanır. (Bürdə lüğətdə xirqə, əba deməkdir.) İmam Busayri sevinərək sübh namazına gedərkən, yolda Allah-Təalanın sevimli qullarından biri ilə rastlaşdı. O şəxs İmama “Ey Busayri, qəsidəni dinləmək istəyirəm”, - dedi. “Qəsidələrim çoxdur. Hamısını hər kəs bilir”, - deyəndə o şəxs: “Heç kimin bilmədiyi, bu gecə Rəsulullaha oxuduğunu istəyirəm”, - dedi. “Bunu hələ heç kimə söyləməmişəm. Belə bir qəsidənin olduğunu haradan bilirsən?”,- deyəndə isə həmin adam İmamın yuxusunu olduğu kimi danışdı.

O dövrün vəziri Bəhaəddin də belə bir qəsidənin yazılmasından xəbər tutub onu oxutdu və hörmət əlaməti olaraq ayaq üstə dinlədi. Həmin qəsidə indinin özündə də könül insanları tərəfindən böyük bir eşqlə oxunur.

Qəsideyi-Bürdə on hissədən ibarətdir. Birinci hissə Rəsulullaha olan sevginin dəyərindən  xəbər verir. İkinci hissə insanın nəfsinin pisliyini izah edir. Üçüncü hissə Rəsulullahı tərifdən ibarətdir. Dördüncü hissə Rəsulullahın dünyaya təşrifini nəql edir. Beşinci hissə Rəsulullahın möcüzələrindən bəhs edir. Altıncı hissə Qurani-Kərimin tərifindən ibarətdir. Yeddinci hissə Rəsulullahın meracındakı incə nüanslara təmas edir. Səkkizinci hissə Rəsulullahın cihadlarından danışır. Doqquzuncu hissədə isə şair Allah-Təaladan əfv-məğfirət və Rəsulullahdan şəfaət istəyir. Onuncu hissə Rəsulullahın dərəcəsinin aliliyindən xəbər verir. Orijinal mətni ərəbcədir və 322 misradan ibarətdir.

İmam Busayri 1295 (H. 695)-ci ildə Misirin İskəndəriyyə şəhərində vəfat etmişdir. Məzarı həmin şəhərdədir.

 

 

Qəsideyi-bürdə tərcüməsindən nümunələr:

 

“Rəsulullaha məhəbbətin dəyəri” fəslindən

 

Yoxsa Səlləm ağacıyla yanındakı dostları,

Onun gözəl qoxusuyla, gül qoxan yoldaşları,

Xatırlayıb yenə dərin xəyallara dalmısan?

Gözlərin dolmuş, axıtdın al-qırmızı yaşları...

Yaxud bir yel əsdi birdən, bir münəvvər bəldədən,

Ya da şimşək çaxdı aydınlandı Ədən dağları?

Gözlərin durmur nədən, sən hey desən də “ağlama!”

Bəs o qəlbin, “dur!” desən də, artırır fəryadları...

Gizlədəmməz insan eşqin, heç özün aldatmasın,

Yanarkən könlün, gözündən daşarkən sel suları.

Tökərdinmi göz yaşın, eşq olmasa, torpaqlara

Yuxun qaçmazdı, bəs qəlbin? Nədir bu ah-zarları...

 

 

 

***

 “Nəfsin təhlükələri” fəslindən

 

Hakim ol, nəfsin nə badə olmasın hakim sənə,

Çünki nəfsin hakim olsa, hər işin yarım qalar.

Aclığın da, toxluğun da, hiyləsindən bəri dur,

Aclığın da, bəli, aclıq həddin aşsa, azdırar.

Yaşlar axsın gözlərindən, çox haramlar görmüsən,

Tövbədən xoş kölgə yoxdur, sanki sərinlik yağar.

Uyma şeytan ilə nəfsə, baş qaldırıb qarşı çıx,

Diqqət et, aldanma, xoş sözlərlə birdən aldadar.

Həm namazdan, həm orucdan, fərz olandan eylədim,

İbrət alsaydım ölümdən, artırardım hər nə var.

Əhya etmək hər gecəni sünnə ikən, yatmışam,

Namaz qılmaqdan şişərmiş, o mübarək ayaqlar...

***

 “Seyyidül-mürsəlinin mədhi” fəslindən

 

Nədir dünya, bir rəsul möhtac deyil dünyalığa,

Həm səbəbdir, varlığından ötrü indi dünya var.

Bu dünyanın, o dünyanın, Muhamməddir əşrəfi,

Ərəb, əcəm, cümlə aləm, xəlq olunmuş hər diyar.

Nəhy edər, həm əmr edər, hökmündə olmaz bir xəta,

Hə deyər, ya yox deyərsə, çox dəqiq, çox aşikar.

Hər bəladan, müsibətdən qurtarar peyğəmbərim,

Həm şəfaət umduğumdur, yoxsa canım məhv olar.

Gerçəyindən bixəbər aləm, cəhalət hər tərəf,

Qalsalar haqdan xəbərsiz, hər nə var, aciz qalar.

Bir nəzər sal, gör Günəş hər gün baxar göydən sənə,

Sən əgər göz zilləsən, görməz gözün, həm korlanar.

Bəs nə cür dünyada mümkün, dərk edilsin gerçəyi,

Kim ki, görsə, bir röyada, bir ömür xoşbəxt olar.

Çatsa insan ən böyük elm ilə axır söz budur:

Bir bəşərdir, ən xeyirli, ən gözəl, şəfqətli yar.

Gör nələr vermiş ki, Rəbbim, ən gözəl xəlq eyləmiş,

Əxlaq gözəl, sima gözəl, hər gözəllik onda var.

Torpağından xoş bu dünya üzrə tapmazsan ətir,

Kim ki, öpmüş-qoxlamışdır, yoxdur ondan bəxtiyar...

***

 “Əfv-məğfirət diləmə” fəslindən

Çox günahkar bir bəndəyəm, amma verdim söz ona,

Dönmərəm sözdən, nə cür gül əl çəkər bağbanından?!

Vəd edibdir, qurtarar hər kim çağırsa ismini,

Onun ismiylə çağrıldım, yox ümid başqasından.

Varmı ondan doğru sözlü, bax bütün insanlığa?!

Əl-əmin, söz versə mütləq, dönməz imiş yolundan.

Bəs sabah, məhşərdə birdən, heç əlimdən tutmasa,

Vay halım, düşmüş olardım, çox qorxunc uçurumdan!

Yox, yox! O məhrum etməz ki, istəyəni yardımdan,

Nə miskin, nə çöldə qalmış, nə yazıq, nə əl açan...

İnsanların ən kərimi, varmı başqa sığıncaq?

Çatanda hər kəs üçün bir - qaçışı olmayan an.

Ya Rəsulallah, sənin örtün genişdir örtməyə,

Göründüyü gün, hesaba bir-bir çəkən Yaradan...

Ey mənim nəfsim, ümidsizlik sənin karın deyil,

Mərhəmət dəryası coşsa, qərq olar hər bir xətan.

Ey böyük Rəbbim, bu dünya ilə axir dünyada,

Çox zəif, aciz bir qulam, məhrum etmə yardımdan.

Son Rəsulunçün, buluddan leysan olsun, şırhaşır,

Hər tərəf coşsun, sel olsun, bol salavat-salamdan,

Əhli-beytindən tutun, ta dostuna, əshabına,

Və onlara tabe olmuş, kim ki, getmiş bu yoldan...

Təqva əhli, əliaçıq, helm, kərəm əhlinə,

Davam etsin, rəhmət yağsın, səmalardan durmadan

Titrətdikcə Badi-səba Bən ağacı yarpağın,

Ürkütdükcə dəvələri, mahnısıyla bir çoban...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz