İLK MƏSCİD və İLK MƏKTƏB

İLK MƏSCİD və İLK MƏKTƏB

İlk Məscid

Məlum olduğu kimi Rəsulullahın (s.ə.s) Mədinəyə hicrətindən sonra səhabələrlə birlikdə inşa etdiyi ilk məscid Məscidi-Nəbəvidir. Məscidi-Nəbəvinin İslam dövlətinin formalaşmasında və idarə olunmasında böyük rolu var.

Rəsulullah (s.ə.s) Mədinəyə gələndə hər kəs onu evində qonaq etmək üçün bir-biri ilə yarışa girmişdi. O isə dəvət edənlərə: “Dəvəyə mane olmayın. O, bizi Allahın razı olacağı bir yerə aparacaq”, - deyirdi. Dəvə bir müddət getdikdən sonra, iki yetimə aid boş əraziyə çökdü. Evi həmin əraziyə ən yaxın olan Əbu Əyyub əl-Ənsari Rəsulullahın əşyalarını götürüb sevinclə evinə daşıdı.

Nəccar oğullarından olan iki yetim qardaş - Səhl və Süheyl dəvənin çökdüyü ərazini hədiyyə etmək üçün israr etsələr də Rəsulullah (s.ə.s) qəbul etmədi və buranı on dinara aldı. Həmin məbləği Hz. Əbu Bəkr (r.a) ödədi.

Həmin yerdə dərhal bir məscid inşasına başlandı. Hz. Peyğəmbərin də tikintisində iştirak etdiyi məscid qısa müddətdə tamamlandı. Eni-uzunu yüz zira (bir zira - qırx beş santimetr) olmaqla kvadrat şəklində tikilən məscidin mehrabı Beytul-Məqdis (Məscidi-Əqsa) istiqamətinə düşəcək şəkildə şimal divarında işarələnmişdi. Üç qapısından biri cənub tərəfindəki arxa divarda, ikincisi qərb tərəfindəki divarda, üçüncüsü isə Rəsulullahın (s.ə.s) hücrələrinin olduğu şərq tərəfində idi. Bu qapıya Cəbrayıl qapısı deyilirdi.

Hicrətdən on altı ay sonra qiblənin istiqaməti Beytullah tərəfinə çevrildiyi zaman cənubdakı qapı bağlanaraq burada mehrab düzəldildi, şimaldakı divarda da bir qapı açıldı.

Məsciddə namaz qılınan yerin üstü açıq idi. Ancaq məscidin ortasında, xurma ağacından dirəklər üzərində, xurma budaqlarından və yarpaqlarından kölgəlik döşənmişdi.

Mədinədə tikilən bu məscid eyni zamanda qurulan İslam dövlətinə aid fəaliyyətlərin icra edildiyi bir mərkəz idi. Rəsulullah (s.ə.s) səhabələrlə orada müşavirə edər, döyüş və sülh qərarlarını orada alar, elçi heyətlərini orada qəbul edər, döyüşə gedən orduları oradan yola salar, bütün ictimai problemlər orada həllini tapar, hətta lazım gələrsə günahkarlar və əsirlər də orada saxlanardı. (Nəsai, Məsacid, 20) Xeybərin fəthindən sonra Rəsulullah (s.ə.s) məscidi bir az genişləndirdi.

Rəsulullah (s.ə.s) vəfat etdikdə Hz. Aişənin məscidə bitişik olan otağında dəfn edilmişdir.

Məscidin əsaslı genişləndirilməsi ilk dəfə Hz. Ömərin (r.a) xilafəti zamanında həyata keçirildi. Məscidə cənubdan beş, qərb və şimaldan da on metr əlavə edildi. Rəsulullahın xanımlarının otaqları olduğu kimi qaldı. Şimal, şərq və qərb divarlarına iki qapı əlavə edilərək bu say altıya çıxarıldı.

Hicrətin 29-cu ilində Hz. Osman (r.a) məscidi yenidən tikdirdi. Divarları bəzəkli daş ilə yenidən hördürdü. Daş sütunlardan istifadə olunaraq məscidin bir qisminin üstü bağlandı. Qapıların sayı olduğu kimi qaldı. Bu restovrasiyadan sonra məscidin genişliyi yüz əlli zira, uzunluğu isə yüz altmış zira oldu.

Sonrakı illərdə məscidin təkrar təmiri və genişləndirmə işləri aparılmışdır. Osmanlılar dövründə də Məscidi-Nəbəvinin təmir və bərpa işləri həssasiyyətlə yerinə yetirilmişdir. Bu gün yaşıl rəngdə gördüyümüz Rövzeyi-Mutahharanın qübbəsinin bu rəngə boyanması I Mahmuda aiddir. Məhz bundan sonra həmin günbəz Qübbətul-Xadra (yaşıl qübbə) adlandırılmışdır. Osmanlılar zamanında sonuncu dəfə 1849-1861 illərdə sultan Əbdülməcid tərəfindən Məscidi-Nəbəvidə genişləndirmə və yenidənqurma işləri aparılmışdır.

Məscidi-Nəbəvi Məscidi-Həramdan sonra yer üzündəki məscidlərin ən fəzilətlisidir. Bu mövzuda Rəsulullahdan (s.ə.s) bir çox hədis varid olmuşdur:

“Evimlə minbərimin arası cənnət bağçalarından bir bağçadır və minbərim də cənnət bağçalarının üzərindədir”. (Əhməd b. Hənbəl, II, 36, 450, 534; V, 41).

“Məscidimdə qılınan bir namaz Məscidi-Haram xaric digər məscidlərdə qılınan min rükət namazdan daha xeyirlidir” (Əhməd b. Hənbəl, I, 184).

 

İlk Məktəb

Hz. Peyğəmbərin tapşırığı ilə Məscidi-Nəbəviyə bitişik xüsusi bir yer də tikilmişdi. Suffə adlanan həmin məkandan gündüzlər təlim-tədris, gecələrsə evsiz-eşiksiz səhabələrin qalması üçün istifadə olunurdu. İslam ümmətinin özəyi sayılan səhabələr və alimlər burada yetişmişdilər. Bura islami elmlərin öyrənilməsi üçün tikilən ilk məktəb də deyə bilərik. İslamın əsaslarını öyrənmək üçün Mədinə xaricindən gələnlər buradan həmçinin yataqxana kimi istifadə edirdilər.

Allah Rəsulu şəxsən özü burada dərs keçirdi. Lakin bununla birlikdə yeni gələn və təzə başlamış tələbələrə oxuma-yazmağı və Qurani-Kərimi öyrədən başqa müəllimlər də var idi. Mədinədən və uzaq yerlərdən gəlib burada oxuyan tələbələrin sayının dörd yüzə çatdığı zamanlar da olurdu.

Hz. Peyğəmbər (s.ə.s) suffə səhabələrinin təhsili, məişəti və ehtiyacları ilə şəxsən maraqlanırdı. Onların ehtiyaclarını qarşılamadan öz evinin ehtiyacını təmin etmirdi. Qızı Fatiməyə (r.anhə) dediyi: “Ya Fatimə, əhli-suffənin ehtiyacını təmin edə bilmədiyim üçün sizin ehtiyacınızı qarşılaya bilmirəm” sözü məşhurdur. Əshabi-Suffənin problemlərinin həllində imkanlı və səxavətli səhabələrin də rolu böyük olmuşdur.

Sonralar Hz. Peyğəmbər İslamı yeni qəbul edən qəbilələrə göndərdiyi müəllimləri də məhz Əshabi-Suffə arasından seçmişdir. O, süffə əshabını qabiliyyətlərinə görə müxtəlif sahələrə istiqamətləndirərdi. Bir qismini Quran hafizliyinə təşviq edərkən, bir qismini ibadətə, zöhdə istiqamətləndirər; bir qismini də hədis, təfsir və fiqh kimi müxtəlif elm sahələrinə təşviq edərdi. Əbu Hüreyrə, Abdullah ibn Abbas, Əbu Musa əl-Əşari və Abdullah ibn Ömər kimi tanınmış səhabələr məhz “Suffə”nin yetirmələridir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz