BİR HƏDİS

BİR HƏDİS

عَنْ عُمَرَ بْنِ الخَطَّابِ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: لَوْ أَنَّكُمْ كُنْتُمْ تَوَكَّلُونَ عَلَى اللهِ حَقَّ تَوَكُّلِهِ لَرُزِقْتُمْ كَمَا يُرْزَقُ الطَّيْرُ تَغْدُو خِمَاصًا وَتَرُوحُ بِطَانًا

            Ömər ibn Xəttabdan (r.a) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Əgər siz Allaha layiqincə təvəkkül etsəydiniz, (Allah) quşları doyurduğu kimi sizə də ruzi verərdi. Quşlar səhər (yuvadan) qursaqları boş çıxdıqları halda axşam doymuş olaraq qayıdarlar”. (Tirmizi, Zöhd, 33)

            Rəsulullah (s.ə.s) bu hədisində həqiqətdə ruzi verənin yalnız Allah olduğuna diqqət çəkmişdir. Hədisdə həm də Allahın kainatda qoyduğu bir nizam gərəyi insanların fellərinin ruzi qazanmaq üçün bir vasitə olduğuna işarə olunmuşdur. Hədisin ən əsas təmas etdiyi məqam isə “təvəkkül” anlayışıdır. “Təvəkkül” bir insanın özünü Allaha təslim etməsi, qazanacağı ruzi və edəcəyi hər hansı bir işdə Allaha etimad edərək güvənməsidir. Burada təvəkkül anlayışı içində hərəkət edildiyi təqdirdə Allahın insanlara ruzinin qapılarını açaraq onu öz tərəfindən ruziləndirəcəyi vurğulanmışdır. Çünki: “Yer üzündə elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin”. (Hud, 11/6) Hədisdə eyni zamanda insan tərəfindən hər hansı bir addım atılmadan təvəkkül edərək ruzinin gələcəyinə deyil, yuvalarından qursaqları boş bir halda çıxaraq ruzi axtaran quşlar kimi, insanın da ruzi qazanmaq üçün bir cəhd içində olmasına diqqət çəkilmişdir. Yəni insan cəhd etmədən təvəkkülün arxasına sığınmamalıdır. Buna görə də “təvəkkül” insanın ruzi qazanmaq və ya hər hansı bir işi reallaşdırmaq üçün atdığı addımdan sonra işi Allaha həvalə etməyinin adıdır. Səhər yuvalarından Allahın “Rəzzaq” olduğuna inanaraq çıxan quşların təslimiyyəti qədər, insanın da ruzisini qazanmaq üçün cəhd etdikdən sonra Allaha təslimiyyət və təvəkkül anlayışı içində qalıb hər hansı bir əndişə və nigaranlığa qapılmaması lazımdır.

Kainatda baş verən hadisələr ilahi nizam və qanun çərçivəsində səbəb və nəticəyə bağlı olaraq baş verir. Toxum əkilməsə, məhsul əldə etmək mümkün  olmadığı kimi, saleh əməllər də işlənməsə, Allahın rizasını qazanmaq olmaz. Beləliklə, təvəkkül çalışıb işləmək, Allahın bizimlə olduğunu yaddan çıxarmamaq və nəticəni Allahdan gözləməkdir. Çalışmaq, işləmək, tədbir görmək kimi hərəkətlər ruzinin həqiqi səbəbi deyil. Çünki ruzini verən ancaq Allahdır. Qalanlar isə vasitələrdir. Qazanılan ruzini zəhmət və əməyə bağlamaq isə vasitəni yaradıcı yerinə qoymaq kimi insanı böyük bir yanlışlığa aparmamalıdır. Qurani-Kərimdə belə buyurulur: “Ya Muhamməd! De ki: Allahın bizim üçün yazdığından başqa bizə heç nə çatmaz. O, bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər”. (ət-Tövbə, 9/51)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz