Çöl Aslanı FƏXRƏDDİN PAŞA

Çöl Aslanı FƏXRƏDDİN PAŞA

İngilis agenti Lavrens (Lawrence) Fəxrəddin paşanı Mədinə müdafiəsindəki qəhrəmanlığına görə “çöl aslanı” adlandırmışdı.

 Polkovnik-leytenant Bassett isə onun haqqında “qabırğalarına qədər hərbçidir”, - demişdir. Fəxrəddin paşa, həqiqətən, vətənpərvər, dürüst, cəsur və ürəyi Peyğəmbər sevgisi ilə dolu bir Osmanlı paşası idi. O, bu sevgisi səbəbi ilə Mədinədə qaldığı müddətdə Hz. Peyğəmbərin (s.ə.s) qəbrini tez-tez ziyarət edərdi.

Fəxrəddin paşa təvazökar komandir idi. Bir dəfə qiyamçılara qarşı hərbi əməliyyat keçirilirdi. Zəif bir əsgərin yeriməkdə çətinlik çəkdiyini görmüşdü. Paşa dəvəsindən endi və: “Qardaşlarım! İstənilən vəziyyətdə hər şeyimizi paylaşmalıyıq”, – deyərək əsgəri öz dəvəsinə mindirdi, özü isə yoluna piyada davam etdi.

   Mədinədə üsyanlar artmışdı. Camal paşa ona: “İstəsən, köməyə təcrübəli alman pilotlarından göndərək”, – deyə təklif etmişdi. Fəxrəddin paşa bu təklifi rədd etmiş, İslamın beşiyi sayılan Mədinəni yalnız müsəlman əsgərlərlə müdafiə etmək istədiyini bildirmişdi.

Mədinədə qaldığı müddətdə şəhəri müdafiə etməkdən əlavə, yenidənqurma işləri ilə də məşğul olmuş, Hz. Peyğəmbərin qəbrinə gedən yolları genişlətmiş, Osmanlı əsgərlərinin də dəfn olunduğu Mədinədəki Cənnətul-Baqi qəbiristanlığını abadlaşdırmışdı.

Bu gün çoxumuzun haqqında eşitmədiyi bu paşanın əsl adı Ömər Fəxrəddin Türkkandır. 1868-ci il fevral ayının 4-də Dunay çayının sahilində yerləşən Ruse şəhərində anadan olmuşdur. Atası Nizami-Cədidin topçu başçısı Ömər Ağadır. Anası Mohaç qəhrəmanı, axıncı bəyi, Bali bəyin nəslindən gələn Fatimə Adilə xanımdır. Onun on yaşı olanda, 1877-1878-ci illərdə Osmanlı-Rus müharibəsi başladı. Bu müharibədə minlərlə müsəlman həyatını itirmiş, minlərlə müsəlman da didərgin düşmüşdü.

Müqəddəs xidmət başlayır

1915-ci ildə 4-cü Korpus Komandanlığı Prokurorluğuna təyin edilən Fəxrəddin Paşa bölgədəki erməni üsyanlarını yatırmaqla vəzifələndirilmişdi. 23 May 1916-cı ildə isə o, Mədinəyə göndərildi. Mədinəni ələ keçirmək istəyən ingilislərə qarşı bütün çətinliklərə baxmayaraq, bu müqəddəs şəhəri 2 il 7 ay müdafiə etmişdir. Müdafiə zamanı şəhərin talan edilmə ehtimalı olduğuna görə, yüzə yaxın müqəddəs əmanəti İstanbula göndərərək Britaniya Muzeyinə aparılmasına mane olmuşdu.

Fəxrəddin paşa və əsgərlərinin yazdığı bu dastan 1916-cı ilin iyulundan 1919-cu ilin yanvarına qədər davam etmiş, Peyğəmbərimizin qəbrini düşmənə verməmək üçün üsyançılara qarşı mübarizə aparılmışdır. Üsyançıların basqınları, pusquları, Hicaz dəmir yolunun bombalanması kimi bir çox hadisənin baş verdiyi bu mübarizə zamanı əsas problem aclıq və susuzluq olmuşdur. Lavrens və adamları tərəfindən su ehtiyatlarının zəhərlənməsi, Mədinəyə gələn qatarlardakı gecikmələr ərzaq qıtlığı yaradırdı. Bu səbəblə də əhalinin bir hissəsi şəhəri tərk etmək məcburiyyətində qalmışdı. Peyğəmbərin qəbrini düşmənə verməməkdə qərarlı olan Osmanlı əsgərləri isə imkansızlıqdan xurma şorbası içir, xurma tumlarını üyüdərək əldə etdikləri undan çörək bişirirdilər.    

Qovurma əvəzinə çəyirtkə

Şəhərə ərzaq gəlmirdi. Bundan əlavə, üsyançılar Mədinə qalasını mühasirəyə almışdı. Müqavimətin ən çətin günləri başlamışdı. Mədinədə aclıq hökm sürürdü. Bu vaxt bir hadisə baş verdi. Şəhəri çəyirtkə sürüsü bürüdü. Hər kəs bunu qorxu ilə qarşılayarkən Fəxrəddin Paşa əsgərlərini toplayaraq, Peyğəmbərimizin dövründə də Hicazda belə bir hadisənin yaşandığını bildirdi. Əsgərlərinə Hz. Peyğəmbərin: “İki ölünün və iki qanlının yeyilməsi bizə halal buyuruldu” hədisini xatırladaraq: “İki ölü - balıq və çəyirtkə, iki qanlı - dalaq və qaraciyərdir”, - deyən Fəxrəddin paşa, əsgərlərini buna təşviq etmək üçün belə bir bəyanat da yaydı: “Çəyirtkənin sərçədən nə fərqi var? O da sərçə kimi uçur, yaşıllıqlarla qidalanır”.

Fəxrəddin paşa “təslim ol” əmrini dinləmir!

Fəxrəddin Paşa hökumətin “müqavimətə son qoymaq və təslim olmaq” istiqamətindəki əmrlərinə məhəl qoymurdu. “Mədinənin açarlarını bir ingilis kapitana təslim et” əmrinə: “Belə bir şey etməkdənsə, döyüşərək şəhid olmaq daha yaxşıdır”, - deyərək cavab verdi. O, Mədinəni təslim etmək üçün yalnız hərbi nazirin və hökumətin əmrinin kifayət etmədiyini bildirir, “mütləq padşahın əmri olmalıdır”, - deyərək müqavimətə davam edirdi.       Başda ingilislər olmaqla bəzi dövlətlər Mudros müqaviləsini bəhanə edərək Osmanlı torpaqlarını işğal etmişdilər. İstanbul da ingilislər tərəfindən işğal olunmuşdu. Çətin vəziyyətdə qalan Osmanlı padşahı, ingilislərin təzyiqi ilə Mədinənin Osmanlı tərəfindən boşaldılmasını nəzərdə tutan əmri imzalayaraq Fəxrəddin paşaya göndərdi. Ancaq bu səfər paşa: “Padşah təzyiq altında qaldığı üçün belə bir əmri imzalayıb”, - deyərək bu əmri də yerinə yetirmədi.

Vəziyyət dözülməz həddə çatmışdı. Mədinənin Osmanlı dövləti ilə əlaqəsi tamamilə kəsilmiş, əsgərlərin sursatı və ərzağı tükənmişdi. Bununla yanaşı, bir çox Osmanlı torpaqları da işğal edilmişdi. Nəhayət, onu “əgər Mədinə təslim edilməsə, İstanbul işğal altında yağmalanacaq” deyərək çətinliklə razı saldılar. Ancaq Fəxrəddin paşanın Mədinədən ayrılma şəkli də üzərində dayanılması mühüm olan ibrətamiz bir məqamdır: İslam cəmiyyəti üçün son dərəcə böyük əhəmiyyətə malik olan Mədinəni ingilislərə təslim etməmək üçün hər cür çətinliyə dözən Fəxrəddin paşa göz yaşları içində son dəfə Peyğəmbərimizin qəbrini ziyarət edərək dua etmək üçün rövzeyi-mutahharaya gedir. Qılıncını ingilislərə verməmək üçün Peyğəmbərimizin qəbrinin baş ucuna qoyur və oradan ayrılmağı rədd edir. “Bayrağımı endirtmərəm, Peyğəmbərimizi tərk etmərəm”, - deyə hayqıran və ingilislərə təslim olmayan “səhra aslanı” Fəxrəddin paşa, nəhayət, öz zabitləri tərəfindən Hz. Peyğəmbərin qəbrindən güclə çıxarılır və 1919-cu il yanvarın 7-də Mədinəni təslim etmək məcburiyyətində qalır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz