Dünyadan

Dünyadan

İlk dəfə müsəlman aktyor Oskar mükafatı aldı

Oskar mükafatlarının təqdim etmə mərasimi keçirildi və ilk dəfə bir müsəlman aktyor Oskar alıb. Maherşala Əli "Moonlight" (Ay işığı) filmində canlandırdığı roluna görə ali kino mükafatına layiq görülüb. Maharşala Əli ikinci planda ən yaxşı kişi aktyor nominasiyasında mükafatlandırılıb.

Bütöv adı Maherşalalhaşbaz Əli olan aktyor 1974-cü ildə Kaliforniya ştatının Oklend şəhərində dünyaya gəlib. İslamı sonradan qəbul edən Maherşala Əli dinini dəyişdirdiyi üçün anası ilə problemlər yaşayıb.

Zəvvarlara şad xəbər

Səudiyyə Ərəbistanı ümrəyə getmək istəyən zəvvarların işini asanlaşdıracaq qərar qəbul edib. Bundan sonra müqəddəs bölgəyə getmək istəyən zəvvarlar viza üçün internet vasitəsilə on-line müraciət edə biləcəklər. Müraciətlərin cavabı da internetdən on-line veriləcək.

Səud hökumətinin bu qərarı indilik Türkiyə, Banqladeş, Malaziya, İngiltərə və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün qüvvədədir.

Bundan əvvəl ümrəyə getmək istəyənlər Səudiyyə Ərəbistanı konsulluqlarına şəxsən müraciət etməli idilər. Bu zaman hər hansı bir sənəd əskik olacağı təqdirdə həmin sənədi gətirərək yenidən müraciət etmək məcburiyyəti vardı. 

İslam dünyada ən sürətlə böyüyən dindir

Demoqrafik meyllər bu qaydada davam edərsə 2070-ci ildə İslam üzv sayı baxımından dünyanın ən böyük dini ola bilər. Bu barədə "Pew" araşdırma şirkətinin yaydığı məlumatda bildirilir.

Məlumatda, hazırda dünyada müsəlman sayının 1.6 milyard, xristian sayının isə 2.17 milyard olduğu qeyd edilib.

Şirkətin proqnozlarına görə bu rəqəm 2050-ci ildə müvafiq olaraq 2.92 milyard və 2.76 milyard olacaq. 2070-ci ildə isə hər iki dinin mənsublarının sayı bərabərləşəcək və bundan sonra müsəlmanların daha çox olacaqları gözlənilir.

 

“Dağlıq Qarabağ münaqişəsi bütün İslam dünyasının problemidir”

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə çağırıb.

"Xocalı soyqırımı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticəsidir", - baş katib deyib.

Baş katib İƏT ölkələrini, Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoyması üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

İƏT-in Azərbaycandakı daimi nümayəndəsi Rasim Rzayev deyib ki, Dağlıq Qarabağ münaqişəsi tək Azərbaycanın problemi deyil, bu, bütün İslam dünyasının problemidir.

"Bu, insanlığa qarşı cinayəti planlaşdıranlar və törədənlər hələ də qanun qarşısında cavab verməyib", - Rzayev deyib.

 

Hacı Lenin müraciət etdi, “Karl Marks” Quran kursu açıldı

Hacı Leninin tələbi ilə “Karl Marks” Quran kursu fəaliyyətə başlayıb. İlk baxışda zarafat kimi görünən bu hadisə Qırğızıstanda baş verib.

Bu barədə, ötən ay Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən II İpəkyolu Mədəniyyətlərarası Simpoziumunda iştirak edən Türkiyənin tanınmış jurnalisti Yusuf Kaplan öz məqaləsində yazıb:

“Bir neçə il əvvəl Bişkekə 80 km məsafədə yerləşən Karl Marks adlı kənddən Hacı Lenin adlı bir nəfər kəndlərində Quran kursu açılması üçün İHH-ya (İnsan Haqq və Hürriyyətləri dərnəyi) müraciət edib. İHH əməkdaşları isə, kimsə bizi ələ salır düşüncəsi ilə bu müraciəti ciddi qəbul etməyiblər. Amma mövzu araşdırıldığı zaman bunun ciddi bir tələb olduğu məlum olub. Nəhayət, Hacı Leninin rəhbərliyi ilə Bişkekdə “Karl Marks” Quran kursu açılıb. İndi burada qırğız uşaqları Quran öyrənir və hafizlik edirlər”. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz