HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Həzrət Mövlana q.s -3-

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Həzrət Mövlana q.s -3-

Mövlana həzrətləri buyurur:
“Qatı daş olsan, hətta mərmərə dönsən, bir könül sahibinə qovuşduğun an inciyə çevrilərsən”.
“Simya” elmi dəyərsiz maddələrdən qiymətli cövhərlər emal etməyi hədəflədiyi kimi peyğəmbərlər və onların varisi sayılan təqva sahibi alim və arif şəxsiyyətlər də -təbiri caizsə- könül simyasına vaqifdirlər. Üzünü məhəbbət və təslimiyyətlə onların könül dərgahına sürtən neçə-neçə xam ruhlar mənəvi tərbiyə və irşad bərəkəti ilə insani-kamilə çevrilmişdir.  
Bunun da ən bariz misalı əsri-səadətdir. Cahiliyyə dövrünün insanlıqdan uzaq qalan yarımvəhşi toplumu Rəsulullah r-in nəbəvi tərbiyəsi ilə ali şəxsiyyətlərə çevrilmişdir. 
Kol-kos basmış yararsız torpaq parçası mahir bir bağbanın zəhməti nəticəsində bir müddət sonra ruhlara fərəh verən gülüstana çevrildiyi kimi Həzrət Peyğəmbərin təşrifi ilə qan gölməçəsinə çevrilən səhralar da hüzur və səadət vahəsinə döndü. Onun gül üzünün təbəssümü neçə-neçə quraq könülləri yaşıllığa qərq etdi, rəhmət çiçəkləri ilə bəzədi. Şirk və küfr qaranlığında kömürləşən qəlblər Onun təbliğ və irşadı bərəkəti ilə cilalanmış brilyanta çevrildi. Fəzilət səmasında qiyamətədək bərq vuraraq bəşəriyyətə yol göstərən ulduz simalar yetişdirdi.
Cəhalət və zülmləri səbəbi ilə insanlıqda sanki Hind okeanının dibinə düşmüş bir cəmiyyət Allah Rəsulunun qəlb aləmindən pay götürərək mərhəmət, səxavət, fədakarlıq və Xaliqin şəfqət nəzəri ilə məxluqata baxışda Everest dağının zirvəsinə yüksəldi. 
Qız övladını anasının qəlbindən qoparıb diri-diri basdırmağa aparan vəhşi və mərhəmətsiz insan əridi, yerinə gözü yaşlı, həssas, qayğıkeş, fədakar, zərif ruhlu və həssas qəlbli şəfqət mələyi gəldi.
İslamdan əvvəlki qatıqəlbli Ömər İslamdan sonra zərif qəlbli Həzrət Ömər t oldu. “Fəratın sahilində bir quzu tələf olsa, buna görə Allahın məni hesaba çəkəcəyindən qorxuram” deyəcək qədər ülvi məsuliyyət duyğusuna və qayğıkeşlik üfüqünə sahib oldu. 
Hidayətə gəlmədən əvvəl qaniçən, canavar ruhlu Həbəşli Vəhşi hidayətlə şərəflənib Həzrət Peyğəmbərin təbliğ və irşadına təslim olduqdan sonra yuxa qəlbli, dərin düşüncəli səhabəyə çevrildi.
Onlar kimi neçə-neçə insanlıqdan uzaq olanlar hidayətə gəlmədən əvvəl saysız-hesabsız qeyri-əxlaqi vəsfin pəncəsində mənən ölmüş halda idilər. Lakin onlar da eyni hidayət mənbəyindən qaynayan dirilik suyundan içərək həyat tapdılar. Könüllər yorğun sinələrin hüzur və təsəlli tapdığı rəhmət dərgahına çevrildi. Qəlblər dul, yetim və kimsəsizlər üçün şəfqət və mərhəmət sığınacağı oldu. 
Qəlblərdə meydana gələn bu möhtəşəm dəyişiklik və inkişaf səbəbi ilə İslam fiqhinin ən mühüm simalarından olan Qərafi bu fikrə gəlmişdir:
“Rəsulullah r-in heç bir möcüzəsi olmasaydı (yetişdirdiyi) əshabi-kiram Onun peyğəmbərliyini isbat üçün kifayət edərdi”.
Necə ki, Allah-Təala da əshabi-kiramı bizə “nümunəvi nəsil” kimi təqdim edir. Ayeyi-kərimədə belə buyurulur:
“Allah (İslam dininə girməkdə) öncülük edən ilk mühacirlər və ənsarla onlara gözəlliklə tabe olanlardan razı qalmış, onlar da Allahdan razı qalmışdır…” (ət-Tövbə, 100) 
Biz Həzrət Peyğəmbərin 1400 il sonra yer üzünə gələn ümmətiyik. Artıq bu gün “səhabə” olmaq imkanımız yoxdur. Lakin ayədə zikr olunan “Mühacir və ənsara gözəlliklə tabe olan ehsan sahibləri”ndən olmaq imkanı qiyamətədək bütün Muhamməd ümməti üçün keçərlidir. 
 
Əgər biz də mühacirlər kimi batildən haqqa, şərdən xeyrə, günahdan savaba, fərdiyyətçilikdən qayğıkeşliyə, eqoizmdən fədakarlığa hicrət edə bilsək;
Ənsar kimi Allahın dininə xidmət naminə bütün gücümüzü səfərbər edib bütün imkanlarımızı məzlum din qardaşlarımızla bölüşə bilsək;
Məhz o zaman əshabi-kiramın izindən gedən və onların açdığı cığırla irəliləyərək o gözəl yolun davamçıları, ehsan sahibi möminlərdən olarıq.  
Unutmayaq ki, əshabi-kiram Həzrət Peyğəmbərin tədris məclisində diz çökmüş tələbələri olduğu kimi biz də əshaba xitab edən eyni ayeyi-kərimə və hədisi-şəriflərə 14 əsr sonra müxatəb olan, Allah Rəsulunun axırzamandakı ümməti və tələbələriyik. 
Aradan nə qədər uzun zaman keçsə də Həzrət Peyğəmbərə yaxınlıq -eynilə Allah qatındakı üstünlük xüsusunda olduğu kimi- sadəcə “təqva” sirrinə bağlıdır.
Necə ki, Rəsuli-Əkrəm r bu gerçəyi bəyan edərək:
“İnsanlar arasında mənə ən yaxın olanlar kim və harada olmalarından asılı olmayaraq Allaha qarşı təqva sahibi olan müttəqilərdir”, - buyurur. (Əhməd, V, 235; Heysəmi, IX, 22)
Başqa bir hədisi-şərifdə isə özünə yaxınlıq ölçüsünü belə dilə gətirir:
“Şübhəsiz ki, mənim əsl dostlarım müttəqilərdir”. (Əbu Davud, Fitən, 1/4242)
Əshabi-kiram Allah və Rəsuluna yaxınlıq şərəfinə məzhər ola bilmək üçün ilahi və nəbəvi təlimatları idrak edib həyatlarına tətbiq etdiyi kimi, eyni təlimatların bugünkü müxatəbləri olan biz də onlar qədər səy göstərməliyik. Çünki hər birimiz bununla mükəlləfik.
Əshabi-kiram fəzilətlər mədəniyyəti inşa etdiyi kimi, bu gün biz də özümüzü onlarla müqayisə etməli və dini sahədə cəhdlərimizi artırmalıyıq. Çünki hər mədəniyyət öz insan tipini yetişdirir. Biz də əsri-səadətdə təməlləri atılan və 14 əsr davam edən fəzilətlər mədəniyyətinin bugünkü təmsilçiləri sayılırıq. Bu mədəniyyəti yaşayıb yaşatmaq və bütün ehtişamı ilə gələcək nəsillərə ötürmək məcburiyyətindəyik.
Rəsulullah r belə buyurur:
“Ümmətim yağışa bənzəyir. Əvvəlinin, yoxsa sonunun xeyirli olduğu məchuldur”. (Tirmizi, Ədəb, 81)
Elə isə düşünək görək:
ü Biz bu bərəkətli yağışın bir rəhmət damlası olmaq üçün bu gün nə qədər səy göstəririk?
ü Aləmlərə rəhmət olaraq göndərilən Rəhmət Peyğəmbərinə nə qədər “xeyirli ümmət” ola bilirik?
ü Halımızla nə dərəcədə “rəhmət ümməti” mənzərəsi sərgiləyirik?
ü Rəsulullah r -in “onlar üçün darıxdım” buyurduğu axırzamandakı qardaşlarından ola bilmək idealına yaraşan istiqamətimiz varmı?
ü Həyat səfərimizdə Allah Rəsulunun və əshabi-kiramın mübarək izlərini nə qədər təqib edə bilirik? Yoxsa dünyəvi və nəfsani arzularımız bizi onların izindən ayırıb çıxılmaz dalanlara sürükləyir?
ü Allah Rəsulu və əshabından nümunə götürüb özümüzü onlarla müqayisə etmək yerinə halımızı cəmiyyətdəki qafillərlə müqayisə edib boş təsəllilərlə təskinlik tapırıqmı?
ü Əshabi-kiram öz övladını necə böyüdürdü? Onlar tabeun nəslini necə yetişdirmişdilər? Bəs biz övladlarımızın mənəvi tərbiyəsi ilə nə qədər maraqlanırıq? Onları televizorun, internetin, media vasitələrinin, pis yoldaşların mənfi təsirlərindən nə qədər qoruya bilirik?
Bir gerçəyi əsla unutmamalıyıq ki, ilahi imtahanların əsası etibarı ilə Həzrət Peyğəmbərin göndərildiyi zamanın cəhaləti ilə bugünkü cəhalət arasında heç bir fərq yoxdur. O dövrdə güclülər zəifləri acımasızca əzdiyi kimi, haqsızlıq edən güclülər daima haqlı sayıldığı və bu kimi saysız cinayətlər vüsət tapdığı kimi təəssüf ki, bugünkü dünyamızda da eyni cinayətlər müşahidə olunur.
O dövrdə məsum qız uşaqları ailənin şərəfini ləkələməsin, namusuna xələl gətirməsin deyə, yaxud ruzi təlaşı ilə analarının ürəklərindən qoparılaraq diri-diri torpağa gömülürdü. Bugünün müasir cəhalət insanı isə hələ gün üzü görməmiş körpələri ana bətnində abort qəssablarına parçaladaraq eyni cinayətin daha betərini işləyir.
Allah-Təala axirətdəki məhkəmeyi-kübradan bir mənzərəni ayeyi-kərimədə belə xəbər verir:
“Diri-diri torpağa gömülən qızdan hansı günahı səbəbi ilə öldürüldüyü soruşulanda!” (ət-Təkvir, 8-9) 
Zəmanəmizin abort qəssablarını da bu ilahi təhdid qarşısında çox çətin bir hesab və dəhşətli əzab gözləyir. 
Heç bir tutarlı səbəbi olmadan, sırf nəfsani bəhanələrlə balasından imtina edib onu abort qəssabına təslim edən, vicdan və insanlıqdan məhrumlara bu sualı vermək lazımdır:
Allahın verdiyi canı almağa nə haqqın var?! Sən qeybi bilirsənmi? Gələcəkdə nə olacağından xəbərin varmı?! Canına qıydığın o körpə, bəlkə, sabah sənin üçün sığınacaq və ya dayaq olacaq?! Kimsəsiz və baxıma möhtac qaldığın zaman sənə sahib çıxacaq, səni qoruyub himayəsinə alacaq?!..
Xülasə, hansı əsrdə olursa-olsun, ilahi ölçülərlə tərbiyə olunmayan bir insan ayeyi-kərimədəki ifadəsi ilə “zalum və cəhul”, yəni çox zalım və çox cahildir. Allah və Rəsulundan uzaq yaşanan hər əsr əslində cəhalət əsridir. İlahi və nəbəvi bəyanlarla islah olunmayan bütün əsrlərin vəhşəti bir-birindən fərqlənmir…
Çünki zamanın, məkanın, həyat şərtlərinin və qəliblərin dəyişməsi insan təbiətini dəyişmir. Bu gün həzz və hız (sürət) mərkəzli ömür sürən müasir cahiliyyə insanı ilə 14 əsr əvvəl yaşamış bədəvi cahiliyyə insanı arasında qarderob və görünüş fərqindən başqa nə var?
Bütün bu həqiqətlər çərçivəsində deyə bilərik ki;
Həzrət Peyğəmbər r keçmişdə azğın cahiliyyə toplumunun islahına vəsilə olduğu, onu əsri-səadətə çevirdiyi kimi bu gün də insanlığı hüzura qovuşdurub xilas edəcək olan Onun rəhmət nəfəsidir. 
Bəşəriyyət dünən və bu gün Ona nə qədər möhtac idisə, bu ehtiyac qiyamətə qədər də davam edəcək. Çünki Onun həyat bəxş edən düsturları sadəcə öz əsrinə deyil, qiyamətə qədər gələcək bütün əsrlərə və nəsillərə yazılmış yeganə səadət reseptidir. 
Zira keçmişin, içində olduğu zamanın və gələcəyin birləşdiyi Merac gecəsində cənnət və cəhənnəm Ona göstərilmiş, Rəsulullah r qiyamətədək ümmətinin başına gələcək hər hal və imtahanı görmüş, onların bir çoxunu da “fitən hədisləri”ndə sanki səhnələşdirərək xəbər vermişdir. 
Bütün bunlara baxmayaraq bu gün “tarixsəlçi” adlanan sapıq bir firqə İki Cahan Sərvəri Peyğəmbərimizin təlimatlarını sadəcə yeddinci əsrin dar hüdudları arasına həbs etmək axmaqlığına düşür. Bir çox əhkam ayəsinin -haşa- zamanının keçdiyini, zəmanə şərtlərinə cavab vermədiyini iddia etməkdədir. Bu nöqteyi-nəzərdən, məsələn, Quranın miras hüququnu dəyişməyə çalışırlar. Bununla da bəzi ilahi hökmləri sanki tədavüldən qaldırmağa can atırlar. 
Başqa bir sapıq qaragüruh isə “Bu gün Rəsulullah gəlsə, əlini, ayağını öpərik, lakin zaman bizim zamanımızdır, əsla öz metodlarımızdan dönmərik”, - deyərək Allah Rəsulunu r -haşa- təqaüdə ayırmaqdadır.
Şübhəsiz ki, hökmü qiyamətə qədər qüvvədən düşməyən İslam bu kimi din təhrifçilərinin hərzələrindən münəzzəhdir. Allah qatında yeganə haqq və mükəmməl din İslamdır. 
Bu kimi sapıqlar isə dində fitnə çıxararaq onsuz da pərən-pərən düşmüş ümmətin könül dünyasını və etiqadını da bulandırmağa çabalayan fəsad əhlidir. Müsəlmanlar olaraq özümüzü və nəsillərimizi bu kimi fitnələrdən qorumaq xüsusunda hədsiz dərəcə diqqətli və bəsirətli  olmalıyıq.
Necə ki, Rəsulullah r çox sevdiyi səhabələrindən olan Abdullah bin Ömər t -a və onun timsalında qiyamətədək gələcək bütün ümmətinə bu xəbərdarlığı etmişdir:
“Ey İbn Ömər, dinindən möhkəm yapış, dinindən möhkəm yapış! Çünki o həm ətin, həm də qanındır. Dinini kimdən öyrəndiyinə hədsiz dərəcədə diqqət et! Dini elmləri və hökmləri istiqamət sahibi olan alimlərdən öyrən, istiqamətdən ayrılanlardan olma!”. (Xatib əl-Bağdadi, əl-Kifayə fi İlmi’r-Rivayə, s. 121)
Mövlana həzrətləri buyurur:
“Bu can bu bədəndə olduqca Həzrət Qurana qul-köləyəm; Muhamməd Muxtar r–in mübarək yolunun torpağıyam. Hər kim sözlərimdən (bunun əksinə) başqa bir söz nəql edərsə, o adamdan da bezaram, o sözdən də…”
Mövlana həzrətləri bu sözü ilə Allahın kəlamına olan mütləq bağlılığını və Rəsulullah r -ə qarşı olan dərin məhəbbət və itaətini ifadə edir. 
Həzrət Peyğəmbərin yolunun tozu-torpağı olmaq və o yola baş qoymağın mənası ömür boyu Allah Rəsuluna eşqlə bağlı qalmaq və hər xüsusda Onun sünnəsinə tabe olmaq deməkdir. 
Yəni bütün Haqq dostları kimi Mövlana həzrətlərinin də feyz mənbəyi, şübhəsiz ki, Quran və Sünnədir. Üstəlik o, Quran və Sünnəyə bağlılığını eşq və vəcd içində yaşayan məna sultanıdır. Çünki Haqq dostları Həzrət Peyğəmbərin yolunun toz-torpağı olanların Allah qatında həqiqi sultanlar olduğunu dərk etmiş böyük şəxsiyyətlərdir. 
Lakin bir çox həqiqət yolçusu kimi Həzrət Mövlana da özünü və sözlərini yanlış anlayan və ya təhrif edərək nəql edən qafillərdən bezar olmuş və bu ifadələri bəyan edərək sanki “mənəvi mənsubiyyət”ini ortaya qoymuşdur.  
Necə ki, bu gün də Həzrət Mövlananın Quran və Sünnə istiqamətində yaşayan bir mömin olduğunun əksini iddia edərək onu başqa inanc və fəlsəfələrin səfində göstərmək niyyətində olan qafillər yox deyil. 
Təəssüf ki, bu gün də bəziləri tərəfindən qəsdən və ya qafilanə şəkildə mənəvi köklərindən qoparılmış, feyz və ruhaniyyətdən sıyrılmış, daha çox nəfs çərçivəsinə salınmış yanlış bir Mövlana və Mövləvilik anlayışı zehinlərə və könüllərə təlqin edilməkdədir. 
Belələri Həzrət Mövlananı, Mövləviliyi, hətta ümumiyyətlə təsəvvüfü Quran və Sünnənin könül vəcdi və təqva həssaslığı ilə yaşamağa deyil, özlərinin görmək istədiyi kimi yaşatmağa çalışırlar. Bununla da öz dünya görüşlərini əsaslandırmaq üçün bu ali dəyərləri istismar edirlər. 
Məsələn, Məsnəvidə insani-kamili təmsil edən “ney” belələrinin nəzərində orkestr alətindən başqa bir şey deyil. Həmçinin Mövləviliyin dərin təfəkkür üfüqündə mühüm yerə malik, əslində zikr məclisi olan “səma”nı da rəqs və folklor ayininə çevirməyə çalışırlar.
Halbuki Həzrət Mövlana insanlığa Quranın ülvi istiqamətini göstərən mənəviyyat və hidayət rəhbəridir. Onun qiyamətə qədər bəşəriyyəti çağırdığı dəyərlərin əsası imanın könüllərdə ləzzət halına gəlməsi, qəlblərin Quranın incəliklərindən və Rəsulullah r-in mənəvi dünyasından pay götürə bilməsidir. 
Mövlana həzrətləri buyurur:
“Əshabi-Kəhfin köpəyi murdarlıqdan xilas olub padşahlar süfrəsinin başında oturdu. 
Çünki sədaqətlə Əshabi-Kəhfin keşiyini çəkdi. Ona görə də mağaranın ağzında ilahi rəhmət suyunu ariflər kimi içdi”. 
Könül əhli olan alim və arif şəxsiyyətlər qəlblərindəki eşq, vəcd və məhəbbətlərini söhbətlərinə əks etdirərlər. Bu səbəblə saleh insanlarla ünsiyyət qurub onlarla həmhal olanlar zaman keçdikdə eyniləşərək salehlər zümrəsinə daxil olarlar.
Qurani-Kərimdə bəhs olunan Əshabi-Kəhf qissəsi bu xüsusda diqqət çəkən bir misaldır. Qitmir adi bir köpək olduğu halda saleh və sadiq möminlərin keşiyini çəkdiyi üçün onların gözəl hallarından feyzyab olmuşdur. Sadiqlərlə birlikdə onun da cənnətə girəcəyi bildirilmişdir.
Əgər bir köpək Allahın saleh və sadiq qullarından ayrılmayıb onlara sədaqətlə keşik çəkdiyi üçün bu ali dərəcəyə nail olursa, həqiqi möminin Allah dostlarına məhəbbət və səmimiyyətlə bağlanaraq hansı mərtəbəyə yüksələcəyini təsəvvür etmək lazımdır. 
Allah-Təala ayeyi-kərimədə belə buyurur:
“Ey iman gətirənlər! Allahdan qorxun və sadiqlərlə bərabər olun” (ət-Tövbə, 119) 
Bunun müqabilində fasiq və zalımlarla bərabərliyin mənfi təsirlərindən qorunmaq üçün bizə belə xəbərdarlıq edir:
“Ayələrimiz haqqında artıq-əskik danışanları gördükdə başqa söhbətə keçənə qədər onlardan uzaq dur. Əgər şeytan sənə unutdurarsa, xatırladıqdan sonra artıq o zalımlarla oturma!”. (əl-Ənam, 68)
“…Allahın ayələrinin inkar edildiyini, yaxud məsxərəyə qoyulduğunu eşitdiyiniz zaman onlar başqa mövzuya keçənə qədər kafirlərlə oturmayın! Əks halda siz də onlardan olarsınız. Əlbəttə, Allah münafiqləri və kafirləri cəhənnəmdə bir yerə toplayacaq”. (ən-Nisa, 140)
Xülasə, Allahın saleh və sadiq qulları ilə söhbət, dostluq və birlikdə olmaq könüllərə müsbət təsir edər. Fasiq, kafir və münafiqlərdən isə mənfi təsir sirayət edər. 
Bu səbəblə Rəsulullah r: də belə buyurmuşdur:
“İnsan dostunun dini üzrədir. Elə isə hər biriniz kiminlə dostluq etdiyinə diqqət etsin!” (Tirmizi, Zöhd, 45)
Ona görə də mömin kimin yanında və tərəfində yer aldığını, kiminlə dostluq etdiyini iman nöqteyi-nəzərindən götür-qoy etməlidir. 
Xülasə, biz də Həzrət Peyğəmbərin  və Onun varisləri olan saleh zatların irşadlarına könül versək, onlarla hal, fikir və feli bərabərlik üzrə yaşasaq, inşallah, “İnsan sevdiyi ilə bərabərdir” hədisi-şərifinin sirrinə məzhər olar, axirətdə salehlər zümrəsinə ilhaq edilənlərdən olarıq.
Allah-Təala ayaqlarımızı sirati-müstəqim üzərində sabit qılsın. Hər birimizə haqqı haqq görüb ona tabe olmağı, batili də batil bilib ondan uzaqlaşmağı qismət etsin. Bizi sevdiklərinin yolundan və izindən ayırmasın. Axirətdə də sevdikləri ilə birlikdə həşr etsin. 
Amin!..
PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz